Məhkəmə qərarları › İş №2(062)-1721/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1721/2023

25.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1721/2023 25.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh Ağayeva (Alıyeva) Aytəkin Valeh qızına qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X5 cavabdeh Ağayeva (Alıyeva) Aytəkin Valeh qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi qızılların və ya onların dəyəri kimi 2900 manat pulun, habelə dövlət rüsumu kimi ödədiyi pulun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə müqavilə bağlayaraq ona 3310 manat dəyərində qızıl-zinət əşyaları satmışdır. İlkin olaraq cavabdeh ona 410 manat ödəmiş, 2900 manat isə qalmışdır. Satdığı qızıl zinət əşyaları 8,75 qram çəkisi olan 583 əyarlı qızıl sep, çəkisi 2,6 qram olan 585 əyarlı qızıl sep, çəkisi 5,75 qram olan 585 əyarlı qızıl bilərzik, çəkisi 8,05 qram olan 750 əyarlı qızıl bilərzik, çəkisi 5,78 qram olan 750 əyarlı qızıl klon və çəkisi 2,52 qram olan 585 əyarlı qızıl kişi üzüyündən ibarətdir. Dəfələrlə cavabdeh və əri ilə görüşüb pulunu tələb etsə də, bu günə kimi cavabdeh ödəniş etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehdən 2900 manat məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehin əvvəllər soyadı “Alıyeva” olsa da, sonradan “Ağayeva” soyadına çevrilmişdir. Onunla müqavilə imzalayan zaman cavabdeh şəxsiyyət vəsiqəsini təqdim etmiş və surəti də onun tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Orada soyad “Alıyeva” göstərilsə də, hazırda cavabdeh “Ağayeva” soyadındadır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 və alıcı Ağayeva (Alıyeva) Aytəkin Valeh qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı tərəfindən ,75 qram çəkisi olan 583 əyarlı qızıl sep, çəkisi 2,6 qram olan 585 əyarlı qızıl sep, çəkisi 5,75 qram olan 585 əyarlı qızıl bilərzik, çəkisi 8,05 qram olan 750 əyarlı qızıl bilərzik, çəkisi 5,78 qram olan 750 əyarlı qızıl klon və çəkisi 2,52 qram olan 585 əyarlı qızıl kişi üzükdən ibarət qızıl-zinət əşyaları nisyə olaraq alınmışdır. İlkin ödəniş olaraq 410 mamat ödənilmiş, geri qalan 2900 manat isə 2019-cu ilin oktyabr ayına kimi qaytarmağı alıcı üzərinə götürmüşdür. Ağayeva (Alıyeva) Aytəkin Valeh qızı tərəfindən yazılmış ərizədən görünür ki, o, dəyəri 3310 manat olan 6 ədəd qızıl-zinət əşyalarını nisyə olaraq X2 almış və dəyərini hər ay ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş olaraq isə 410 manat vermişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yazılı olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Cavabdeh ondan nisyə olaraq xx.xx.2019-cu il tarixdə ümumi dəyəri 3310 manat olan 6 ədəd qızıl-zinət əşyası almış, ilkin ödəniş olaraq isə 410 manat ödəmişdir. Geri qalan 2900 manat pulu isə 2019-cu ilin oktyabr ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin puldan hazırki vaxta kimi iddiaçıya hər hansı ödəniş etməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Ağayeva (Alıyeva) Aytəkin Valeh qızından 2900 manat məbləğdə pul alınaraq iddiaçı X4 verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 60 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Ağayeva (Alıyeva) Aytəkin Valeh qızından 2900 (iki min doqquz yüz) manat məbləğdə pul alınaraq iddiaçı X4 verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 60 (altmış) manat pulun əvəzi cavabdeh Ağayeva (Alıyeva) Aytəkin Valeh qızından alınaraq iddiaçı X4 oğluna verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar