Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2393/2023 11.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması tələbinə» dair mülki işə Tovuz şəhərində 11 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 20 sentyabr 2006-cı ildə anadan olmuş İsmət və 14 dekabr 2007-ci ildə anadan olmuş Lilpar adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 25 avqust 2014-cü il tarixli qətnaməsi ilə İsmət və Lilpar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat aliment alınıb ona verilməsi qət edilmişdir. İsmət və Lilpar adlı uşaqlar onun himayəsindədir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Odur ki, Cavabdeh 20 sentyabr 2006-cı il tarixdə anadan olmuş İsmətin və 14 dekabr 2007-ci ildə anadan olmuş Lilparın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay sabit məbləğdə hər uşağa görə 220 manat aliment alınıb ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 20 sentyabr 2006-cı ildə İsmət və 14 dekabr 2007-ci ildə Lilpar adlı uşaqları anadan olmuşdur. Surəti işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-1432/2014 saylı, 25 avqust 2014-cü il tarixli qətnamədən görünür ki, 20 sentyabr 2006-cı il tarixdə anadan olmuş İsmət və 14 dekabr 2007-ci ildə anadan olmuş Lilpar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 20 sentyabr 2006-cı ildə İsmət və 14 dekabr 2007-ci ildə Lilpar adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar anasının yanındadır. Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh uşaqların saxlanılması üçün aliment ödəyir. İddiaçı aliment məbləğinin artırılmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların diqqətəlayiq mənafeyini və tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, uşaqların saxlanması üçün ayda ödəniləcək alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay hər uşağa görə 150 manat müəyyən olunmaqla iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu artırılmış hissədə 1000 manatdan çox, yəni 1680 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 36,8 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 2(062)-1432/2014 saylı 25 avqust 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 20 sentyabr 2006-cı il tarixdə anadan olmuş İsmət və 14 dekabr 2007-ci ildə anadan olmuş Lilpar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. Cavabdeh 36,8 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2393/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2393/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver