Məhkəmə qərarları › İş №2(062)-127/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-127/2023

02.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-127/2023 02.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən dəymiş ziyanın əvəzi kimi 4407 manat pulun və 64 manat məbləğdə dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə tanışı X2 ilə bir məclisdən çıxmış, həmin zaman spirtli içki qəbul etdiyi üçün məcburiyyət qarşısında qalmış və öz xahişi ilə özünə məxsus “Mitsubishi Pajero” minik markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün tanışı X1 vermişdir. Avtomobilin 45-50 km/saat sürətlə hərəkətdə olan zaman hərəkətin əks istiqamətində “Niva” markalı minik avtomobilin gəlməsini görmüş və cavabdehin təqsiri ucbatından avtoqəza baş vermişdir. Hadisə zamanı ona məxsus “Mitsubishi Pajero” minik markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi zamanı 4.407 manat maddi ziyan dəymişdir. Buna sübut olaraq ziyanlıq aktı da tərtib olunmuşdur. Atomobillə bağlı cavabdehdən ziyanın ödənilməsini tələb etsə də ziyan hələ də ödənilməmişdir. Ona görə də məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, VAZ-2121 minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobilini xx.xx.2022-ci il tarixdə saat təxminən saat 22 radələrində Tovuz rayon Düz Cırdaxan kəndi ərazisindən üzü Tovuz şəhəri istiqamətində hərəkət etdirən zaman əks istiqamətdə, yəni, Tovuz şəhəri istiqamətindən, sonradan markasını bildiyi “Mitsubishi Pajero” minik markalı avtomobilin gəlməsini görmüşdür. Həmin avtomobilin qarşısında isə başqa maşın da hərəkətdə olmuşdur. Qabaqda olan avtomobilin işıqları gözünə düşmüş, həmin vaxtı tormozlama edib sürəti azaltsa da hadisənin qarşısını ala bilməmiş, nəticədə idarə etdiyi avtomobil “Mitsubishi Pajero” markalı avtomobilin sol yan və qabaq-hissəsi ilə toqquşmuşdur. Təqsiri qərarla müəyyən edilmişdir. Dəymiş ziyandan 1800 manat iddiaçıya ödəniş etmişdir. Geri qalan məbləği isə ödəməyə gücü çatmır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, dəymiş ziyandan ona cavabdeh tərəfindən 1800 manat ödəniş edilmişdir. Geri qalan məbləği isə cavabdeh ödəyəcəyini bildirsə də, lakin bundan yayınmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, eyni zamanda məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, həmçinin onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi olduğundan həmin maddənin tələbləri əsasında inzibati tənbehin görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/159 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” minik markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4460 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 3210 manat, təmir-bərpa işlərinin qiyməti 1250 manat. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi VAZ-2121 minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tovuz rayon Düz Cırdaxan kəndi ərazisindən üzü Tovuz şəhəri istiqamətində hərəkətdə olan zaman “X4” Azərbaycan Respublikası Qanunun" 36 və 69-cu maddələrinin tələblərini pozaraq Ağstafa şəhəri istiqamətində hərəkətdə olan “Mitsubishi Pajero” minik markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olmuş və həmin avtomobil ilə toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobilə 4407 manat məbləğdə ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə cinayət işinin başlanması rədd edilmiş, bununla yanaşı Cavabdeh əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi olduğundan həmin maddənin tələbləri əsasında inzibati tənbehin görülməsi qərara alınmışdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən dəymiş maddi ziyanın hansı məbləğdə olmasının müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, “Mitsubishi Pajero” minik markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4460 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 3210 manat, təmir-bərpa işlərinin qiyməti 1250 manat. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki ekspert nəticəyə gələrkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur. Göründüyü kimi ekspert gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və rəyi müfəssəl tərtib etmişdir. Ona görə də ekspert rəyi mötəbər sayılmalı və sübut kimi qəbul edilməlidir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini işin faktik halları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi qanunamüvafiq olar. Belə ki, iş materialları ilə cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Həmçinin onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avotmobilə dəymiş ziyan ekspert rəyi ilə təmir-bərpa xərci olaraq 4460 manat müəyyən edilmişdir. İddiaçı özü isə 4407 manat tələb edir və ona görə məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən işə iddia tələbi daxilində baxır. İddiaçı özü 1800 manat pulun cavabdeh tərəfindən ödənildiyini qeyd etdiyi üçün həmin məbləğ ümumi ziyandan çıxılmalıdır. Belə olan halda iddiaçıya verilməli olan maddi ziyanın məbləği 2607 (4407-1800=2607) manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 2607 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 64 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 46,07 manat hissəsinin əvəzinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 100 manat pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 2607 (iki min altı yüz yeddi) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 64 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 46,07 (qırx altı manat yeddi qəpik) manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 100 (bir yüz) manat pul Cavabdeh tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar