Məhkəmə qərarları › İş №2(062)-1675/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1675/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1675/2024 24.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin məbləğinin artırılması və hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimentinn alınıb himayəsində olan 03 iyul 2014-cü ildə anadan olmuş Ruqəyya və 31 mart 2016-cı ildə anadan olmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli, 2(062)-2694/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 10 oktyabr 2013-cü il tarixdə 762 saylı qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından 03 iyul 2014-cü ildə anadan olmuş Ruqəyya və 31 mart 2016-cı ildə anadan olmuş Hüseyn adlı uşaqları onun yanında saxlanılmışdır. Birgə nikahlarından 03 iyul 2014cü ildə anadan olmuş Ruqəyya və 31 mart 2016-cı ildə anadan olmuş Hüseyn adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 mant məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Hazırda Cavabdeh ödədiyi 260 manat məbləğində aliment iki nəfər uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşaqların hazırda xərcləri xeyli artmış və onun maddi vəziyyətinin aşağı olduğuna görə uşağının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uaqların saxlanması üçün ona heç bir yardım göstərmir. Ona görə də, Cavabdeh tutulan alimentin məbləğinin artırılması və hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimentin alınıb himayəsində olan 03 iyul 2014-cü ildə anadan olmuş Ruqəyya və 31 mart 2016-cı ildə anadan olmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərk bildirdi ki, qızı İddiaçı uşaqları saxlanmaqda maddi çətinlik çəkir. Belə ki, qızının səhhətində problem olduğundan işləyə bilmir. Cavabdeh isə əlavə heç bir yardım etmir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 28 avqust 2021ci il tarixli 2(062)-1694/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, Ruqəyya və Hüseyn adlı uşaqlar İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləir və əmək haqqı 622 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli 2(062)-1694/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, birgə nikahlarından anadan olmuş Ruqəyya və Hüseyn adlı uşaqlar İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından 03 iyul 2014-cü ildə anadan olmuş Ruqəyya və 31 mart 2016-cı ildə anadan olmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli 2(062)-1694/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 03 iyul 2014-cü ildə anadan olmuş Ruqəyya və 31 mart 2016-cı ildə anadan olmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə alimentlə bağlı məsələni həll edərkən bu vaxta qədər ödənilmiş alimentin məbləğinin əvvəlki illərin yaşayış minimumundan dəfələrlə az olmasını, bu müddət ərzində uşaqların yaşayış minimumunun ana tərəfindən ödənilməsini də nəzərə alır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 235 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 200 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 140 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 1680 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.Ona görə də Cavabdeh 36,80 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli, 2(062)-1694/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 03 iyul 2014-cü ildə anadan olmuş Ruqəyya və 31 mart 2016-cı ildə anadan olmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 36 (otuz altı) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar