Məhkəmə qərarları › İş №2(062)-1853/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1853/2024

04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1853/2024 04.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi nümayəndə tərəfindən imzalansa da, ərizəyə nümayəndənin yaxın qohumluq münasibətini təsdiq edən sənəd(doğum haqqında şəhadətnamə) əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Bundan başqa da göründüyü kimi etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti xüsusilə qeyd edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddiaçının diqqətinə o da çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizə geri qaytarılmalı, ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152,263-264-cü, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar