Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1417/2023 13.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən dəymiş maddi ziyana görə 640 manat, dəymiş maddi ziyan hesabına əlavə 192 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 862 manat məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə həmkəndli olmaqla aralarında etibarlı münasibət olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə onun sahibliyində olan “Kia Sportage” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 418-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək “Kamaz 5320” yük markalı avtomobillə toqquşmuşdur. Bu barədə İX Tağım YPX əməkdaşları inzibati xəta haqqında protokol tərtib edərək boxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qərarından uzun müddət keçməsinə baxmayaraq Cavabdeh ona təyin edilmiş cəriməni ödəməmişdir. Cərimə məbləği vaxtında ödənilmədiyinə görə üzərinə 240 manat dəbbə pulu gəlmiş və nəticədə ona məxsus Kia Sportage” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hesab edir ki, mənə məxsus Kia Sportage” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə yazılmış 400 manat məbləğində cərimə və həmin cəriməyə görə hesablanmış 240 manat məbləğində dəbbə pulu Cavabdeh törətdiyi qəzaya görə yazıldığından həmin pul cavabdehdən alınıb ona verilməlidir. Eyni zamanda Cavabdeh cəriməni vaxtında ödəmədiyinə görə ona maddi ziyan dəymişdir. Ona görə də Cavabdeh dəymiş zərərin əvəzi olaraq iddia tələbinin 30 faizi miqdarında 192 manat məbləğində əlavə vəsait ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sportage” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Tovuz Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aryışdan görünür ki, İddiaçı məxsus “Kia Sportage” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sahibin adına 640 manat məbləğdə cərimə olduğu üçün həbs qoyulmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyətində olan “Kia Sportage” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 418-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək “Kamaz 5320” yük markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı cavabdeh barəsində protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən həmin cərimə məbləği ödənilmədiyi üçün cərimə məbləğinə dəbbə pulu hesablanmış və 640 manat olmuşdur. Eyni zamanda iddiaçının mülkiyyətində olan “Kia Sportage” minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına səbəb cavabdehin törətdiyi inzibati xətaya görə barəsində tətbiq edilmiş cəriməni ödəməməsidir. Məhz bu amilə görə iddiaçının mülkiyyətində olan avtomobil üzərində onu idarəetməsi hüquqları məhdudlaşdırılmışdır. Ona görə də cavabdehdən ödənilməmiş cərimənin əvəzi olaraq 640 manat məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin əlavə 192 manat məbləğdə pulun alınması hissəsi isə əsassızdır. İddiaçı həmin məbləği nə üçün tələb etdiyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 640 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 640 (altı yüz qırx) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1417/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1417/2023
13.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver