Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1234/2023 05.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı QSC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 1248 manat əsas, 0 manat cərimə borcu, dövlət rüsumu olaraq ödənilmiş 32,48 manat məbləğdə vəsaitin və 0,40 manat xidmət haqqının Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 işə iddia icraat qaydasında baxılması barədə etiraz ərizəsi verərək bu barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40019347 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1268 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı olan 1268 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil-təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 96 miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Bundan başqa tərəflər arasında bağlanmış 40019347-z saylı xx.xx.2022 tarixli zaminlik müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən tələbkarın zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin,hesablanmış cərimələrin və satıcının çəkmiş olduğu hər hansı digər xərc və zərərlərin ödənilməsini zamindən tələb etmək hüququ vardır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki,cavabdehlərinin bu günə 1248 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə hər hansı üzrlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən alıcıya təhvil-təslim aktında göstərilən mal satılmalı, alıcı isə həmin malı qəbul etməli və müqavilə üzrə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəməlidir. Müqaviləyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, alqısatqı müqaviləsində nisyə olaraq satılması nəzərdə tutulmuş məişət avadanlığı “Vestel VTKC18W” markalı kondisionerdir. Satıcı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin satıcı qarşısında alıcı Cavabdeh1 öhdəlikləri üzrə onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Faktor İddiaçı QSC ilə müştəri "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi və həmin faktorin müqaviləsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 qarşı olan 1268 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında xx.xx.2022 ci il tarixində 40019347 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (kondisioner “Vestel VTKC18W”) imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40019347 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2022-ci il tarixli 40019347 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC sistemində borc 0 manat təşkil edir. "xxxx" QSC-də xx.xx.2022ci il tarixli 40019347 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 1248 manat artıq borc məbləği "xxxx" MMC-nin öhdəliyidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyəti, mülkiyyət hüququ və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsasları və həyata keçirilməsi qaydası mülki qanunvericiliklə müəyyənləşdirilir. Həmçinin müqavilə və digər öhdəlik münasibətlərinin, habelə sair əmlak münasibətlərinin və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi mülki qanunvericiliklə həyata keçirilir. Mülki qanunvericilik bu vəzifələri həyata keçirərkən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsini əsas prinsiplər kimi müəyyən edir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 2.2 və 6-cı maddələri). Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddələri). Mülki Məcəllənin 567-ci maddəsində təsbit edilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (Mülki Məcəllənin 568.1 və 568.2-ci maddələri). Mülki Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə alqı-satqı müqaviləsi üzrə diqqətə çatdırır ki, hazırda tərəflər arasında olan alqı-satqı müqaviləsi müqavilələrin əşyanın mülkiyyətə və digər əşya hüququna verilməsinə yönələn müqavilə qrupuna aiddir. Alqı-satqı müqaviləsi təbiətinə görə tərəflər arasında hüquq və vəzifələrin bölünməsi baxımından ikitərəfli olması ilə xarakterizə olunur. Yəni müqavilənin hər iki tərəfi üçün hüquq və vəzifələr əmələ gətirir. Tərəfin hər ikisi həm hüquqlara malik olur, həm də vəzifələr daşıyır. Belə ki, müqavilə nəticəsində hüquq əldə etmiş tərəf eyni zamanda digər tərəfə münasibətdə vəzifə daşıyır. Belə nəticə hasil olur ki, hər iki tərəf bir-birinə münasibətdə borclu və kreditor rolunda çıxış edirlər. Hazırda da "xxxx" MMC satıcı olaraq həm kreditor, həm borclu, alıcı Cavabdeh1 isə həm borclu, həm də kreditordur. Yəni "xxxx" MMC satıcı olaraq kreditor kimi alıcıdan satdığı əşyanın dəyərinin ödənilməsini tələb edir, satıcının müqavilə predmeti olan əşyanı ondan tələb etdiyi an isə borclu statusuna keçir. Alıcı isə əşyanın pulunu ödəmək vəzifəsi daşıyan zaman borclu, satılan əşyanın ona verilməsini satıcıdan tələb edən zaman isə kreditor statusuna malik olur. İşin halları alqı-satqı müqaviləsinin göstərilən xüsusiyyətləri baxımından təhlil edilən zaman aşkar edilir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında, satıcı tərəfindən alıcıya təhvil-təslim aktında göstərilən mal satılmalı, alıcı isə həmin malı qəbul etməli və müqavilə üzrə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəməlidir. Müqavilə üzrə satılmalı olan mal “Vestel VTKC18W” markalı kondisioner olmuşdur. Lakin sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (kondisioner “Vestel VTKC18W”) imtina etmiş və bu əsasa görəxx.xx.2022-ci il tarixli 40019347 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda həmin nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC sistemində alıcının borc 0 manat təşkil edir. "xxxx" QSC-də xx.xx.2022-ci il tarixli 40019347 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 1248 manat artıq borc məbləği "xxxx" MMC-nin öhdəliyi kimi göstərilir. Göstərilənlər iş materialları ilə tam təsdiqin tapır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, nə qədər ki, nisyə alqı-satqı müqaviləsinin predmeti olan məhsul alıcı olaraq Cavabdeh1 istifadəsinə verilməmişdir, bu zaman iddiaçının da faktor olaraq onun dəyərinin ödənilməsini tələb etməsi yolverilməzdir. Çünki müştəri olaraq "xxxx" MMC-nin borclu Cavabdeh1 qarşı hər hansı tələb hüququ yaranmır ki, faktor olaraq İddiaçı QSC-də həmin hüquqdan qaynaqlanaraq cavabdehlərdən pul məbləği tələb etsin. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 655-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Faktorinq müqaviləsi yazılı formada bağlanır (Mülki Məcəllənin 655.3 və 655.5-ci maddələri). Məhkəmə qeyd edir ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (MM 425.1) Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. (MM 430.1) Məhkəmə maddi hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, borclu Cavabdeh1 müştəri "xxxx" MMC tərəfindən nisyə-alqı satqı müqaviləsi əsasında müqavilənin ləğv edilməsinə görə hər hansı məhsul verilmədiyindən, bu zaman onun borcluya qarşı hər hansı tələb hüququ yaranmadığından faktor olaraq İddiaçı QSC-yə də bu tələb hüququ keçməmişdir. Ona görə də, hazırda yaranmış borc vəsaiti elə məhz faktor qarşısında müştərinin borcudur. Hansı ki, bunu müştəri "xxxx" MMC xx.xx.2023-cü il tarixli arayış ilə özü də təsdiq etmişdir. Ona görə də pulun hazırki iş üzrə borclu Cavabdeh1 tələb edilməsi əsassızdır. Digər Cavabdeh2 münasibətdə də məhkəmə iddianı əsassız hesab edir. Çünki onun öhdəliyi zaminliklə təmin edilmiş öhdəlikdir və zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Yəni əsas öhdəlik üzrə məsuliyyət yaranmadığı halda zaminlik üzrə kreditor qarşısında məsuliyyətin yaranmasından söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı QSC -yə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1234/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1234/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver