Məhkəmə qərarları › İş №2(062)-1556/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1556/2023

29.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1556/2023 29.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X2 və nümayəndəsi (vəkil) X6 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyana görə 30155 manat, mənəvi ziyana görə isə 400000 manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Niyaməddin Məsimov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qanunsuz olaraq həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 31783 manat, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyana görə 40000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə Tovuz rayon Prokurorluğu tərəfindən tutulmuş və sonradan onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və barəsində xx.xx.2020ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Tovuz Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qeyd edilən əməli törətməkdə təqsirli bilib 01 il müddətinə azadlıqdan məhrum etmişdir. Onun həbsdə və ev dustaqlığında olduğu 01 il müddət cəza müddətinə hseablanmaqla cəzadan azad edilmişdir. Müdafiəçisi apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə şikayət təmin edilmiş və barəsində bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi barəsində olan cinayət təqibi sübuta yetirlmədiyindən bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilmişdir. Belə olan halda onun qanunsuz həbsdə saxlanmasına görə Cinayət Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə görə ona dəymiş maddi və mənəvi zərər ödənilməlidir. O, 01 il müddət ərzində qanunsuz həbsdə və ev dustaqlığında saxlanılmış, həmin vaxt maddi və mənəvi məhrumiyyətlərə məruz qalmışdır. Məhkəmə və istintaq müddətində öz işindən məhrum olmuşdur. Həmin vaxtı o Tovuz rayon İcra Hakimiyyəti Başçısının Aşağı Mülkülü kənd İcra Nümayəndəsi vəzifəsində çalışmışdır. Onun qanunsuz olaraq həbsdə olduğu müddət ərzində itirdiyi maaşın məbləği 31783 manat miqdarındadır. Qeyd edilən məbləğ maaş və ona əlavələrlə birlikdə yaranır. Bundan başqa qanunsuz həbs və ev dustaqlığında olduğu müddət ərzində daim narahatlıq hissi yaşamış, məyus olmuş və stres çəkmişdir. Mənəvi ziyanı 40000 manat qiymətləndirir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi (vəkil) X8 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hüquqlarını təmsil etdiyi şəxs qanunsuz həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ərzində işindən məhrum olmaqla yanaşı, daim psixoloji gərginlikdə olmuşdur. Hətta barəsində bəraət hökmü çıxdıqdan sonra belə həmin hökmdən dövlət ittihamçısının kassasiya protesti verməsi iddiaçının özünü daim məsuliyyət altında hiss etməsinə əsas olmuşdur. Artıq kassasiya instansiyası məhkəməsinin hüquqlarını təmsil etdiyi şəxsin xeyrinə çıxardığı qərardan sonra Niyaməddin Məsimov normal həyata qayıda bilmişdir. Bir sözlə onun barəsində cinayət işi başladıqdan yekun məhkəmə qərarı çıxana kimi iddiaçı həm maddi, həm də mənəvi zərərə uğramışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 153 saylı hökmündən görünür ki, X2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmaqla X3 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1490 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-153 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. Aşağı Mülkülü İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş məlumatdan görünür ki, sabiq icra nümayəndəsi X4 xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. Həmin vaxtdan nümayəndənin 2020-ci ilin noyabr ayında 385 manat, dekabr ayında 621 manat, mükafatı isə 480 manat, 2021-ci ildə əmək haqqısı 621 manat, mükafatı isə 4 dəfə olmaqla 480 manat, 2022-ci ilin yanvar ayında əmək haqqısı 621 manat, qalan aylar üzrə 1149 manat, mükafatı isə 3 dəfə olmaqla 480 manat, 2023-cü ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə əmək haqqısı 1149 manat, mart ayı üzrə isə mükafatı 480 manat olmuşdur. Ümumi maaş və mükafatların məbləği göstərilən illər üzrə 31783 manat olmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri bəraət almış şəxsə vurulmuş ziyanın ödənilməsi üzrə yaranmış mübahisədir. Mübahisə aşağıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymətləndirilməlidir. Cinayət Prosessual Məcəllənin vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərdən bəhs edən 56.0.1-ci maddəsində göstərilmişdir ki, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 57.1-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir (Cinayət Prosessual Məcəllənin 58.1 və 58.2-ci maddələri). Cinayət Prosessual Məcəllənin 58.3.1-ci maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərə görə kompensasiya verilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır (Cinayət Prosessual Məcəllənin 61.1-ci maddəsi). İş materialları müəyyən edilir ki, X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla təyin edilmiş cəzadan azad edilmişdir. Həmin hökmdən onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə təmin edilmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin mübahisələndirilən xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmaqla X3 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. Eyni zamanda ona qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli saylı hökmü dəyişdirilmədən saxlanmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı X10 Mülkülü İƏD üzrə nümayəndə vəzifəsində çalışmışdır. O, xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. Belə ki, həmin tarixdə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmiş, daha sonra isə Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-c il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 1ci maddəsində göstərilmişdir ki, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, habelə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə görə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. İddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, iddiaçı cinayət təqibinə məruz qaldığı vaxta kimi Aşağı Mülkülü İƏD üzrə nümayəndə vəzifəsində işləmişdir. Barəsində xx.xx.2020-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdə də işdən azad edilmişdir. Hazırki vaxta kimi də iddiaçı işsizdir. Məhkəmə göstərir ki, iddiaçının işdən azad olunmasına onun cinayət təqibinə məruz qalması olmuşdur. Hansı ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsə idi, hazırki vaxta kimi həmin vəzifədə çalışmış olacaqdı. Yəni həmin vəzifə üzrə aylıq əmək haqqı və mükafatlardan yararlanacaqdı. Lakin bu hüquqdan o məhrum edilməklə maddi ziyana uğramışdır. Hansı ki, bunu hazırda tələb etməsi onundan qanundan irəli gələn hüquqlarından doğur. Tələb olunan məbləğ üzrə məhkəmə tərəfindən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, həmin vəzifə üzrə əmək haqqı 2020-ci ilin noyabr ayında 385 manat, dekabr ayında 621 manat, mükafat isə 480 manat, 2021-ci ildə 621 manat, mükafat isə 4 dəfə olmaqla 480 manat, 2022-ci ilin yanvar ayında 621 manat, qalan aylar üzrə 1149 manat, mükafat isə 3 dəfə olmaqla 480 manat, 2023-cü ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 1149 manat, mart ayı üzrə isə mükafat 480 manat olmuşdur. Göstərilən vəzifə üzrə ümumi maaş və mükafatların məbləği iddiaçının məhrum olduğu illər üzrə 31783 manat olmuşdur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri). Məhkəmə hesab edir ki, göstərilən məbləğ yəni 31783 manat maddi ziyan olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 1101.1-ci maddəsinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 7-ci maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarınının 2-ci bəndinə görə Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.» Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi inandırıcıdır. Çünki o, cinayət təqibinə məruz qalmış, barəsində həbs qətimkan tədbiri, daha sonra ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bir sözlə iddiaçı daim psixoloji gərginlik yaşamışdır. Bundan başqa işlədiyi işindən olmuş, barəsində cinayət təqibi həyata keçirilən zaman daim həyəcan və stres yaşamışdır. Bundan başqa cəmiyyətdə onun haqqında dövlət qulluqçusu olmasına baxmayaraq cinayətkar olması barədə fikrin formalaşması ona neqativ təsir etmiş, bir növ onda ruh düşkünlüyü yaratmışdır. Bütün bunlar ona mənəvi ziyanın ödənilməsini şərtləndirir. Çünki iddiaçının mənəvi sarsıntı keçirməsi ağlabatandır və əksini düşünməyə əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 40000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Məhkəmə mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 5000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsini işin hallarına uyğun və ədalətli hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarlar). Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən maddi ziyan olaraq 31783 manat, mənəvi ziyan olaraq 5000 manat olmaqla cəmi 36783 manat məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyan olaraq 31783 manat, mənəvi ziyan olaraq 5000 manat olmaqla cəmi 36783 (otuz altı min yeddi yüz səksən üç) manat məbləğdə pul alınaraq iddiaçı X3 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar