Məhkəmə qərarları › İş №2(062)-1479/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1479/2023

04.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1479/2023 04.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 30000 manat pulun, yol pulu üçün ödədiyi 80 manat pulun, dövlət rüsumu kimi 180 manat pulun ümumilikdə cəmi 30260 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X4 ilə xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. X21 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum əri Tovuz rayon çay qırağı ərazisində yerləşən cavabdehlərin işlətdikləri obyektdə təmir üçün 30000 manat pul xərcləmişdir. Həmin çəkilən xərcin daşınmaz əmlakdan ayrılması mümkün deyildir. Əslində həmin xərc 30000 manatdan çoxdur. Oraya ustaların zəhmət haqqı da daxildir. Bu barədə Tovuz RPŞ-də müvafiq materiallar vardır. Cavavdehlərə bu barədə dəfələrlə müraciət edilsə də, onlar üzərinə düşən vəzifələri icra etmirlər. Dedikləri barədə bir çox şahidləri və sübutları vardır. Cavabdehlərin hazırki hərəkətləri əsassız varlanmadır. Ona görə də qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, mərhum əri ona məxsus qızılları, Dönük Qırıqlı kəndində yerləşən evlərini və torpaq sahələri satmışdır ki, çaykənarı deyilən ərazidə torpaq alıb obyekt inşa etsin. Bir müddət sonra mərhum əri ona bildirmişdir ki, almaq istədiyi ərazini almışdır. Qiymətindən isə 20000 manat verdiyini bildirmişdir. Lakin bu barədə hər hansı sənəd gətirməmişdir. Bundan sonra mərhum əri orada tikinti işləri aparmışdır. Çünki ərazi tamamilə bərbad halda olmuş, obyekt kimi istifadəsi mümkün olmamışdır. Buna görə də mərhum əri tərəfindən orada çoxsaylı yaxşılaşdırma abadlıq işləri aparılmışdır. Həmin vəsait ümumilikdə 30000 manatdan çox olmuşdur. Lakin əri 2022-ci ilin yanvar ayında vəfat etdikdən sonra cavabdehlərdən ərinin haqqını tələb etsə də, müsbət nəticə əldə etməmişdir. Ona indiyə kimi cəmi 100 manat pul vermişlər. Cavabdehlər ona mərhum ərinin hər hansı tikinti işləri aparmadığını, oranı yalnız icarəyə götürdüyünü, hətta icarə haqqını belə vermədiyini bildirmişdir. Hansı ki, bunlar hamısı yalandır. Bu barədə müvafiq şahidləri vardır və onlar məhkəmə iclasına dəvət edilmişdir. Həmin şahidlər təsdiq edəcəklər ki, mərhum əri Rövşən tərəfindən oraya nə qədər xərc qoyulmuşdur. Mübahisəli obyektə çəkilmiş xərcin hansı məbləğdə olması üçün müvafiq ekspertiza keçirilməsinə ehtiyac vardır. Odur ki, ekspertiza keçirilməklə rəyə uyğun iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçını son vaxtlara kimi tanımamışdır. Lakin onun mərhum X21 ilə aralarında normal münasibətlər olmuşdur. Belə ki, mübahisəli obyekt onlara məxsusdur və iddiaçının mərhum ərinə aylıq 300 manat olmaqla icarəyə verilmişdir. Bu illər 2019-cu ilin martından 2022-ci ilin yanvar ayına olan müddəti təşkil edir. Rövşən Zeynalovla onların arasında heç vaxt alqısatqı müqaviləsi üzrə hüquq münasibətləri yaranmamışdır. Obyekti ona icarəyə verdikdən sonra ölkə ərazisində pandemiya şəraiti ilə əlaqədar obyekt məhdud fəaliyyət göstərmişdir. Bu səbəbdən Rövşən Zeynalov onlara cəmi icarə kimi 3 il ərzində 1000 manat vermişdir. Orada isə mərhum tərəfindən onların iradəsinə uyğun olaraq hər hansı tikinti işləri aparılmamışdır. Hətta əsaslı tikinti işləri aparmağa belə onlar razı olmazdı. Çünki obyekt onlara məxsusdur və iddiaçının istəyi üzrə yenidənqurma işləri aparması onların mənafeyinə ziddir. Rövşən Zeynalov 2022-ci ilin yanvar ayında vəfat etdikdən sonra İddiaçı onlardan pul tələb etməyə başlamışdır. İddiaçıya mərhum ərinin mübahisəli obyekti almamasını, orada hər hansı onların razılığı ilə tikinti işləri görməməsini, hətta onlara icarə haqqı üzrə borclu olmasını bildirsələr də, iddiaçı onları məhkəməyə verəcəyini bildirmişdir. Bununla belə iddiaçı ona xəstə olmasını və pula ehtiyacı olmasını bildirdiyi üçün insanlıq naminə ona 100 manat vermişdir. Hazırda isə iddiaçı bunu ərinin çəkdiyi xərcin qarşılığının olmasını bildirir. Hansı ki, həmin məbləğ tələb olunan məbləğ qarşılığında müqayisə olunmaz dərəcədə azdır. Bundan başqa iddiaçının təqdim etdiyi şahidlər hamısı özünün tanışlarıdır və iddiaçının xeyrinə ifadə vermək üçün gəlmişlər. Ümumiyyətlə cəmi 10-15 gün təmizlik işləri görən insanların bu qədər məlumatlı olması inandırıcı deyildir. Hesab edir ki, iddia tələbi böhtandan ibarətdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə bağlı digər cavabdehin dediklərini təsdiq etdi və əlavə olaraq göstərdi ki, iddiaçının mərhum X21 ilə onlar arasında heç vaxt alqı-satqı münasibətləri olmamışdır. İddiaçının mərhum əri mübahisəli obyekti icarəyə götürmüşdür. Hətta icarə pulu aylıq 300 manat olmasına baxmayaraq mərhum Rövşən Zeynalov 3 il ərzində onlara cəmi 1000 manat pul vermişdir. Vəfat etdiyi üçün isə geri qalan pulu tələb etməmişlər. İddiaçını isə Rövşənin ölümündən sonra tanımışlar. Həmin şəxs onların hesabına əsassız varlanmaq istəyir. Eyni zamanda iddiaçının mərhum əri orada onların razılığı ilə hər hansı tikinti işləri aparmamışdır. Ümumiyyətlə iş görməmişdir ki, onların da razılığın alsın. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X7 ifadəsində göstərmişdir ki, iddiaçının mərhum X21u tanımışdır. Rövşən ona bir gün demişdir ki, kafe götürmüşdür və orada təmizlik işləri görmək lazımdır. Bu səbəbdən briqada rəhbəri kimi 4-5 nəfər götürüb kafeni təmizləməyə getmişlər. Orada təxminən 10 gün işləmişlər. Kafe çox çirkli olmuşdur. Kafeni təmizləmişlər. Rövşən orada besetkalar tikdirmiş, hətta oraya kubik tökdürmüşdür. Bildirmişdir ki, obyekti əsaslı düzəltdirmək istəyir. Həmin vaxt Rövşənə zəng gəlmişdir. Rövşən ona demişdir ki, pul istəyirlər. Səbəbin soruşduqda bildirmişdir ki, buranı 40000 manata almış, həmin puldan 20000 manatını vermişdir. Bildiyi qədər Rövşən ora ümumi 10000 manat dəyərində xərc çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X6 ifadəsində göstərmişdir ki, mübahisəli obyektdə təmizlik işləri görmüşlər. Orada təxminən 10-15 gün ərzində işləmişdir. Kafe çox çirkli vəziyyətdə olmuşdur. Orada təmizlik işləri aparan zaman Rövşən onlara bildirmişdir ki, obyekti almışdır. Qiymətini isə 40000 manata danışmış, həmin pulun isə 20000 manatını vermişdir. X16 orada tikinti işləri aparmış sement, dəmir və.s. materiallar almışdır. Həmin metarialların qiymətlərin dəqiq bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X9 ifadəsində göstərmişdir ki, mərhum Rövşən Zeynalov onun əmisi olmuşdur. Atası orada qaynaq işləri görmüşdür. O da, mütəmadi olaraq mübahisəli obyektə gedib-gəlmişdir. Mərhum əmisi tərəfindən orada sanitar qovşaq düzəldirilmiş, habelə əşyalar alınmışdır. Nə qədər pul verildiyini bilməmişdir. Mərhum əmisi hətta ora mebel belə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X11 ifadəsində göstərmişdir ki, mübahisəli obyektdə 2021-ci ilin may ayından 2022-ci ilə kimi işləmişdir. Orada beton tökmə işləri görmüş və bardürlər düzmüşdür. Zəhmət haqqı kimi 400 manat pul almışdır. Alınmış materialların qiymətini dəqiq bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ölüm haqqında AZ İİ 263786 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Tovuz rayon “Asan Xidmət Mərkəzi” Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair İddiaçı vərəsəlik işi açılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/3293 saylı material üzrə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi üzrə X10 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, miras əmlak qanunla müəyyən edilmiş qaydada iddiaçı tərəfindən qəbul edilmiş və Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı subyektiv hüquqa malikdir. İddia tələbinin dəlillərindən görünür ki, İddiaçı mərhum X21un cavabdehlərə məxsus obyekti alqı-satqı üzrə almasını və ora 30000 manat pul xərcləməsini iddia edir. Hazırda isə çəkilmiş xərcin əvəzi kimi pul tələb edir. Cavabdehlər isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçının mərhum əri ilə onlar arasında icarə hüquq münasibətləri olmuş və mərhum Rövşən Zeynalov 2019-cu ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi həmin obyekti icarəyə götürmüşdür. Aralarında olan razılaşma üzrə aylıq icarə haqqı 300 manat müəyyənləşmiş, lakin iddiaçının mərhum əri tərəfindən onlara cəmi 1000 manat pul verilmişdir. Habelə, həmin şəxs orada onların iradəsinə uyğun hər hansı tikinti işləri aparmamışdır. Ümumiyyətlə mübahisəli obyektdə iddiaçının mərhum əri tərəfindən yenidənqurma işləri görülməmişdir. Çünki obyekt onlara məxsusdur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır (Mülki Məcəllənin 144.1-ci maddəsi). Mülki Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (Mülki Məcəllənin 568.1 və 568.2-ci maddələri) Mülki Məcəllənin 646.1-ci maddəsində qeyd olunmuşdur ki, daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının mərhum əri ilə cavabdehlər arasında alqı-satqı münasibətlərinin mövcud olması iş materiallarından görünmür. Çünki iddiaçı bu barədə hər hansı notarial qaydada təsdiq edilmiş müqavilə və ya mübahisəli obyektə dair hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Odur ki, alqı-satqı üzrə münasibətlərin mövcudluğundan söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icarə üzrə götürülmüş əmlaka dair çəkilmiş xərcin ödənilməsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Qeyd olunmalıdır ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Mülki Məcəllənin 700.1 və 700.2-ci maddələri). Mülki Məcəllənin 700.3-cü maddəsində göstərilmişdir ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 680.1-ci maddəsinə görə kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, iddia tələbində göstərilənlər iddiaçı tərəfindən sübuta yetiriləcəyi və Mülki Məcəllənin 680.1.1-ci maddəsinin tələbləri daxilinə düşəcəyi halda iddianın təmin edilməsindən söhbət gedə bilər. Məhkəmə işin bu anında diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. “Həqiqət” anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, İddiaçı mərhum X21 tərəfindən mübahisəli obyektdə hansı işlərin görülməsi, bu işlərin nədən ibarət olması, habelə görülən işlərin istismar və qulluq xərclərinə aid olması barədə mötəbər sübutlar göstərməmişdir. Bundan başqa iddiaçı həm obyektin əri tərəfindən alqı-satqı üzrə alınmasını, lakin sənədləşmənin aparılmamasını, həm də orada tikinti işlərinin aparılmasını göstərmişdir. Hansı ki, nə üçün özünün qeyd etdiyinə əsasən alqısatqı üzrə verilmiş 20000 manatın deyil də, yalnız xərc kimi çəkilmiş 30000 manat pulu tələb etməsini izah edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, normalda iddiaçı həmin vəsaiti də tələb etməli idi. Digər tərəfdən iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi qərarda iddiaçı Nazim adlı şəxsdən şikayətçi olaraq etdiyi müraciətində mübahisəli obyektin yerləşdiyi torpaq sahəsinin mərhum əri tərəfindən həmin şəxsdən 5000 manatlıq mebel dəsti müqabilində alınmasını göstərmişdir. Bu zaman iddiaçı orada mərhum əri tərəfindən işlərin görülməsini və ya cavabdehlərin məsələyə aidiyyətini qeyd etməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində yazdıqları, verdiyi izahat, habelə polisə müraciəti zamanı göstərdikləri bir-biri ilə uzlaşmayan fikirlərdir. Bütün bunlar iddiaçının iddia tələbi üzrə səmimi olmamasına dəlalət edir. Məhz bu kimi amillər məhkəməyə iddiaçının izahatına tənqidi yanaşmağa əsas vermişdir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). İddiaçının təqdim etdiyi şahidlərin ifadələri də məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Çünki şahidlərdən iki nəfəri – Əntiqə və Rahilə orada təmizlik işləri görən şəxslərdir. Özləri də göstərmişdir ki, cəmi 10-15 gün ərzində orada işləmişlər. Həm onların gördükləri işin xüsusiyyəti baxımından, həm də qısa müddət ərzində bütün baş vermiş hadisələrdən iddia ərizəsində göstərilən formada məlumatlı olmalara məhkəməyə onların iddiaçının maraqlarından çıxış etməsinə şübhə yaradır bu şübhə digər sübutlarla aradan qaldırılmır Dindirilmiş digər iki şahid – Zirəddin və Səbinə isə görülmüş işlərin məbləğləri barədə məhkəməyə dəqiq məlumat verə bilməmişlər. Bir sözlə onların ifadələri bir-birini tamamlamamış, eyni zamanda onlar baş vermiş hadisəni müfəssəl şəkildə izah edə bilməmişlər. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən mərhum Rövşən Zeynalovun etmiş olduğu təmir-bərpa işlərinin əvəzinin tələb edilməsi o halda mümkün ola bilər ki, kirayəyə verən tərəfindən sonradan bu hərəkətlər bəyənilsin. Diqqətə çatdırılmalıdır ki, Mülki Məcəllənin 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur (Mülki Məcəllənin 1087.1 və 1087.2-ci maddələri) Məhkəmə iclasında cavabdehlərin hər ikisi bildirmişlər ki, iddiaçının mərhum X21 tərəfindən orada işlər aparılmamış, əgər hər hansı işlər görülmüşsə belə onların iradəsinə uyğun həyata keçirilməmişdir. Çünki obyekt onlara məxsus olmuş və kirayəçinin orada işlər görməsi onların mənafeyinə ziddir. Məhkəmə hesab edir ki, bu aspektdən də iddia tələbi uğursuzdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bir məqamı da məhkəmə qeyd edir ki, xərcin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə zərurət olmamışdır. Çünki iddiaçı tərəfindən mərhum ərinin hansı işlər görməsi sübuta yetirilməmişdir ki, həmin işlərin də qiyməti ekspertiza yolu ilə müəyyən edilsin. Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar