Məhkəmə qərarları › İş №2(062)-1533/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1533/2023

10.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1533/2023 10.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada ona vurmuş olduqları 10738,83 manat miqdarında maddi ziyanın, 5000 manat miqdarında əldən çıxmış faydanın və dövlət rüsumu hesabına ödənilmiş 137 manat məbləğində pulun alınıb ona verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun adına dövlət qeydiyyatına alınmış Tovuz rayonu, Kazımlı kəndində yerləşən əmlaka qanunsuz müdaxiləsinə son qoyulması, ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən quraşdırılmış tikilinin (abidəyə bənzər tikili) cavabdehlərin hesabına sökülərək bulaq kompleksinin ərazisindən kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin iyun ayında Tovuz rayonu, Kazımlı kəndində yerləşən “Turşu su bulaq” kompleksini alqı-satqı yolu ilə rəsmi olaraq notarial qaydada X2 və qardaşı X1 almışdır. Bu barədə daşınmaz əmlakdan çıxarışı var. Həmin kompleks ona məxsusdur. Bulaq kompleksi 69,1 kv metrdən ibarətdir və 0,1 ha torpaq sahəsi vardır. Bulaq kompleksi ailəvi istirahət mərkəzi kimi istifadə olunmuşdur. 2021-ci ildə həmin bulaq kompleksini aldıqdan sonra kompleksi işlətməmiş və Bakı şəhərində olmuşdur. 2022-ci ilin iyun ayında Tovuz rayonuna bulaq kompleksini abadlaşdırmaq üçün gələndə görmüşdür ki, bulaq kompleksi dağıdılmış və talan edilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin bulaq kompleksini yaxınlıqda yaşayan Cavabdeh1 və ailə üzvləri bu hala salmışlar. Qeyd olunan məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin mübahisənin mülki xarakterli olması əsas gətirilərək, həmin şəxslərin izahatları alınmaqla sərbəst buraxılmışlar. Qeyd olunan bulaq kompleksinə dəymiş zərəri rəsmi şəkildə yoxlatmış və məlum olmuşdur ki, cavabdehlərin hərəkətləri nəticəsində ona 10738,83 manat miqdarında zərər dəymişdir. Eyni zamanda cavabdehlər həmin bulaq kompleksinin ərazisində onun xəbəri və razılığı olmadan tikili (qəbir daşına bənzər abidə) quraşdırmışlar. Bundan başqa həmin bulaq kompleksini 2022-ci il istirahət mövsümündə, yəni iyun-sentyabr ayları ərzində işlədə bilməmişdir. Bu da onu əldə edəcəyi gəlirdən məhrum olmağıyla nəticələnmişdir. Bu cür istirahət zonaları həmin ərazidə yerləşdiyi ərazidən asılı olaraq, sezon ərzində 5000-10000 manat civarında gəlir gətirir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəməyə ərizə ünvanlayaraq ailə vəziyyətləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən məhkəmə iclasının təxirə alınmasını xahiş etmişlər. Lakin onlar tərəfindən iştirak etməmələrinin üzürlü olması barədə sübutlar ərizəyə əlavə edilmədiyindən məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Kazımlı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi və üzərindəki sahəsi 69,10 kv.m. olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. "xxxx" MMC-nin baş mühəndisi tərəfindən verilmiş rəydən görünür ki, Tovuz rayonu, Çatax kəndində inşa edilmiş “Turşsu” bulağına baxış keçirilmiş və müəyyən edilmişdir ki, binanın dam örtüyü və döşəməsi tamam yararsız vəziyyətdədir. Divarları 50 faiz yararsızdır. Ayna qapı blokları tamamən yararsızdır. Binaya dəymiş ziyan 10783,83 manat təşkil edir. Rəyə smeta əlavə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq xx.xx.2023-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazi baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışla İddiaçı məxsus torpaq sahəsidir və cavabdehlərin adına həmin ərazidə heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Mübahisələndirilən ərazidə tikililər mövcuddur və həmin tikililər İddiaçı məxsus torpaq sahəsinin daxilində yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq xx.xx.2023-cü il tarixdə verilmiş mütəxəssis rəyinə əlavə olunan arayışdan görünür ki, yerli baxış zamanı məlum olmuşdur ki, cavabdehlər həmin ərazinin onlara məxsus olmasını iddia etsələr də həmin ərazi İddiaçı mülkiyyətində olan torpaq sahəsidir və İddiaçı istifadə etməsinə maneçilik yaradırlar. Ərazidə olan tikililərin kimin tərəfindən tikilməsini müəyyən etmək mümkün olmasa da, həmin tikililər İddiaçı məxsus torpaq sahəsinin daxilində yerləşir. Zəbt olunma halının müəyyənləşdirilməsi səlahiyyətləri xaricindədir. Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi üzrə toplanmış materiallarda cinayət tərkibi olmadığından Cavabdeh1 və digərləri barəsində cinayət işinin başlanması rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi, eyni zamanda maddi ziyanın ödənilməsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. İddia tələbinin tikilinin sökülməsi və qanunsuz müdaxiləyə son qoyulma hissəsi ilə bağlı məhkəmə göstərir ki, Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi, habelə torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə son qoyulmanı tələb edir. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisəyə Mülki Məcəllənin 180.4-cü maddəsi tətbiq edilərkən, işin halları əvvəlcə həmin Məcəllənin özbaşına tikintinin anlayışını verən 180.1-ci maddəsinə əsasən araşdırılmalıdır. Mülki Məcəllənin 180.1-ci maddəsində özbaşına tikintiyə verilən tərifə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri işə baxılmasına cəlb edilmiş və müvafiq rəy alınmışdır. Rəydə qeyd olunmuşdur ki, cavabdehlər həmin ərazinin onlara məxsus olmasını iddia etsələr də, mübahisələndirilən ərazi İddiaçı mülkiyyətində olan torpaq sahəsidir və İddiaçı istifadə etməsinə maneçilik yaradırlar. Ərazidə olan tikililərin kimin tərəfindən tikilməsini müəyyən etmək mümkün olmasa da həmin tikililər İddiaçı məxsus torpaq sahəsinin daxilində yerləşir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərin cavabdehlərə məxsus olması qeyri-müəyyəndir. Bu halda həmin tikililərin onların hesabına sökülməsi və ərazidən kənarlaşdırılması nəticəsinə gəlinməsi düzgün olmaz. Çünki tikililərin özbaşına olaraq cavabdehlər tərəfindən inşa edilməsi təsdiq olunmalı idi ki, tələbin bu hissəsi Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələri baxımından hüquqi qiymətləndirilsin. Bununla belə cavabdehlərin torpaq sahəsinə qanunsuz müdaxilə etməsi halları vardır və bunun qarşısı alınmalıdır. Mütəxəssis rəyində bu hal aydın şəkildə ifadə edilmişdir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 164.1-ci maddəsində deyilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. İddia tələbinin maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsinə dair hissəsi ilə bağlı məhkəmə diqqətə çatdrırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan maddi hüquq normaları iddia tələbinin maddi ziyanla bağlı hissəsinin qanuni əsasını təşkil edən normalardır. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı maddi ziyanla bağlı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehlərin ona məxsus olan torpaq sahəsindəki qeyri-yaşayış obyektini yararsız hala salması sübuta yetirilməmişdir. Əksinə iş materiallarında olan iddiaçının şikayət ərizəsi üzrə araşdırılma aparılan materiala dair cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, hazırki iş üzrə cavabdehlərin iddiaçının mülkiyyətində olan obyekti zədələməsi təsdiqin tapmamışdır. Doğrudur ki, iddiaçı tərəfindən obyektin yararsız olması və bərpasının hansı məbləğə başa gəlməsinə dair rəy təqdim edilmişdir. Lakin bu o demək deyildir ki, yararsız hala salınma cavabdehlərin təqsirli hərəkətləri nəticəsində olmuşdur. Həmin rəy iddiaçıya məxsus obyektin mövcud durumunu əks etdirir, hansı ki, təmirə ehtiyacı vardır. Bundan başqa əldən çıxmış faydan hansı meyarlara görə iddiaçı tərəfindən 5000 manat məbləğdə qiymətləndirilməsi iddiaçı tərəfindən izah oluna bilməmiş və buna dair mötəbər sübutlar təqdim edilməmişdir. Ona görə də məhkəmə bu hissələrdə iddianı əsassız saymışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə edilən qanunsuz müdaxilələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 100 manat hissəsinin əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı məxsus Tovuz rayonu, Kazımlı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 69,10 kv.m. olan qeyri-yaşayış binasına edilən qanunsuz müdaxilələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsinin əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar