Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2240/2023 25.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abdulhəsən oğluna qarşı «qanunsuz müdaxilənin aradan qaldırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abdulhəsən oğluna qarşı «qanunsuz müdaxilənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz şəhəri X1 küçəsində yerləşən ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evində inşaat işlərinə, evin sökülərək yenidən inşa edilməsinə göstərilən qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı Nümayəndə təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, reyestr nömrəsi **********66-10301 olan çıxarışa əsasən, tərəflərin adına paylı mülkiyyət kimi fərdi yaşayış evi və torpaq sahəsi qeydə alınmışdır. Fərdi yaşayış evinin 42.2 kv metr hissəsi iddiaçıya məxsusdur. Yaşayış sahəsi Tovuz rayon Məhkəməsinin qətnaməsinə əsasən, naturada iddiaçıya verilmişdir. Fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ştrixlənmiş formada texniki pasportda göstərilmişdir. Onlar özlərinə məxsus giriş-çıxış yollarını dəyişmişlər. Mübahisə olunan fərdi yaşayış evini 1947-ci ildə tikdirmişlər, ev çiy kərpicdən tikilmiş, dam örtüyü köhnəlmiş, bina istismar müddətini başa vurmuşdur. Millər çürümüşdür., dam örtüyündən yağış suları evə dolur, evin uçmaq təhlükəsi vardır. Binanın tikintisinə, yenidən qurulmasına ehtiyac olsa da, cavabdehlər buna imkan vermir. İnşaat işlərinin görülməsinə maneə yaradırlar. Ona görə də, Tovuz şəhəri X1 küçəsində yerləşən ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evində inşaat işlərinə, evin sökülərək yenidən inşa edilməsinə göstərilən qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abdulhəsən oğluna məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Tovuz şəhəri X1 küçəsi ev 38 ünvanında yerləşən 0,0882 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında fərdi yaşayış evi 42,2 kv metr, torpaq sahəsi 0,0595 ha hissədə İddiaçı, fərdi yaşayış evi 11,1 kv metr, torpaq sahəsi 0,00957 ha hissədə Cavabdeh3 Abdulhəsən oğluna, fərdi yaşayış evi 11,1 kv metr, torpaq sahəsi 0,00957 ha hissədə Cavabdeh2 və fərdi yaşayış evi 11,1 kv metr, torpaq sahəsi 0,00957 ha hissədə Cavabdeh1 məxsusdur. Tovuz rayon İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin 25 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Tovuz şəhəri X1 küçəsi ev 38 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, evin yaşayış üçün tam yararsız olması müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, reyestr nömrəsi **********66- 10301 olan çıxarışa əsasən, tərəflərin adına paylı mülkiyyət kimi fərdi yaşayış evi və torpaq sahəsi qeydə alınmışdır. Fərdi yaşayış evinin 42.2 kv metr hissəsi iddiaçıya məxsusdur. Yaşayış sahəsi Tovuz rayon Məhkəməsinin qətnaməsinə əsasən, naturada iddiaçıya verilmişdir. Fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ştrixlənmiş formada texniki pasportda göstərilmişdir. Onlar özlərinə məxsus giriş-çıxış yollarını dəyişmişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Tovuz şəhəri X1 küçəsi ev 38 ünvanında yerləşən 0,0882 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında fərdi yaşayış evi 42,2 kv metr, torpaq sahəsi 0,0595 ha hissədə İddiaçı, fərdi yaşayış evi 11,1 kv metr, torpaq sahəsi 0,00957 ha hissədə Cavabdeh3 Abdulhəsən oğluna, fərdi yaşayış evi 11,1 kv metr, torpaq sahəsi 0,00957 ha hissədə Cavabdeh2 və fərdi yaşayış evi 11,1 kv metr, torpaq sahəsi 0,00957 ha hissədə Cavabdeh1 məxsusdur. Tovuz rayon İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin 25 sentyabr 2023-cü il tarixli məktubuna əsasən, Tovuz şəhəri X1 küçəsi ev 38 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, evin yaşayış üçün tam yararsız olması müəyyən edilmişdir. İddiaçı həmin yaşayış sahəsini təmir etdirmək istəsə də, cavabdehlər buna mane olurlar. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin tövsifedici əsas hüquq norması Mülki Məcəllənin 157.4-cü maddəsidir. Həmin normada təsbit edilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı öz mülkiyyətində olan 0,0595 ha torpaq sahəsi və ümumi sahəsi 75,60 kv metr olan fərdi yaşayış evinin 42,2 kv metr hissəsi iddiaçıya məxsusdur, ona görə də həmin hissədə iddiaçı öz mülkiyyətində təmir-tikinti və ya inşaat işləri apara bilər. Buna görə cavabdehlərin hər hansı müdaxiləsi yolverilməzdir. Mülki Məcəllənin 164.1-ci maddəsində deyilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Beləliklə, məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, iddia tələbi yalnız çıxarışa əsasən, iddiaçıya məxsus hissəyə müdaxiləyə son qoyulması hissəsində əsaslı olduğundan həmin hissə təmin edilməli, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və yaşayış evinə edilən qanunsuz müdaxilələrə son qoyulmalıdır. İş üzrə tərəflərin paylı mülkiyyətində olan yaşayış sahələri bir-birinə bitişik olsa da, onların mülkiyyətindədir və hər biri mülkiyyətində olan əmlak barəsində hər hansı qanunazidd olmayan hərəkətdə sərbəstdirlər. Belə olan halda iddianın paylı mülkiyyətdə olan yaşayış evinin digər hissələrində hər hansı hərəkətin aparılması cavabdehlərin mənafeyinə toxunur. Ona görə də iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abdulhəsən oğlu tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında xüsusi mülkiyyətində olan Tovuz şəhəri X1 küçəsində yerləşən özünə məxsus ümumi sahəsi 75,60 kv metr, 38 nömrəli fərdi yaşayış evinin 42,2 kv metr hissəsində söküntü, tikinti işlərinin aparılmasına göstərilən qanunsuz müdaxilələrə son qoyulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2240/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2240/2023
25.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver