Məhkəmə qərarları › İş №2(062)-2101/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2101/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2101/2023 26.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan xx.xx.2018-ci ildə anadan olmuş qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin artırılmasına, cavabdehdən hər ay sabit pul məbləğində 220 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında evlənib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə X5 adlı uşağı anadan olmuşdur. Sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Tovuz Rayon Məhkəməsin 2(062)-284/2022 saylı qətnaməsinə əsasən Nurun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir.Lakin o, 150 manat miqdarında alimentlə Nurun sosial xərclərini ödəyə bilmir, onun saxlanılması üçün ona maddi köməklik lazımdır. Ona görə də, Cavabdeh ilə birgə nikahdan xx.xx.2018-ci ildə anadan olmuş qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin artırılmasına, cavabdeh hər ay sabit məbləğində 220 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bidirdi ki, cavabdeh qardaşının mağazasında fəhlə işləyir. Aliment ödəməyə imkaı vardır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir uşağı anadan olmuş və həmin uşaq iddiaçının himayəsindədir. iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)-284/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh nikahları pozulmuş və Cavabdeh 05 noyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)-284/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh nikahları pozulmuş və Cavabdeh 05 noyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)-284/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusuya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 28 mart 2016-cı il tarixli №8-2/2016 saylı Qərarının 8.2-ci bəndində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin öyrənilməli olması, bu zaman məhkəmələrin uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalı olmaları göstərilmişdir. Həmin Qərarın 8.4-cü bəndində məhkəmənin alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalı olması, 8.5-ci bəndində sabit pul məbləğində aliment tutularkən məhkəmələrin Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməli olduqları (MPM-nin 77.3 maddəsi) göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, alimentin miqdarının 40 manat məbləğində artırılması günün təlabatından irəli gəlir. Eyni zamanda cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı öz etirazını da bildirməmişdir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər bir uşaq üçün 190 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 40 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 480 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatadək 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)-284/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar