Məhkəmə qərarları › İş №2(062)-1270/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1270/2023

23.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1270/2023 23.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi İddiaçı1 və Cavabdehnun iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul » tələbinə dair mülki işə Tovuz şəhərində 23 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 2200 manat borcunun və 52 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh ilə yaxın qonşuluq münasibətləri vardır. Cavabdeh dəfələrlə ehtiyacı olan zaman ondan pul istəmiş, o da cavabdehə pul vermişdir. Hətta bir neçə il əvvəl cavabdehin evi yanmış, qonşularla yığılıb cavabdehə köməklik etmişdir. İddiaçı2 onun həyat yoldaşıdır, o cavabdehə pul verməsə də, o pul verən zaman şahid olmuşdur deyə, iddiaçı kimi çıxış etmişdir. Cavabdeh 2022-ci ilin avqust ayında qızının məktəbinə və müalicəsinə pul lazım olduğunu deyərək ondan 500 manat almışdır. Bir müddət sonra isə 12 sentyabr 2022-ci il tarixində evinin təmiri üçün pul lazım olduğunu deyərək, ondan 1700 manat istəmişdir. O, cavabdehə inanaraq 1700 manat da vermişdir. Aldığı pulları qısa müddət ərzində qaytaracağına söz vermişdir. Lakin uzun müddət vaxt keçməsinə baxmayaraq Cavabdeh ona borclu olduğu pulu qaytarmır. Bu barədə Polisə də müraciət etmişdir. Odur ki, Cavabdeh cəmi 2200 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 52 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclasına heç bir üzrlü səbəb göstərilmədən gəlməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə isə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı1 pul almamışdır. Əvvəllər, yəni 2013-cü ildə evi yanan zaman pul almış, onu da qaytarmışdır. İddia tam əsassızdır. Onunla Nəsrəddin arasında 2200 manat ilə bağlı heç bir borc müqaviləsi olmamışdır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdiki, iş üzrə tərəfləri tanıyır, qonşularıdır. Cavabdehin evi 2013-cü ildə yanmışdır, qonşular yığılıb ona yardım etmişlər. Sonradan bu yaxınlarda Nəsrəddin Aynurəyə pul verdiyini ona demişdir. Lakin nə onun yanında pul verməmiş, nə də pulun verildiyini görməmişdir. Məhkəmə İddiaçı1 və Cavabdeh izahatlarını, şahid X1 ifadəsini dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 Cavabdeh 2200 manat borc şəklində cavabdehə verdiyini iddia etmişdir. Lakin məhkəmə iclasında İddiaçı1 həmin pulun cavabdehə verilməsi barədə konkret sübut göstərməmişdir. Bundan başqa Cavabdeh izahatında İddiaçı1 borc pul almadığını göstərmişdir. İddiaçının təqdim etdiyi şahid isə iddiaçının cavabdehə pul verməsini görmədiyini bildirmişdir. Məhkəmə iclasında verdiyi izahatı ziddiyyətlidir və inandırıcı deyil, heç bir sübutla təsdiq olunmur. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə görə tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanılır. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı nə yazılı nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının cavabdehə borc verməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 2200 manat məbləğində borc və ödənilmiş 52 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar