Məhkəmə qərarları › İş №2(062)-1241/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1241/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1241/2024 13.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-2052/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1904,12 ABŞ dolları əsas, 549,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 2453,17 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq kreditor "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə məhkəmə əmrinə dair etiraz verərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-2052/2016 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli bildirişindən göründüyü kimi Cəmiyyətin kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixli vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni kreditor olan BOKT "xxxx" MMC-yə keçmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 32 faiz istifadə haqqı ödənilməklə 24 ay müddətə 2350 ABŞ dolları məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmini üçün Cavabdeh2 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılmışdır. Borclu müqavilənin şərtlərinə əməl etməmiş və nəticədə onun kreditora 1904,12 ABŞ dolları əsas, 549,05 ABŞ dolları faiz borcu -cəmi 2453,17 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Borclu yaranmış borcu könüllü ödəmədiyi üçün məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor "xxxx" MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana illik 32 faiz istifadə haqqı ödənilməklə 24 ay müddətinə 2350 ABŞ dolları kredit verilməsi barədə tərəflər razılığa gəlmişlər. Kreditor "xxxx" MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh1 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kreditor BOKT "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1nın kredit müqaviləsi üzrə kreditora 1904,12 ABŞ dolları əsas, 549,05 ABŞ dolları faiz borcu -cəmi 2453,17 ABŞ dolları məbləğdə borcu vardır. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminlik müqaviləsi üzrə yaranan mübahisədir və Mülki Məcəllənin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi dayanır. Məhz iddiaçı təşkilat həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Nəticədə kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən kredit müqaviləsinin icrası barədə arayış təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə borcalanın kreditora 1904,12 ABŞ dolları əsas, 549,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 2453,17 ABŞ dolları məbləğdə borcu vardır. Faiz və cərimə borcu yoxdur. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Tələbin zaminə qarşı hissəsi ilə bağlı məhkəmə göstərir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470- 477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə zaminlikə bağlı mövqeyini daha da işıqlandıraraq göstərir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə göstərir ki, kreditor ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin borcalanın kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmçinin müqavilədə “subsidiar” məsuliyyət nəzərdə tutulmadığından borcun müştərək qaydada zamindən də tələb edilməsi əsaslıdır. Çünki subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (Mülki Məcəllənin 453-cü maddəsi). Odur ki, iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibəti xarici valyutada ifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara görə qətnamədə cavabdehlərdən tutulmalı olan məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1904,12 ABŞ dolları əsas, 549,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 2453,17 ABŞ dolları məbləğdə pul ödəniş anına manata məzənnəsi ilə alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pulun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar