Məhkəmə qərarları › İş №2(062)-2632/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2632/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2632/2023 07.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə yaşayışlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh bir uşaq üçün 300 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında ailə qurmuş, daha sonra nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşayışlarından xx.xx.2021-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2(062)-684/2022 saylı qətnaməsinə əsasən cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşağı onun himayəsində saxlanılmış və Ayasofyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment, X4 3 yaşına çatanadək isə 40 manat məbləğində aliment cavabdehdən tutuklaraq ona verilməsi qət olunmuşdur. Lakin həmin aliment hazırki dövrdə uşağın tələbatını ödəmək üçün ona qismən də olsa kömək etmir. Hesab edir ki, alimentin artırılmasında zərurət vardır. Bundan başqa cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, yüksək məbləğdə əmək haqqı alır. Ona görə də, Cavabdeh ilə birgə yaşayışlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşağının saxlanılması üçün hər ay Cavabdeh bir uşaq üçün 300 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)- 684/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaq iddiaçının himayəsində saxlanılmış və Ayasofyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment, X4 3 yaşına çatanadək isə 40 manat məbləğində aliment cavabdehdən tutuklaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan və həqiqiliyi “AZEMİS” Elektron məhkəmə sistemi vasitəsi ilə aydınlaşdırılmış cavabdehə aid məlumatlardan görünür ki, Cavabdeh aktiv vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məğuldur və onun fəaliyyət növü bir uşaq üçün 250 manat məbləğində aliment ödənilməsi üçün yetərlidir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin faktiki nikahından 02 sentyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-684/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 02 sentyabr 2021ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 300 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər bir uşaq üçün 250 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 100 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 1200 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 1,000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Ona görə də Cavabdeh 32 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-684/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 02 sentyabr 2021cidə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar