Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-258/2023 21.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X5 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən dişlərinin yenidən bərpası üçün 4000 manat, vurulmuş mənəvi ziyana görə 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat olmaqla cəmi 10400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyun ayında dişlərini düzəltdirmək üçün Tovuz rayon, Əyyublu kəndində stomatoloq kimi fəaliyyət göstərən Cavabdeh müraciət etmişdir. Cavabdeh ondan körpü formalı 12 ədəd zirkon diş üçün 1800 manat pul almışdır. Amma onun səhlənkarlıqla düzəltdiyi dişlər ağız hissəsini yara etmiş və artıq neçə aydır ki, qidalanmada çətinlik çəkir. Bundan başqa dişlərin agzında əmələ gətirdiyi yaraların ağrısından gecələr yata bilmir. Bunun üçün də məcbur qalıb mütəmadi olaraq ağrıkəsicilər qəbul edir. Qeyri-rəsmi əldə etdiyi məlumatlara əsasən cavabdehin diş düzəltməklə məşğul olmaq üçün heç bir rəsmi sənədi yoxdur. Dişləri ilə bağlı rentgen sənədlərindən görünür ki, cavabdehin ona qoyduğu dişlər onda fəsad yaratmış və artıq həmin dişlərin sökülərək zədələnmiş hissələrinin müalicə olunaraq dişlərin yenisi ilə əvəz olunması zəruri yaranmışdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, cavabdehdən polis şöbəsinə şikayətlə də müraciət etmişdir. Həmin şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin vaxt özü ərizə yazmış və cavabdehdən şikayətçi olmamışdır. Çünki ona dəymiş ziyanın 1000 manatı cavabdeh tərəfindən verilmiş, geri qalan 800 manatı isə cavabdeh verəcəyini qeyd etmişdir. Sonradan o məbləğdə cavabdeh tərəfindən ona verilmişdir. Hazırda tələb etdiyi maddi ziyan üzrə məbləğ cavabdehin düzəltdiyi dişlərin verdiyi fəsadların aradan qaldırılması üçündür. Bu barədə Bakı şəhərində müxtəlif klinikalarda olmuş və orda həkimlər ona qoyulmuş dişlərin agız üçün fəsad verdiyini təsdiq etmişlər. Həmçinin şikayəti üzrə onu ekspertizadan keçirən həkim özü də etiraf etmişdir ki, onun fəaliyyəti stomatologiya üzrə deyildir. Ona görə ümumi rəy vermişdir. Bundan başqa qoyulan dişlər hazırda onun ağzındadır və hər gün ağrı olduqda mənəvi gərginlik yaşayır. Ona görə də cavabdehdən mənəvi ziyana görə də puı tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, cavabdeh tərəfindən iddiaçıdan aldığı 1800 manat pul ona geri qaytarılmışdır. Məhz bu əsasa görə iddiaçı polis şöbəsində şikayətçi olmamışdır. Hazırda iddiaçının yenidən cavabdehdən pul istəməsi əsassızdır. Çünki ona dəymiş maddi ziyan ödənilmişdir. Eyni zamanda iddiaçının cavabdehə düzəldiyi dişlər hələ də cavabdehin ağzındadır. Cavabdeh həm dişlərin pulunu iddiaçıdan almış, üstəlik düzəldilən dişləri də ağzından çıxartdırmamışdır. Əgər düzəldilən dişlər iddiaçıya həqiqətən də şiddətli ağrılar vermişsə, onun ağzında yaralar yaranmışsa nə üçün iddiaçı həmin dişlərdən özü vəsaiti hesabına qurtulmur və ona çəkdiyi xərci tələb etmir. Eyni zamanda nə üçün polisdə araşdırma aparılan zaman iddiaçı araşdırmanın dayandırılmasını tələb etmişdir. Çünki cavabdehin düzəltdiyi dişlər iddiaçının ağzına hər hansı fəsad verməmişdir. Hazırda iddiaçının məqsədi əsassız varlanmaqdan ibarətdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Onu məhkəmə iclasında etibarnamə üzrə nümayəndəsi təmsil etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi üzrə X6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şikayət ərizəsi üzrə toplanmış K-1/3230 saylı rədd materialında olan İddiaçı tərəfindən yazılmış ərizədən görünür ki, o, X2 12 ədəd zirkon diş üçün ödədiyi 1000 manat pulu almış, geri qalan 800 manatı isə Elfaqın bir ay ərzində ödəyəcəyini bildirmişdir. Ona görə də, hər hansı şikayəti yoxdur və aparılan araşdırılmanın dayandırılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. Həmçinin onu da məhkəmə qeyd edir ki, birinci növbədə iddia tələbinin maddi ziyanla bağlı hissəsinə hüquqi qiymət verilməlidir. Çünlki mənəvi ziyanın ödənilməsi maddi ziyanla bağlı hissə təmin ediləcəyi halda uğurlu olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan maddi hüquq normaları iddia tələbinin maddi ziyanla bağlı hissəsinin qanuni əsasını təşkil edən normalardır. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir. İşin faktik halları ondan ibarətdir ki, cavabdeh stomatoloq kimi fəaliyyət göstərir və iddiaçıya 1800 manat müqabilində 12 ədəd zirkon diş düzəlmişdir. Hazırda həmin dişlər iddiaçının ağzındadır və onun tərəfindən çıxartdırılmamışdır. İddiaçı cavabdehin düzəltdiyi zirkon dişlərdən məmnun qalmadığı üçün cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə öz növbəsində pulu vermədiyindən iddiaçı polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun müraciəti əsasında polisdə təhqiqat bölməsində araşdırılma başlanmışdır. Araşdırma aparılan zaman cavabdeh aldığı pulun 1000 manatını iddiaçıya qaytarmış, geri qalan 800 manatı isə bir ay ərzində qaytaracağını bildirmişdir. İddiaçı da onunla razılaşmış və şikayət ərizəsini geri götürmüşdür. İddiaçının şikayəti üzrə cinayət işinin başlanması xx.xx.2022-ci il tarixli qərarla rədd edilmişdir. Sonradan geri qalan 800 manat da iddiaçıya cavabdeh tərəfindən qaytarılmışdır. Hazırda isə iddiaçı iddia edir ki, həmin dişlərin ağzına verdiyi fəsadlara görə cavabdeh ona maddi ziyan kimi 4000 manat, keçirdiyi iztirablara görə isə mənəvi ziyan olaraq 6000 manat verməlidir. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. “Həqiqət” anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehin düzəltdiyi dişlərə görə ağzında hər hansı yaraların, ümumiyyətlə hər hansı fəsadın olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə mübahisəsiz haldır ki, cavabdeh tərəfindən düzəldilmiş 12 ədəd zirkon dişin əvəzi kimi iddiaçının ona verdiyi 1800 manat pul ona qaytarılmışdır. İddiaçı yalnız şifahi olaraq bildirmişdir ki, müxtəlif klinikalarda ona düzəldilmiş dişlərin ağzına fəsad verməsi bildirilmişdir. Bu barədə tibbi sənəd təqdim etməmişdir. Digər tərəfdən məhkəmə onu da göstərir ki, həqiqətən də iddiaçıya qoyulmuş zirkon dişlərin onun ağzına fəsad verməsi halı olsa idi, iddiaçının şikayət ərizəsi üzrə polisdə araşdırılma aparılan zaman iddiaçı dişlərin dəyərini cavabdehdən alan kimi şikayət üzrə araşdırılmanın dayandırılmasını tələb etməzdi. Həmin vaxt iddiaçının 1800 manat pulu alan kimi şikayət ərizəsini geri götürməsi, habelə hazırda zirkon dişlərin yenə də onun ağzında olması kimi hallar məhkəməyə iddianı əsassız hesab etməyə əsas verir. İddiaçının təqdim etdiyi sübut kimi səs yazısı ilə bağlı məhkəmə göstərir ki, həmin səs yazısınn hazırki iş üzrə hər hansı əhəmiyyəti yoxdur. Çünki iddiaçı özü polisdə araşdırılmanın aparılmasının dəymiş ziyan ona ödənildiyi üçün dayanndırılmasını xahiş etmişdir. Digər tərəfdən iddiaçının həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Göründüyü kimi iddia tələbinin maddi ziyanla bağlı hissəsi təsdiqin tapmadığından təmin oluna bilməz. Həmçinin maddi ziyanla bağlı hissənin təmin olunmaması nəticəsinə gəlindiyi üçün mənəvi ziyanın ödənilməsinə dair hissə üzrə araşdırılma aparılmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh X5 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-258/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-258/2023
21.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver