Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1445/2023 13.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən bankın xeyrinə 1183,89 manat əsas, 93,42 manat faiz borcu olmaqla cəmi 1277,31 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 32,78 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 11:15-ə təyin edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tətbiq edilməli olan hüquq normaları baxımından hüquqi dəyərləndirmə aparıb belə nəticəyə gəlir ki, iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq xitam verilməlidir. İş materiallarında olan AZ İİ 288317 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə beyin ödemi səbəbindən vəfat etmişdir. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi kreditor tərəfindən borclunun varislərinin müəyyən edilməsi yolunda addımlar atılmamışdır. Hansı ki, kreditor bunu müəyyən etməli və mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasına əməl etməli idi. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Məhkəmə diqqətə çatdırır ki, Cavabdeh ölməsi hazırki durumda işin məhkəmə qaydasında baxılmalı olmasını aradan qaldırır. Bu isə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Həmin normada göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bununla belə məhkəmə Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə uyğun olaraq onu da diqqətə çatdırır ki, iddiaçı kreditor tərəfindən borclunun vərəsələri müəyyən edilməklə onlara qarşı iddia qaldırıla bilər. Çünki borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (Mülki Prosessual Məcəllənin 262.1, 262.4 və 262.5-ci maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 261.0.1, 262.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İzah edilir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1445/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1445/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver