Məhkəmə qərarları › İş №2(062)-2387/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2387/2025

18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2387/2025 18.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahlarından doğulmuş Elltac və Nəzrin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, minimum əmək haqqının 0,7 misli miqdarında alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh və onun arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən cavabdehdən hər ay bir uşaq üçün 100 manat olmaqla, 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə razılığa gəlmişlər. Barışıq sazişi bağlanarkən Cavabdeh ona əlavə köməklik göstərəcəyini bildirmiş, lakin cavabdeh ona heç bir əlavə köməklik göstərməmişdir. Hazırda ödənilən məbləğ uşaqların saxlanması üçün kifayət etmir və maddi sıxıntılar yaşayır. Həmçinin birgə nikahlarından doğulan Nəzrin adlı uşaq üçüncü dərəcəli əlil olduğundan uşağın əlavə müalicə və qulluq xərcləri vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, onların birgə nikahlarından olan Nəzrin adlı uşaq 3-cu qrup əlil olduğundan əlavə qulluq və müalicə xərcləri çəkməli olur. Mediasiyada razılaşdığımız hər uşaq üçün 100 manat məbləğində aliment həddindən artıq az olmaqla uşaqların maraqlarına uyğun deyildir. Odur ki, iddianın qismən təmin edilərək, bir uşaq 200 manat aliment təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, hal-hazırda başqa şəxslə nikaha daxil olmuş və xərcləri çoxalmışdır. Ona görə də bir uşaq üçün tələb olunan 280 manat məbləğində aliment ödəməyə maddi imkanı yol vermir. Həmçinin iddiaçı ilə hər ay hər uşaq üçün 200 manat məbləğində alimentin alınıb ona verilməsi barədə razılığa gəlmişlər. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-1275/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 877 saylı nikah aktı pozulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞT/MT024/2025-0150 nömrəli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh X3 birgə nikahlarından anadan olan Eltac və Nəzrin adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində alimentin Cavabdeh alınaraq X2 verilməsi barədə razılığa gəlmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmənin mövqeyi: Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (cəmi 200 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda işdəki sənədlərdən görünür ki, Nəzrin adlı uşaq xəstə olmaqla davamlı olaraq qulluq və müalicə tələb edir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə xərcləri: Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞT/MT024/2025-0150 nömrəli barışıq sazişi ilə müəyyən edilmiş tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016ci il təvəllüdlü X5 və xx.xx.2013-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün razılığa gəlinən alimentin miqdarı artırılsın. xx.xx.2016-ci il təvəllüdlü X5 və xx.xx.2013-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, minimum əmək haqqının 0,5 misli miqdarında aliment alınaraq X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar