Məhkəmə qərarları › İş №2(062)-2020/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2020/2024

31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2020/2024 31.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı Məmmədova (Həbibzadə) Yeganə Zərbəli qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Məmmədova (Həbibzadə) Yeganə Zərbəli qızının Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Məmmədova (Həbibzadə) Yeganə Zərbəli qızı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 sentyabr 2014-cü ildə anadan olmuş Rəvanın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər ay 235 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədova (Həbibzadə) Yeganə Zərbəli qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 aprel 2013-cü ildə evlənib ailə qurmuş və birgə nikahlarından 22 sentyabr 2014-cü ildə Rəvan adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında yaranan narazılğa görə faktiki olaraq ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaq onun yanında saxlanılmış və Rəvanın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 85 manat alimentin ödənilməsi qət edilmişdir. Yaşayış xərcləri xeyli artmışdır. Müəyyən olunan aliment məbləği uşağın maddi təminatını kifayət qədər təmin etmir. Bundan başqa cavabdeh fərdi əməklə məşğul olur. Ona görə də, Cavabdeh 22 sentyabr 2014-cü ildə anadan olmuş Rəvanın yetkinlik yaşma çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər ay 235 manat, miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Məmmədova (Həbibzadə) Yeganə Zərbəli qızı iddia tələbini müdafiə edərk bildirdi ki, Hazırda Bakı şəhərində yaşayır və AEMC şirkətində satıcı vəzifəsində çaılışır.Əmək haqqı 343 manat təşkil edir. Şəhər yerində uşağı saxlamaq cox çətindir. Cavabdeh uşağın saxlanılmasında əlavə maddi yardım göstərmir. Çox nadir hallarda uşağa koməklik edibdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, mağazində mühafizəçi işləyir və əmək haqqı 280 manat təşkil edir. Arada fəhləlik edir. Maddi imkanı zəifdir. 150 manat aliment təyin edilməsinə etiraz etmir. İddiaçı uşağı ona göstərmir. Eyni zamanda onun başqa nikahdan da uşağı var və ona da aliment ödəyir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 30 sentyabr 2016-ci il tarixli, 2(062)-2766/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, Rəvan adlı uşaq İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşaq üçün 85 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(062)-1529/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 160 manat aliment alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 30 sentyabr 2016-ci il tarixli, 2(062)-2766/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, Rəvan adlı uşaq İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşaq üçün 85 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından birgə nikahlarından 22 sentyabr 2014-cü ildə anadan olmuş Rəvan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 30 sentyabr 2016-ci il tarixli, 2(062)-2766/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 22 sentyabr 2014-cü ildə anadan olmuş Rəvan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 190 məbləğində aliment Məmmədova (Həbibzadə) Yeganə Zərbəli qızının xeyrinə tutulmalıdır. Məhkəmə alimentlə bağlı məsələni həll edərkən bu vaxta qədər ödənilmiş alimentin məbləğinin əvvəlki illərin yaşayış minimumundan dəfələrlə az olmasını, bu müddət ərzində uşaqların yaşayış minimumunun ana tərəfindən ödənilməsini də nəzərə alır. Eyni zamanda alimentin məbləği artırılarkən cavabdehin digər nikahdan da uşağının olması nəzərdən keçirilmişdir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 235 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 190 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 105 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 1260 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.Ona görə də Cavabdeh 32,60 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 30 sentyabr 2016-ci il tarixli, 2(062)-2766/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 22 sentyabr 2014cü ildə anadan olmuş Rəvan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat məbləğində aliment Məmmədova (Həbibzadə) Yeganə Zərbəli qızının xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 32 (otuz iki) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar