Məhkəmə qərarları › İş №2(062)-256/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-256/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-256/2024 24.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması tələbinə» dair mülki işə Tovuz şəhərində 24 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 25 avqust 2015-ci ildə anadan olmuş Rəsul adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 220 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Rəsul adlı uşaq onun himayəsindədir. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Odur ki, Cavabdeh 25 avqust 2015-ci il tarixdə anadan olmuş Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay sabit məbləğdə 220 manat aliment alınıb ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 25 avqust 2015-ci ildə Rəsul adlı uşaqları anadan olmuşdur. Surəti işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-2861/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, 25 avqust 2015-ci il tarixdə anadan olmuş Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 25 avqust 2015-ci ildə Rəsul adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq anasının yanındadır. Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh uşağın saxlanılması üçün aliment ödəyir. İddiaçı aliment məbləğinin artırılmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə tərəflərin birgə yaşayışlarından anadan olmuş uşağın diqqətəlayiq mənafeyini və cavabdehin əmlak vəziyyətini nəzərə alaraq, uşağın saxlanması üçün ayda ödəniləcək alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay 200 manat müəyyən olunmaqla iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu artırılmış hissədə 480 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 2(062)-2861/2021 saylı 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 25 avqust 2015-ci il tarixdə anadan olmuş Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar