Məhkəmə qərarları › İş №2(062)-151/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-151/2023

23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-151/2023 23.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh4 Elburus oğlu, Cavabdeh1 Azər qızının və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Azər qızına və Cavabdeh4 Elburus oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Azər qızına və Cavabdeh4 Elburus oğluna qarşı “pul” tələbinə dair iddia irəli sürərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Azər qızı və Cavabdeh4 Elburus oğlundan müştərək qaydada 18.500 manat məbləğində pulun, vəkil xərci olaraq ödənilmiş 114 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 146 manat pulun, ümumilikdə isə 18.760 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh1 Azər qızı ilə qohum kimi yaxın münasibəti olduğu üçün o ona bildirdi ki, onun yaxını olan Aygün adlı şəxsə borc pul lazımdır, ona görə də 2000 manat verməyini xahiş etdi. O cavabdehlə aralarında qohumluq münasibəti olduğu üçün onun atdığı kart hesabına xx.xx.2022-ci il tarixdə 2000 manat pul köçürdü. O ona bildirdi ki, götürdüyü borc pulu may ayının axırı müəllimlərin maaşı köçdüyü zaman hər ay gecikdirmədən ödəyəcək. Daha sonra Cavabdeh1 ona bildirdi ki, qardaşı Cavabdeh2 maddi vəziyyəti çətindir, ona görə də təhsil haqqı xərclərini ödəmək üçün ona 2000 manat pul lazımdır. O ondan 2000 manat pulu kart hesabına köçürtməyi xahiş etdi. O aralarında olan yaxın münasibətə əsasən ona yenə də güvəndi və xahiş etdiyi pulu xx.xx.2022-ci il tarixdə kart hesabına köçürdü. O ona borcunu iyul ayının sonuna qədər ödəyəcəyini bildirdi. O yenə də onların atdığı kart hesabına 2000 manat pulu köçürtdü. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ona özü üçün qızıl alveri etdiyini və pula ehtiyacı olduğunu dedi, bu zaman isə əldən ələ nağd şəkildə anası X1 vasitəsi ilə 2000 manat pulu cavabdehə borc verdi. xx.xx.2022-ci il tarixdə cavabdehlərin yaxın qohumu olan bir şəxsin təsərüffatla məşğul olduğu üçün kartof məhsullarını soyuducuya qoyduğunu, təcili olaraq 5000 manat pulun ona köməklik üçün verilməsini xahiş etdilər, həmçinin vəd etdilər ki, pulu verdiyi adam etibarlı adamdır, borc olaraq verdiyi 5000 manat pulu geri qaytaracaqdır. O Cavabdeh1 məxsus olan Azərbaycan Beynəlxalq Bankının tam kart kartı olan 4105 1104 1246 3716 saylı kart hesabına 3000 manat, digər cavabdeh olan əri Şixəli Rüstəmova məxsus olan Azərbaycan Beynəlxalq Bankının tam kart kartı olan 4105 1104 1226 1599 saylı kart hesabına isə 2000 manat pulu ödədi. Cəmi olaraq 5000 manat pul ödədi. Onlar ona borc olaraq verdiyi pulu sentaybr ayının sonunadək ödəyəcəklərini vəd etdilər, lakin onlar bu günədək verdiyi həmin borcdan heç bir ödəniş etmədilər. xx.xx.2022-ci il tarixində Cavabdeh1 xaricdən qızıl alveri etdiyini, bunu üçün isə mayasının olmadığına görə ondan 10-15 gün müddətinə, yəni xx.xx.2022-ci ildə geri qaytaracağını vəd edərək 6000 manat pulu anası Cavabdeh3 Kapital Bank debet 5103 0714 7104 7817 saylı kart hesabına köçürtmüşdür. Lakin verdiyi müddət başa çatmasına baxmayaraq cavabdehlər həmin pulu da geri qaytarmamışdır. O özü alver ilə məşğul olduğu üçün Samirə xanım ondan paltarlar şifariş edirdi, o paltarların da pulunu ödəməli olduğu halda ödəməmiş, alver üzrə ona borcu isə 1500 manat olmuşdur. Onun cavabdehlərdə olan borcu cəmi olaraq 18500 manatdır. O məcbur olub pulları ona geri ödəmələri üçün onlara müddət verdi, lakin cavabdehlər vəd etdikləri vaxtda pulları geri qaytarmadılar. O onlara güvənərək pulu ödəyəcəklərini düşündü. Cavabdeh1 və digərləri ona dəfələrlə pulu ödəyəcəklərini bildirsələr də qalan borcu ödəməkdən boyun qaçırırlar. Cavabdehlərə pul verməyi barədə şahidləri, müvafiq səs yazısı, VVhatsap yazışmaları, pulu ödədiyi qəbzlərin surətləri vardır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, o Bakı şəhərində paltar satışı ilə məşğul olur. Samirə onunla 2022ci ilin mart-aprel aylarından avqust aylınadək paltar alış-verişi edib. Samirə aldığı pullardan ümumilikdə təxminən 600 manat məbləğində pul qaytarıb. Sərxan və Orxan adlı qardaşları vardır. Qardaşlarımdan hər hansı ilə cavabdehlərin hər hansı pul münasibətlərinin olmasından xəbərdar deyildir. İddiaçı daha sonrakı izahatında isə göstərdi ki, video çəkilişdə 4900 manat məbləğində pulu qəbul edən şəxs qardaşı Orxandır. Həmin pulun hazırki işə aidiyyəti yoxdur. O Samirənin qardaşı qarşısında götürmüş öhdəlikdən irəli gəlmişdir. O Samirəyə pulları bəzən həm öz anası, həm də Samirənin anası vasitəsilə də vermişdir. Belə ki, o Samirənin göstərişi ilə Samirəyə çatacaq pulu Samirənin anasının kart hesabına göndərmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Azər qızı izahatında göstərdi ki, o məhkəmənin əvvəlki iclasında iddiaçıdan 18.500 manat pulu sələmə aldığını desə də, əslində o iddiaçıdan ümumilikdə, yəni hissə-hissə 13.000 manat məbləğində pul almış və faizi ilə birlikdə qaytarmışdır. Belə ki, 4900 manat məbləğində pul Turanənin qardaşına ödənilmişdir. Qalan pullar isə ayrı-ayrı vaxtlarda Turanəyə ödənilmişdir. Əgər Turanənin həmin pullardan hər hansı qazancı yox idisə o zaman o qədər məbləğdə pulları ona verməzdi. Belə ki, ondan hissə-hissə götürülmüş pul faizi ilə ona qaytarıldıqdan sonra, yenidən ondan pul götürürdü. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh1 Azər qızının izahatında göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, iddiaçı 13.000 manat məbləğində pulu geri qaytarıb. Samirə xanım iddiaçıya 55 qram, 15 qram, 11 qram və 16 qram çəkidə qızıl verib.İddiaçı isə qızılların pullarını qaytarıb. Samirəyə göndərilmiş pullar həmin pullardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 Elburus oğlu izahatında göstərdi ki, iddiaçının Samirəyə verdiyi pul qaytarılmışdır. 4900 manat pulu iddiaçının qardaşına Samirənin əvəzinə qaytarmışdır. Pulu verərkən o video çəkilişdən də istifadə etmişdir. Odur ki, əsassız olduğundan iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məzmunu tərəflər arasında mübahisələndirilməyən qəbzlərdən görünür ki, Emanat terminalı vasitəsilə 19 iyul 2022-ci ildə saat 20.55-də 2000, saat 20:58-də 2000, 21:00-da 1000, 09 avqust 2022-ci ildə 6000, 29 mart 2022-ci ildə 2000 manat, ümumilikdə 13.000 manat pulu iddiaçı cavabdeh Samirəyə çatdırılması üçün göndərmiş, Samirə həmin pulun ona çatdırılmasını etiraf etmişdir. Tərəflər arasındakı mübahisə ondan ibarətdir ki, iddiaçı iddia edir ki, cavabdehlərə o 18.500 manat məbləğində pul vermiş, cavabdehlərdən Cavabdeh1 isə iddiaçıdan 13.000 manat məbləğində pul aldığını, buna baxmayaraq həmin pulu ona qaytardığını iddia etmişdir. Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə araşdırılması zamanı tərəflərə sübutlarını məhkəməyə təqdim etmək üçün kifayət qədər şərait yaradılmış və çəkişmə prinsipinə əməl edilməklə toplanılmış sübutlara hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı 18.500 manat pulun cavabdehlərə verilməsini iddia etsə də, həmin pulun 13.000 manatının Samirəyə verilməsi öz təsdiqini tapmış, iddia tələbinin qalan hissəsi ilə bağlı sübutlar təqdim edilməmişdir. İddiaçı ərizəsində aşağıda göstərilmiş mərhələlər üzrə cavabdehlərə pul göndərdiyini vurğulamışdır:

1. 15 mart 2022-ci ildə 2000 manat

2. 29 mart 2022-ci ildə 2000 mana

3. 28 iyun 2022-ci ildə 2000 manat

4. 18 iyul 2022-ci ildə Samirənin kartına 3000 manat, Cavabdeh4 kartına 2000 manat

5. 09 avqust 2022-ci ildə 6000 manat

6. Paltarların satılmasından əldə ediləcək pul 1500 İddiaçı 15 mart 2022-ci ildə 2000 manat pul cavadehin atdığı karta göndərdiyini desə də, işdə olan Kapital bankın qəbzinin surətindən görünür ki, pul göndərilmiş kartın sonuncu rəqəmi 9759 rəqəmlərindən ibarətdir. İddiaçı isə iddia ərizəsində belə sonluqla bitən karta pul göndərilməsinə istinad etməmiş, bununla bağlı məhkəmə iclasında da hər hansı sübutlar təqdim etməmişdir. İddiaçı 28 iyun 2022-ci ildə 2000 manat göndərildiyini iddia etsə də, bununla bağlı da hər hansı sübutlar təqdim etməmişdir. Eyni zamanda paltarların satılmasından əldə ediləcək pulla bağlı dəlillər irəli sürsə də, paltarların nədən ibarət olması və bununla bağlı pulun verilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddiaçının vəkili məzmunu tərəflər arasında şübhə doğurmayan qəbzlərin əsillərinin əldə edilməsi ilə bağlı vəsatət versə də, iddia tələbinin əsaslılığını təşkil edən digər sübutların əldə edilməsi ilə bağlı məhkəməyə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı 13.000 manat məbləğində pulu Cavabdeh1 vermiş, cavabdeh borcu həmin hissədə etiraf etmişdir. İddiaçı digər cavabdehlərə qarşı tələbinin nədən ibarət olmasını sübut edə bilməmişdir. İddiaçı izahatında səmimi olmayaraq əvvəlcə cavabdehlərlə özünün qardaşı arasında hər hansı pul münasibətlərinin olmamasını, daha sonrakı izahatında isə qardaşının cavabdehlərdən götürdüyü 5000 manat pulun onların qardaşı qarşısında götürdükləri öhdəliklərdən irəli gəldiyini qeyd etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının qardaşına 49 ədəd 100 manatlıq əskinas verilmişdir. Yəni, 4900 manat pul verilmiş, cavabdehlər həmin 4900 manat pulun iddiaçıya olan borcu ödənilməsi ilə bağlı olduğunu qeyd etmiş, cavabdeh isə 4900 manat pulun həmin öhdəlik deyil, başqa öhdəlik olmasını iddia etmişdir. Yəni, 4900 manat pul əslində Samirənin qardaşı qarşısında götürülmüş öhdəliklə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Qeyd olunan normalardan göründüyü kimi öhdəliklərin icrası zamanı tərəflər vicdanla hərəkət etməlidir. Öhdəliyin icra edilməsi zamanı borclu kreditordan icranı təsdiq edən sənəd tələb etmək hüququna malik olduğu üçün öhdəliyin icra edilməsini sübuta yetirmək yükü borclunun üzərinə düşür. Eyni zamanda kreditorun öhdəliyin icrasını təsdiq etmək və ya etməmək hüququ da vardır. Burada öhdəliyin icrası kimi təklif edilmiş hərəkəti qəbul etdiyi zaman kreditorun üzərinə həmin hərəkətin icra edilməli öhdəlik olmadığını sübut etmək vəzifəsi qoyulur. Odur ki, iddiaçı qardaşına görə ödənilmiş pulun Samirənin onun qarşısında götürdüyü öhdəlik olmadığını sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Samirə 4900 manat pulu Turanənin qardaşına, iddiaçının izahatında göstərdiyi 600 manat pulu isə Turanənin özünə verərək öhdəliyi qismən icra etmişdir. Samirə 13.000 manat puldan 5500 manatı ödəməklə öhdəliyi qismən icra etdiyini sübut etsə də, qalan hissədə öhdəliyi icra etməsinə dair hər hansı sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 7500 manat məbləğində pul Cavabdeh1 Azər qızından alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş xərclə bağlı hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını da məhkəməyə təqdim etməmişdir. İş üzrə məhkəmə xərci ilə bağlı məhkəmə onu qeyd edir ki, iddia qismən təmin olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 95 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 Azər qızından 7500 (yeddi min beş yüz) manat məbləğində borc və dövlət rüsumunun əvəzi qismində 95 (doxsan beş) manat olmaqla ümumilikdə 7595 (yeddi min beş yüz doxsan beş) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflər rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar