Məhkəmə qərarları › İş №2(062)-1482/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1482/2023

25.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1482/2023 25.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru Nümayəndə, nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «əmlak və maddi ziyanın ödənilməsi» tələbinə dair işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı MMC-nin nümayəndəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «əmlak və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki nömrəli “X7”-nın İddiaçı MMC-yə qaytarılması, Cəmiyyətə 2 il ərzində avadanlığın dəyərinin 20 faizi həcmində yəni 2021-2022-ci maliyyə ili üzrə 3600 manat və 2022-2023-cü maliyyə ili üzrə 2160 manat, ümumilikdə 5760 manat həcmində dəymiş zərərin və tərəflərindən ödənilmiş 100 manat dəyərində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi iddia həcminin artırılması barədə ərizə verərək cavabdehlərdə saxlanılan 250 kv-lıq, ESF200 DU Texniki nömrəli “X7”-nın İddiaçı MMC-yə qaytarılması, Cəmiyyətə 2 il ərzində avadanlığın dəyərinin 20 faizi həcmində yəni 2021-2022-ci maliyyə ili üzrə 3600 manat və 2022-2023-cü maliyyə ili üzrə 2160 manat, ümumilikdə 5760 manat həcmində dəymiş zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus dəyəri qiymətləndirilə bilməyən “dizel və qazla işləyən basınclı nasos”, “1m3 plastik su çəni”, “elektrik şiti”, “dizel çəni”, “iki ayrıclı elektrik şiti” və “3.2 və 6 mm-lik pellet disklər (2 ədəd)” adda qurğuların, “150kg-lıq elektron tərəzi (2 ədəd)”, “açar dəsti (2 ədəd)”, “divan”, “LG 82 ekran Televizor”, “kassa aparatı”, “masa (3 ədəd)”, “kreslo” və “stullar (8 ədəd)” adda əşyaların, xx.xx.2019-cu il tarixli, 3M-256 nömrəli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsində olan Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən, 966 kv.metr olan qeyri-yaşayış binasına Cəmiyyətin nümayəndələrinin giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş, daha sonra hazırlıq iclası keçirilməklə məhkəmə baxış iclasına təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin direktoru Nümayəndə və nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Vəkil əlavə olaraq göstərdi ki, hazırki mübahisə ümumi məhkəmələrə aiddir. Çünki mübahisə Cavabdeh2 ilə İddiaçı MMC arasında yaranmışdır. Həmin şəxs isə sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Bu zaman mübahisənin kommersiyaya aidiyyətindən söhbət gedə bilməz. Hazırda Cavabdeh1 ESF200 DU Texniki nömrəli “X7” onun götürməsini bildirsə də, bu doğru deyildir. Burada məqsəd Cavabdeh2 polis əməkdaşı olduğu üçün onun adının hallanmamasından ibarətdir. Bundan başqa cavabdehlər tərəfindən Cəmiyyətin nümayəndələrinin icarəyə götürdükləri qeyri-yaşayış binasına daxil olunmasına imkan verilmir. Belə ki, onlar tərəfindən qapı kilidləri dəyişdirilmişdir. Əraziyə hasardan baxış keçirilən zaman isə iddia ərizəsində göstərilən digər əmlakların orada olmadığı aşkar edilmişdir. Hansı ki, cavabdehlər tərəfindən həmin əşyalar da götürülmüşdür. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə bağlı göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 2018-ci ildən Tovuz rayon Qovlar şəhərinin ərazisində öz obyektində inkibatordan çıxma cücələr alıb saxlayıb, iriləndikdən sonra isə onların satışını həyata keçirir. Elə həmin vaxtdan da Nümayəndə baytar həkim kimi tanımışdır. Sonradan Nümayəndə ona təklif etmişdir ki, birgə yem zavodu qursunlar. Onunla razılaşmış və zavodun qurulması üçün avadanlıqlar alınmasına görə ona 70-80 min manata yaxın pul vermişdir. Yem zavodunun bütün ilkin bütün xərcini o, qoymuşdur. Hazırda tələb edilən generatorun pulu belə onun tərəfindən verilmişdir. Digər cavabdeh olan qardaşı Cavabdeh2 onlara şərik olmamışdır. Ümumiyyətlə onun iddiaçı ilə aralarında olan münasibətlərə hər hansı aidiyyəti olmamışdır. Qurduqları işdən 40000 manatdan çox gəlir əldə etmişlər. Lakin fəaliyyətlərini davam etdirə bilməmişlər və bundan sonra nəzarət onun tərəfindən həyata keçirilmişdir. Həmçinin aralarında pul üstündə mübahisə də yaranışdır. Mübahisəli generator onun tərəfindən götürülmüşdür və Elşən pulunu verəcəyi halda özünə qaytaracaqdır. Digər əmlaklardan isə onun məlumatı yoxdur. Qeyri-yaşayış sahəsi Rəhim Əliyev adlı şəxsə məxsusdur, iddiaçıya ora getməkdə hər hansı maneçilik etmək kimi səlahiyyəti yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarıını dinləyib, iddia ərizəsinin dəlillərini işin faktik halları ilə birlikdə araşdırıb və iş materiallarını öyrənib aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət emək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X5 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (21 fevral 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də apellyasiya şikayətinin qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. (X1rşı iş üzrə 28 may 1985-ci il tarixli Qərar, § 57). Lakin ona dair qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (X4rşı iş üzrə 21 sentyabr 1994-cü il tarixli Qərar, § 65; Bellet Fransaya qarşı iş üzrə 4 dekabr 1995-ci il tarixli Qərar, § 31). Göründüyü kimi məhkəməyə müraciət etmək hüququ mütləq olmamaqla qanun daxilində müəyyən məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Bunlardan biri də iddianın düzgün məhkəməyə verilməsidir. Məhkəmə qeyd edir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Qeyd olunmalıdır ki, hazırki iddia tələbinə Tovuz Rayon Məhkəməsində baxılması məhkəmə aidiyyəti qaydalarının pozulması ilə nəticələnər. Belə ki, iddia tələbinin dəlillərindən, habelə iş materiallarından görünür ki, İddiaçı MMC 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi vergi ödəyicisi kimi qeydə alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən onun fəaliyyəti qanunvericiliklə qadağan edilməyən bütün fəaliyyət növlərini əhatə edir. Həmçinin Cavabdeh1 də Cəbrayıl rayon Vergilər Şöbəsi tərəfindən ********** nömrə ilə vergi ödəyicisi kimi qeydə alınmışdır. İşin faktik halları isə ondan ibarətdir ki, İddiaçı MMC-nin təsisçisi Nümayəndə ilə Cavabdeh1 şərikli yem zavodu açmış, həmin müəssisə bir müddət fəaliyyət göstərmişdir. Lakin sonradan fəaliyyətini dayandırmış, habelə tərəflər arasında pul üzrə mübahisə düşmüş, nəticədə Cavabdeh1 mübahisəli generatoru götürmüşdür. Göründüyü kimi onların hər ikisi vergi ödəyicisi olmaqla qeydiyyatdan keçmiş, habelə yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üzrə yaranmışdır. İşin qeyd olunan halı cinayət işinin başlanmasının rədd edilməsi haqqında da qərar ilə də təsdiqin tapır. Digər tələb edilən əşyalar da yem zavodunun fəaliyyəti üzrə alınmış əmlaklardır. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafıq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsində qeyd olunmuşdur ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPMin 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsi). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə hesab edir ki, tərəflərin fəaliyyəti şərik sahibkarlıq üzrə yem zavodunun təsis edilməsindən ibarət olduğundan, münasibətlər İddiaçı MMC ilə vergi ödəyicisi olaraq qeydə alınmış Cavabdeh1 arasında yarandığından, habelə tələb edilən əşyalar onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üzrə yem zavodu üçün alındığından və iddiaçı özünün həmin əşyalar üzrə sahiblik hüququnun pozulması səbəbindən məhkəməyə müraciət etdiyindən mübahisə kommersiya xarakterlidir. Bu yanaşmaya yuxarıda adıçəkilən Qərar əsas verir. Həmçinin tələb olunan pul vəsaiti də mübahisələndirilən generatorun amortizasiya xərci kimi tələb edilir. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsində göstərilmişdir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsində qeyd olunmuşdur ki, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsi). Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «əmlak və maddi ziyanın ödənilməsi» tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir (Mülki Prosessual Məcəllənin 32.5 və 32.6-cı maddələri). Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən çəhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 44.2.2, 45.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «əmlak və maddi ziyanın ödənilməsi» tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar