Məhkəmə qərarları › İş №2(062)-1546/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1546/2024

13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1546/2024 13.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay övladının saxlanması üçün 235 manat sabit pul məbəğində alimentin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ildə məhkəmənin qətnaməsi ilə rəsmi şəkildə ayrılmışdır. Birgə nikahlarından bir uşağı var və onlar onun himayəsinə verilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-2031/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün aylıq 160 manat məbləğində aliment müəyyən edilmişdir. Məhkəmə tərəfindən kəsilmiş məbləğ bu gün uşağın saxlanması və digər xərcləri üçün kifayət etmir. Ona görə də, Cavabdeh hər ay övladının saxlanması üçün 235 manat sabit pul məbəğində aliment alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərək göstərmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmir, ona görə də, onun iştirakı olmadan işə baxılıb təmin olunmasını xahiş etmişdir. Cavabdeh X5 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə göndərərk göstərmişdir ki, xx.xx.2017 ci ildə rəsmi olaraq ikinci dəfə ailə qurmuş və nigahlarından 2 azyaşlı övladı var. Birinci nikak zamanı tikdiyi evi oğlu Verdiyev Emil üçün qoyub çıxdığından hal hazırda ailəsi ilə kirayədə yaşayır. Aylıq gəliri 400 manat təşkil etdiyindən birinci evliliyindən olan övladı üçün ödənilən alimentin məbləğinin qaldırılmasına etiraz edir. Buna heç bir halda maddi imkanı çatmır. Ona görə də, xahiş edir ki, 2(012)-2031/2019 saylı Məhkəmə qərarı qüvvədə qalmaqla, (160-bir yüz altmış manat) qarşı tərəfin iddiası təmin edilməsin və 3(üç) uşaq olduğu qanun çərçivəsində nəzərə alınsın. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə tərəflərin müraciətlərini işdə olan sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 2031/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 2(012)-1456/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və 13 iyun 2013-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 160 manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2017-ci il tarixdə 5 saylı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikahla evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ikinci evlilikdən xx.xx.2022-ci il tarixdə Ayan və xx.xx.2018-ci il tarixdə Ləman adlı övladları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından 13 iyun 2013-cü ildə anadan olmuş X8 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2031/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 13 iyun 2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər 190 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, alimentin iddiada göstərilmiş həddə təmin edilməsi, cavabdehin himayəsində olan digər uşaqların da mənafeyinə təsir edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 235 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 190 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 30 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 360 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatadək 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-2031/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 13 iyun 2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 30 (otuz) məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar