Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1283/2023 26.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC -nin nümayəndəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək, bankın xeyrinə 1595,52 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komission haqqı borcu olmaqla cəmi 1595,52 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 35,96 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Həsənov Eldar İsaf oğlu aranısda bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə illik 35 faiz olmaqla 20000 manat məbləğində kredit xətti açılmış, tərəflər arasında bağlanmış eyni tarixli sazişə əsasən, sonuncuya xx.xx.2024-cü il tarixədək 29,5 faiz olmaqla 1600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həsənov Eldar İsaf oğlu xx.xx.2021ci il tarixdə vəfat etmişdir. Tovuz ASAN Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 2635 saylı cavab məktubundan görünür ki, Həsənov Eldar İsaf oğlundan qalmış mirasa vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Həsənov Eldar İsaf oğlunun müqavilə üzrə 1595,52 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum Həsənov Eldar İsaf oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" KB ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin həlli məhkəmədənkənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsində göstərilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (Mülki Prosessual Məcəllənin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələri). İddia tələbi üzrə mübahisənin hüquqi həllinə keçməmişdən qabaq məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş və cavabdehlər tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada iddia ərizəsinə qarşı etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normalarına istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Kreditor "xxxx" KB ASC ilə borcalan Həsənov Eldar İsaf oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35 faiz ödəmək şərti ilə 20000 manat məbləğində kredit xətti açılmışdır. Kreditor "xxxx" KB ASC ilə borcalan Həsənov Eldar İsaf oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli sazişdən görünür ki, kreditor tərəfindən borcalana istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixədək illik 29,5 faiz ödəmək şərti ilə 1600 manat məbləğində kredit verilmişdir. Kreditor "xxxx" KB ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh Həsənov Eldar İsaf oğlunun "xxxx" KB ASC-yə 1595,52 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komission haqqı borcu olmaqla cəmi 1595,52 manat borcu yaranmışdır. X1 Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2635 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Həsənov Eldar İsaf oğlundan miras qalmış əmlaka dair vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, borcalan Həsənov Eldar İsaf oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ondan qalmış miras əmlaka dair isə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bununla bağlı məhkəmə diqqətin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında yönəldilməsini zəruri hesab edir. Qərarda qeyd olunmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mirasın qəbulu üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındığından o, kreditor qarşısında məsuliyyət daşıyır. Borcun hansı məbləğdə olması barədə kreditor tərəfindən maliyyə arayışı təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, mərhum Həsənov Eldar İsaf oğlunun kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1595,52 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komission haqqı borcu olmaqla cəmi 1595,52 manat borcu yaranmışdır. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh Quliyeva Zeynab Məhəmməd qızından kredit müqaviləsi üzrə yaranmış 1595,52 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komission haqqı borcu olmaqla cəmi 1595,52 manat borc alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 284-6.1 və 284-6.2-ci maddələrində göstərilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 35,96 manat məbləğdə vəsaitin və 0,40 manat xidmət haqqının əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6.1, 284-6.2 və 357 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 1595,52 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komission haqqı borcu olmaqla cəmi 1595,52 (bir min beş yüz doxsan beş manat əlli iki qəpik) manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 35,96 manat məbləğdə vəsait və 0,40 manat xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1283/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1283/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver