Məhkəmə qərarları › İş №2(062)-1509/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1509/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1509/2023 25.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 Şahin oğluna qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 25 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 Şahin oğluna qarşı iddia qaldıraraq kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı haqqında rəsmi məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə ərizə göndərərək, məlumat vermiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə 09 iyun 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, "xxxx" ASC-dən illik 15 faizlə 24 ay müddətinə 6000 manat məbləğində kredit götürülmüşdür. Təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini borcluya vermişdir. Amma borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 Şahin oğlu 09 iyun 2022-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Hazırda cavabdehlərin iddiaçı təşkilata kreditin əsas məbləği 4663,31 manat, əsas məbləğə hesablanmış faiz borcu 260,5 manat, cərimə 137,6 manat olmaqla cəmi 5061,41 manat borcu qalmışdır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 Şahin oğlundan müştərək qaydada kreditin əsas məbləği 4663,31 manat, əsas məbləğə hesablanmış faiz borcu 260,5 manat, cərimə 137,6 manat olmaqla, cəmi 5061,41 manat məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 70,61 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh2 Şahin oğlu və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 09 iyun 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 24 ay müddətinə illik 15 faiz ödəmək şərtilə 6000 manat kredit verilmişdir. İşə əlavə olunmuş zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh2 Şahin oğlu ilə 09 iyun 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqavilənin 2-ci maddəsinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh1 09 iyun 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, "xxxx" ASC-dən illik 15 faizlə 24 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 Şahin oğlu 09 iyun 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin hesablanmasını mütəmadi olaraq gecikdirmiş və onun kreditin əsas məbləği 4663,31 manat, əsas məbləğə hesablanmış faiz borcu 260,5 manat, cərimə 137,6 manat olmaqla, cəmi 5061,41 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan cərimə 137,6 manat azaldılaraq 6,88 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecirdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 Şahin oğlundan kreditin əsas məbləği 4663,31 manat, əsas məbləğə hesablanmış faiz borcu 260,5 manat, cərimə 6,88 manat olmaqla, cəmi 4930,69 manat alınıb iddiaçı təşkilata verilməli və iddia tələbinin qalan hissəsi təmin olunmamalıdır. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 69,30 manat pul cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Şahin oğlundan kreditin əsas məbləği 4663,31 manat, əsas məbləğə hesablanmış faiz borcu 260,5 manat, cərimə 6,88 manat olmaqla, cəmi 4930,69 manat və dövlət rüsumu hesabına ödənilmiş 69,30 manat müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar