Məhkəmə qərarları › İş №2(062)-1706/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1706/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1706/2023 11.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu, İddiaçı ASC-nin cavabdeh Hüseynov Mustafa Dilqəm oğluna qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh Hüseynov Mustafa Dilqəm oğluna qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən bankın xeyrinə 4778,39 manat əsas, 158,21 manat faiz borcu, 25,69 manat cərimə borcu olmaqla cəmi 4962,29 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 69,63 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh Hüseynov Mustafa Dilqəm oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17,1 faiz ödəmək şərti ilə 6000 manat məbləğdə kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun 4778,39 manat əsas, 158,21 manat faiz borcu, 25,69 manat cərimə borcu olmaqla cəmi 4962,29 manat borcu yaranmışdır. Mübahisənin həlli məhkəmədənkənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən 284-1-ci maddəsində göstərilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (Mülki Prosessual Məcəllənin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələri). İddia tələbi üzrə mübahisənin hüquqi həllinə keçməmişdən qabaq məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada iddia ərizəsinə qarşı etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normalarına istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan: Kreditor İddiaçı ASC ilə borcalan Hüseynov Mustafa Dilqəm oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 36 ay müddətinə illik 17,1 faiz ödəmək şərti ilə 6000 manat məbləğdə kredit verilməsi barədə razılığa gəlinmişdir. Kreditor İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Hüseynov Mustafa Dilqəm oğlunın kredit müqaviləsi üzrə borcu 4778,39 manat əsas, 158,21 manat faiz borcu, 25,69 manat cərimə borcu olmaqla cəmi 4962,29 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin arayış ilə müəyyən edilmişdir ki, borcalan Hüseynov Mustafa Dilqəm oğlunun kredit müqaviləsi üzrə borcu 4778,39 manat əsas, 158,21 manat faiz borcu, 25,69 manat cərimə borcu olmaqla cəmi 4962,29 manat təşkil edir. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh Hüseynov Mustafa Dilqəm oğlundan kredit müqaviləsi üzrə 4778,39 manat əsas, 158,21 manat faiz borcu, 25,69 manat cərimə borcu olmaqla cəmi 4962,29 manat pul məbləği alınaraq İddiaçı ASC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 284-6.1 və 284-6.2-ci maddələrində göstərilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 69,63 manat məbləğdə vəsaitin əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6.1, 284-6.2 və 357 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Hüseynov Mustafa Dilqəm oğlundan kredit müqaviləsi üzrə yaranmış 4778,39 manat əsas, 158,21 manat faiz borcu, 25,69 manat cərimə borcu olmaqla cəmi 4962,29 (dörd min doqquz yüz altmış iki manat iyirmi doqquz qəpik) manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 69,63 manat məbləğdə vəsaitin əvəzi tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar