Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-136/2023 16.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Şamil oğluna qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Şamil oğluna qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən mərhum əri X5 miras qalmış, “Torpağın mülkiyyətə verilməsinə dair” JN849A saylı şəhadətnamədə qeyd olunan 0,25 ha torpaq sahəsindən, həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evindən və **********87 reyestr nömrəsinə əsasən kənd təsərrüfatlı təyinatlı 0,45 ha pay torpaq sahəsindən onun qanunla düşən payınn müəyyən olunmasına dair qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il tarixdə mərhum X13 ilə rəsmi nikahlarını qeyd etdirməklə evlənmiş, birgə nikahlarından uşaqları doğulmamışdır. Ancaq mərhum Şamil Abbasəliyevin əvvəlki arvadından uşaqları olsa da ona baxan tək özü olmuş və birgə yaşamışlar. Mərhum əri X13 xx.xx.2017-ci ildə vəfat etmişdir. Ərinin vəfatından 5 gün qabaq onu döyüb evdən qovmuşlar, Sonra bilmişdir ki, cavabdeh ərindən gizli yol ilə vəsiyyətnamə alıb. Halbuki, 2004-cü ildə evi də, maşını da mərhum əri ona vəsiyyət etmişdir. Hazırda 64 yaşı vardır və bacısıgildə yaşayır.. Qalmağa yeri yoxdur, cehizi belə hal-hazırda oradadır. Hazırda digər vərəsələrlə arada olan narazılıq səbəbindən payların müəyyən olunması üzrə mübahisə yaranmışdır. Notariat Kontoruna müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum ərinin vəfatından sonra evə getməmə səbəbi onun ögey qızı tərəfindən döyülməsi olmuşdur. Hətta bu barədə müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilmiş və ögey qızı X17 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli ilə təqsirli bilinərək cərimə edilmişdir. Bunu etməkdə məqsəd onun mirasdan məhrum edilməsi olmuşdur. Halbuki, mərhum Şamil Abbasəliyevə yalnız onun tərəfindən baxılmış, mübahisəli əmlakda o və mərhum əri yaşamışdır. Hətta əri ona vəsiyyətnamə belə vermişdir. Ərinin birinci nikahdan olan uşaqlarının hər birinin özlərinə məxsus evləri vardır və orada yaşayırlar. Lakin buna baxmayaraq onun da mirasdan qanunla üzərinə düşən payı almasına imkan vermirlər. Halbuki, vərəsəlik hüququ əsasında mərhum ərindən qalmış miras əmlakdan ona da pay verilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Cavabdeh Şamil oğlu iddia tələbini qəbul etmiş, bu barədə ərizə vermiş və izahatında göstərmişdir ki, mərhum atası Şamil Abbasəliyev tərəfindən bütün əmlakı ona vəsiyyət edilmişdir. Bununla da mərhum atası digər vərəsələrini miras əmlakdan pay almaqdan məhrum etmişdir. Habelə, onun qardaş və bacıları özlərinə çatası miras paydan onun xeyrinə imtina etmişdir. Həmçinin mərhum atası sağlığında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən mülkiyyətində olan 0,45 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini Fazil adlı şəxsə satmışdır. Bu səbəbdən həmin əmlak mirasın kütləsinə daxil edilə bilməz. Lakin qeyd olunanlara baxmayaraq miras əmlakdan iddiaçının da payının müəyyən edilməsinə etiraz etmir. Hesab edir ki, iddiaçı da mərhum atasının sağlığında qulluğundan durmuş və əziyyət çəkmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şamil oğlu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, X13 ilə X11 nikahlarını xx.xx.2003-cü il tarixdə, 529 nömrə ilə qeyd etdirmişlər. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN849A KOD 50300078 saylı dövlət aktından görünür ki, X13 və X6 Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********87 olan çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində X8 adına 0,45 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizənin surətindən görünür ki, X16, X14, X7 və X9 mərhum ataları X5 onlara çatası miras əmlak payından qardaşları Cavabdeh Şamil oğlunun xeyrinə imtina etmişlər. Notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli vəsiyyətnamədən görünür ki, X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını oğlu Cavabdeh Şamil oğluna vəsiyyət edir. Bununla digər vərəsələrini vərəsəlik hüququndan məhrum edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı məktubundan görünür ki, X8 adına keçmiş DTİ və MHQİ tərəfindən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinə 580 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daşınmaz əmlakın xx.xx.2017-ci il tarixli, AN – İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X13 reyestr nömrəsi **********87 olan çıxarış əsasında ona məxsus 0,45 ha torpaq sahəsini 2250 manata X2. Notarial qaydada verilmiş xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 rayonu, Aşağı Quşçu kəndində yerləşən evini və “VAZ 2121” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilini arvadı İddiaçı vəsiyyət etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 295 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh Şamil oğluna və Tovuz rayon Notariat Kontoruna qarşı xx.xx.2017-ci il tarixli, 2V-496 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi barədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-428 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2003-cü il tarixdə mərhum X13 ilə rəsmi nikahlarını qeyd etdirməklə evlənmiş, birgə nikahlarından uşaqları doğulmamışdır. İddiaçı mərhum əri Şamil Abbasəliyevin ikinci evliliyi olmuş, mərhumun birinci nikahdan olan arvadı X12, Hafis, Nadir, Şamama və Nazilə adlı uşaqları vardır. Şamil Abbasəliyev xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ondan qalmış miras əmlak keçmiş DTİ və MHQİ tərəfindən verilmiş 580 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evindən, habelə “Torpağa mülkiyyət hüququna dair” JN849A KOD 50300078 saylı dövlət aktı birgə mülkiyyətdə olan Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Həmçinin müəyyən edilmişdir ki, mərhum Şamil Abbasəliyev tərəfindən oğlu Cavabdeh notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli vəsiyyətnamə verilmiş, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını oğlu Cavabdeh Şamil oğluna vəsiyyət etmişdir. Bununla digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Mərhumun birinci nikahından olan uşaqları X16, X14, X7 və X9 notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizə verərək mərhum ataları X5 onlara çatası miras əmlak payından qardaşları Cavabdeh Şamil oğlunun xeyrinə imtina etmişlər. Məhkəmə mübahisənin həllinə keçməmişdən qabaq diqqətə çatdırır ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildiyindən məhkəmə irəli sürülmüş iddia tələbinin təmin olunmasına yönələn qətnamə çıxarılmasını qanunamüvafiq hesab etmişdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsi). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan xx.xx.2017-ci ildə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimivərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdənəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığıməcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə mərhum Şamil Abbasəliyevin adına keçmiş DTİ və MHQİ tərəfindən verilmiş 580 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evindən, habelə “Torpağa mülkiyyət hüququna dair” JN849A KOD 50300078 saylı dövlət aktı birgə mülkiyyətdə olan Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Mərhumun mülkiyyətində olmuş **********87 reyestr nömrəsinə əsasən kənd təsərrüfatlı təyinatlı 0,45 ha pay torpaq sahəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi mirasın kütləsinə daxil edilə bilməz. Çünki mərhumun özü tərəfindən sağlığında xx.xx.2017-ci il tarixli, AN – İ ******* saylı alqı-satqı müqaviləsi əsasında X1. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhumun vərəsələri arvadı olan İddiaçı və birinci nikahından olan uşaqları X16, X14, X7, Cavabdeh Şamil oğlu və X4 ibarətdir. Mərhumdan qalmış miras həm vəsiyyət, həm də qanun üzrə keçir. Belə ki, mərhum Şamil Abbasəliyev tərəfindən bütün əmlakı oğlu Cavabdeh notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə üzrə verilmiş, digər vərəsələr pay almaq hüququndan məhrum edilmişdir. Həmçinin birinci nikahdan olan uşaqların hər biri notarial qaydada ərizə verərək Cavabdeh xeyrinə mirasdan imtina etmişlər. Lakin bununla belə cavabdeh özü iddia tələbinin təmin edilməsini xahiş edərək iddiaçıya da qanunla düşən mirasdan pay verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı miras əmlakdan pay yalnız məcburi pay üzrə verilə bilər. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsində qeyd olunmuşdur ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”2021-ci il 8 yanvar tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür.Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. X26 məcburi pay institutunun Mülki Məcəllənin 1159.1.1-ci maddəsində təsbit edilmiş qanun üzrə vərəsəlik hüququ ilə qarşılıqlı və funksional əlaqəsinin mövcudluğunu qeyd etmiş və həmin maddənin mülki qanunvericiliyin məcburi pay institutuna dair normalarına münasibətdə müəyyənləşdirici olduğunu göstərmişdir. Göründüyü kimi iddiaçının miras əmlakdan məcburi pay almaq hüququ qanunla qorunan hüquqlarından biridir. Lakin bu zaman nəzərə almaq lazımdır ki, məcburi pay iddiaçıya qanunla çatacaq payın yarısından ibarətdir. İşin halları göstərilən yöndə sadalanan maddi hüquq normalarının tələbləri baxımından təhlil edilən zaman belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının payı “Torpağa mülkiyyət hüququna dair” JN849A KOD 50300078 saylı dövlət aktı birgə mülkiyyətdə olan Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən 1/24 hissədə müəyyən edilməlidir. Çünki həmin torpaq sahəsi birgə mülkiyyətdədir və paylar müəyyən edilmədiyində payçıların hər birinə ½ hissə düşür. Yəni mirasın kütləsinə mərhum Şamil Abbasəliyevə məxsus ½ hissə daxildir. Cavabdeh adına vəsiyyətnamə olduğundan artıq həmin hissənin yarısı yəni ¼ hissəsi ona məxsusdur. Digər vərəsələr Yeganə, Nazilə, Hafis, Şamama, Tamilla, habelə Cavabdeh də payları 1/24 (1/4:6=1/24) hissə təşkil edir. Bu zaman Cavabdeh özünün torpaq sahəsindən miras payı 7/24 (1/4+1/24=7/24) hissə olur. Həmçinin vərəsələr olan qardaş və bacıları Yeganə, Nazilə, Hafis və Şamama onun xeyrinə miras əmlakdan imtina etdikləri üçün onların da paylar hər birinin 1/24 hissə olmaqla Cavabdeh payına əlavə edildikdə nəticədə onun yekun payı torpaq sahəsindən 11/24 (7/24+1/24+1/24+1/24+1/24=11/24) hissə olur. Beləliklə, “Torpağa mülkiyyət hüququna dair” JN849A KOD 50300078 saylı dövlət aktı üzrə mərhum Şamil Abbasəliyevdən miras qalmış torpaq sahəsindən İddiaçı payı 1/24 hissə, Cavabdeh payı 11/24 hissədə müəyyən edilməlidir. Mirasın kütləsinə daxil olan mərhum Şamil Abbasəliyevin adına keçmiş DTİ və MHQİ tərəfindən verilmiş 580 nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhumun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evindən payların müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cavabdeh adına vəsiyyətnamə olduğundan artıq həmin hissənin yarısı yəni 1/2 hissəsi ona məxsusdur. Digər vərəsələr Yeganə, Nazilə, Hafis, Şamama, Tamilla, habelə Cavabdeh də payları 1/12 (1/2:6=1/12) hissə təşkil edir. Bu zaman Cavabdeh özünün fərdi yaşayış evindən miras payı 7/12 (1/2+1/12=7/12) hissə olur. Həmçinin vərəsələr olan qardaş və bacıları Yeganə, Nazilə, Hafis və Şamama onun xeyrinə miras əmlakdan imtina etdikləri üçün onların da paylar hər birinin 1/12 hissə olmaqla Cavabdeh payına əlavə edildikdə nəticədə onun yekun payı fərdi yaşayış evindən 11/12 (7/12+1/12+1/12+1/12+1/12=11/12) hissə olur. Beləliklə, mərhum Şamil Abbasəliyevin adına keçmiş DTİ və MHQİ tərəfindən verilmiş 580 nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhumun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı payı 1/12 hissə, Cavabdeh payı 11/12 hissədə müəyyən edilməlidir. Məhkəmə iddiaçının adına verilmiş vəsiyyətnamə ilə bağlı göstərir ki, həmin vəsiyyətnamə mirasın bölgüsü zamanı nəzərə alına bilməz. Çünki Mülki Məcəllənin 1220.0.1-ci maddəsində göstərilmişdir ki, əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə vəsiyyət edən vəsiyyətnaməni dəyişdirə və ya ləğv edə bilər. Hazırki iş üzrə də mərhum tərəfindən arvadına verilmiş vəsiyyətnamədən sonra oğlu Cavabdeh də vəsiyyətnamə verilmiş və həmin vəsiyyətnamə üzrə bütün miras əmlak harada yerləşməsindən və ifadə olunmasından asılı olmayaraq oğluna vəsiyyət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN849A KOD 50300078 saylı dövlət aktında göstərilən Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən mərhum X5 miras qalmış ½ hissədən İddiaçı payı, 1/24 hissədə, Cavabdeh Şamil oğlunun payı 11/24 hissədə, keçmiş DTİ və MHQİ tərəfindən verilmiş 580 nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhum X5 miras qalmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evindən isə İddiaçı payı 1/12 hissə, Cavabdeh payı 11/12 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN849A KOD 50300078 saylı dövlət aktında göstərilən Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən mərhum X5 miras qalmış ½ hissədən İddiaçı payı, 1/24 hissədə, Cavabdeh Şamil oğlunun payı 11/24 hissədə müəyyən edilsin. Keçmiş DTİ və MHQİ tərəfindən verilmiş 580 nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhum X5 miras qalmış Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı payı 1/12 hissə, Cavabdeh payı 11/12 hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-136/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-136/2023
16.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver