Məhkəmə qərarları › İş №2(062)-184/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-184/2023

23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-184/2023 23.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh götürdüyü kreditə görə 9200 manat əsas, faiz borcuna görə 7999,84 manatın, cəmi 17199.84 manatın, dövlət rüsumu olaraq ödənilmiş 140 manat pulun, 150 manat çəkilmiş vəkil xərcinin, cəmi 17939.84 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə birgə nikaha daxil olmuşlar. Ailə qurduqdan bir müddət sonra Cavabdeh onun adına kredit götürməyi təklif etmiş və bildirmişdir ki, həmin kredit sadəcə kağız üzərində rəsmiləşdirmək üçündür, ödənişləri özü edəcəkdir. O də ona inanmışdır. Beləcə o, Kapital Bankın xx.xx.2021-ci il tarixli GTKR3394958A182 nömrəli kredit müqaviləsi əsasında 60 ay müddətinə 28% dərəcəsi ilə onun adına 9200 manat məbləğində pul almış və həmin pulu borclarına ödəniş etmişdir. O, götürülən kredit məbləğini özü ödəyəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Kredit də onun adına götürüldüyü üçün onun əmək haqqı kartından çıxılır. Hazırda onlar müəyyən səbəblərə görə boşanma dərəcəsinə çatmışlar. Qarşı tərəf isə hələdə öhdəliyini yerinə yetirmir. Sözügedən kredit müqaviləsinin müddəti hələ xx.xx.2026-cı ildə bitəcəkdir. Cavabdeh ilə nikah müqavilələrinin pozulması mərhələsindədirlər. Onlar ər-arvad deyillər, onun üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi və indiyədək müqavilə əsasında onun ödədiyi ödənişlərin ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etməyi qərara almışdır. Əlində sübutları vardır, müvafiq kredit müqaviləsi ona məxsus maaş kartından çıxılan ödənişlərlə bağlı çıxarış və ödəniş qəbzləri mövcuddur. Onlara sübut olaraq ərzəsinə əlavə edir. İddiaçının nümayəndəsi vəkil X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi vəkil X3 məhkəmə iclasında iştirak edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh iddia tələbinin etiraf edilməsinə dair ərizə yazarkən məsələnin mahiyyətini başa düşməmişdir. Belə ki, Elçin elə bilmişdir ki, söhbət digər kreditdən gedir. Belə ki, o Unibank KB ASC-dən kredit götürmüş, özü də həmin krediti ödəyir. Ona görə də İddiaçı iddia tələbi əsassızdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarnı dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli GTKR3394958A182 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Kapital Bank ASC-nin Tovuz filialından 60 ay müddətinə 28% dərəcəsi ilə 9200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Kapital Bank ASC-yə ödənilməli olan cəmi məbləğ 17199,84 manatdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Kapital Bank ASC tərəfindən verilmiş kredit tarixçəsindən görülür ki, kredit borcu hal-hazıradək borclunun əmək haqqı hesabından tutulur. İş materiallarında olan 1268nkSMKR/21 saylı kredit müqaviləsinə iki saylı əlavədən görünür ki, Cavabdeh adına olan kredit üzrə cəmi ödənilməli məbləğ 8615,21 manat müəyyən edilmişdir. İşə əlavə olunmuş ərizədən görünür ki, Cavabdeh iddia tələbini qəbul etməmiş, iddiaçının tələb etdiyi pulun toydan sonra yaranmış borclarına xərclədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə birgə nikahda olan dövr ərzində Kapital Bank ASC-dən Xanım 9200 manat məbləğində kredit götürmüş və həmin pulu Cavabdeh vermişdir. Cavabdehin məhkəməyə göndərdiyi ərizəsindən də müəyyən edilir ki, o həmin pulu qəbul etmiş və qaytarmamasının səbəblərini toydan yaranmış borclarının ödənilməsi ilə əlaqələndirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin cavabdehin təzyiq altında həmin ərizənin yazılması ilə bağlı dəlillərinə münasibətdə onu qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, cavabdeh məhkəmə iclasına gəlməmiş, həmin ərizə məhkəmənin dəftərxanası vasitəsilə halkimə təqdim edilmişdir. Bundan başqa da cavabdeh fəaliyyət qabiliyyətli şəxs olmaqla öz hərəkətlərinin mahiyyətini dərk edən fiziki şəxsdir. Həmin ərizə göründüyü kimi xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur. Cavabdehin vəkilinə verdiyi etibarnamədən görünür ki, o nümayəndəsinə 10 sentyabr 2022-ci ildə etibarnamə vermişdir. Belə olduğu halda cavabdehin nümayəndəsi ilə məsləhətləşdikdən sonra ərizə yazmaq imkanları da real olmuşdur. Məhkəmə qeyd edir ki, götürülmüş kredit borcu ailənin ümumi mənafeyinə deyil, cavabdehin toy zamanı yaranmışç şəxsi borclarına sərf edilmişdir. Bunun əksi isə cavabdeh tərəfindən sübut edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən borc ərarvadın ümumi borcu hesab edilə bilməz. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 9200 manat pula aid hissədə təmin edilməlidir. Məhkəmə götürülmüş kreditə görə faizlərin ödənilməsinə də münasibətdə onu qeyd edir ki, Mülki Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının faizlərlə əldə etdiyi pul məbləğini özünün borcuna sərf etməklə hüquqdan sui istifadə etmiş və nəticədə iddiaçıya 7999,84 manat məbləğində ziyan vurmuşdur. Belə kii, kredit tarixçəsindən də görünür ki, götürülmüş kredit məbləği hal-hazıradək əsas borc və faizləri ilə birlikə onun əmək haqqı hesabından tutulur. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə onu da qeyd edir ki, iddiaçı kredit məbləğini götürüb cavabdehə verərkən götürülmüş məbləğə görə fazilərin də ödənilməli olduğunu bilmişdir. Belə ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Odur ki, iddia tələbi dəymiş ziyan şəklində 7999,84 manata said hissədə də əsaslıdır və həmin hissədə təmin edilməlidir. Məhkəmə vəkilə ödənilmiş pulun ödənilməsinə dair hissədə iddia tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı bu hissədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli 17199.84 manat pul və dövlət rüsumu kimi ödənilmiş 140 manat pul Cavabdeh tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17199.84 manat borc və dövlət rüsumu kimi ödənilmiş 140 manat pul, 17339(on yeddi min üç yüz otuz doqquz) manat, 84 (səksən dörd )qəpik Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar