Məhkəmə qərarları › İş №2(062)-27/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-27/2024

15.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-27/2024 15.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən avtomobilə vurulmuş ziyana görə 29826 manat, əldən çıxmış fayda qismində 6000 manat olmaqla cəmi 35826 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 198 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, etibarnamə ilə səlahiyyətli etdiyi X1 ("xxxx" MMC) cavabdehə «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə icarəyə vermişdir. Həmin avtomobilin mülkiyyətçisidir. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Qaracallı kəndi ərazisindən keçən 226-cı km-də cavabdeh idarə etdiyi «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı istiqamətində idarə edən zaman hərəkətdə olarkən sükan arxasında yuxulamaqla avtomobil üzərində idarəetməni itirərək avtomobili yolun sağ kənarında yerləşən Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusunun dirəyinə vurmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri «X3»də avtomobilə texniki baxış keçirilmişdir. Aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün dəyişiləcək ehtiyat hissələr və görüləcək işlərin nədən ibarət olduğu müəyyən edilmiş, nəticədə zərərin miqdarı cəmi 29826.00 manat hesablanmışdır. Mülkiyyətçi olaraq ona göstərilən həddə ziyan dəymişdir. Bundan başqa avtomobilin icarəyə verilməsi üçün günlük müəyyən edilmiş icarə haqqı 50 manatdır. Ayın 20 günü ortalama olaraq avtomobil icarəyə verilir. Bu isə aylıq 1000 manat təşkil edir. Odur ki, əldən çıxmış faydanı 6 ay üzrə 6000 manat qiymətləndirir. Qeyd olunanlara əsasən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, avtomobili X1 adlı şəxsdən ("xxxx" MMC) icarəyə götürmüşdür. Həmin vaxt adını çəkdiyi şəxsdən avtomobilin kasko sığortasının olub-olmadığını soruşmuşdur. Cavabında isə Əhməd Abdullayev bildirmişdir ki, icarəyə götürdüyü «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığortası vardır. Bundan sonra ona inanmış və avtomobili icarəyə götürmüşdür. İcarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olmuşdur. Lakin avtomobil onun istifadəsində olan zaman bədbəxt hadisə baş vermiş və xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Qaracallı kəndi ərazisindən keçən 226-cı kilometrliyində idarə etdiyi avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil üzərində idarəetməni itirərək avtomobili yolun sağ kənarında yerləşən Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusunun dirəyinə çırpmışdır. Hadisə yerinə polis əməkdaşları gəlmiş və araşdırma başlanmışdır. Araşdırma nəticəsində xx.xx.2022-ci ildə barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənbeh görülməsi qərara alınmışdır. Hadisə nəticəsində avtomobilə ziyan dəysə də, ziyanın məbləği ilə razı deyildir. Çünki həmin avtomobilin bazar dəyəri ziyanın məbləğindən azdır. Ona görə ekspert rəyini də qəbul etmir. Bundan başqa ona avtomobilin kasko sığortasının olduğunu bildirdikləri üçün maşını icarəyə götürmüşdür. Əks halda götürməzdi. Əgər kasko sığorta avtomobilə dəymiş ziyanı ödəmişsə, iddiaçının ondan pul tələb etməsi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənbeh görülməsi qərara alınmışdır. Nəqliyyat vasitəsinin BB 213528 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5195 saylı rəyindən görünür ki, tədqiq olunan 2016-cı il buraxılışlı «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur. Zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla 18900 manat müəyyən edilir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh icarəyə verilmiş «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir sığorta haqqı ödənilməmişdir. Ümumiyyətlə həmin avtomobilin “Kasko sığortası” yoxdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus olan və etibarnamə əsasında onun tərəfindən "xxxx" MMC-yə istifadəyə verilmiş «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə icarəyə götürmüşdür. Avtomobil Cavabdeh sahiblik və istifadəsində olan zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaracallı kəndi ərazisindən keçən 226-cı kilometrliyində Cavabdeh idarə etdiyi avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil üzərində idarəetməni itirərək avtomobili yolun sağ kənarında yerləşən Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusunun dirəyinə çırpmışdır. Araşdırma nəticəsində xx.xx.2022-ci ildə barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənbeh görülməsi qərara alınmışdır. Hadisə nəticəsində iddiaçıya məxsus «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən avtomobilə dəymiş maddi ziyanın hansı məbləğdə olmasının müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy əsasında müəyyən edilmişdir ki,«Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla 18900 manat müəyyən edilir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki ekspert nəticəyə gələrkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur. Göründüyü kimi ekspert gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və rəyi müfəssəl tərtib etmişdir. Ona görə də ekspert rəyi mötəbər sayılmalı və sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cavabdehin avtomobilin kasko sığortası olması və iddiaçıya vurulmuş ziyanın ödənilməsi dəlili ilə bağlı araşdırılma aparılmışdır. Belə ki, "xxxx" MMC-nin verdiyi arayış ilə aşkar edilmişdir ki, Cavabdeh icarəyə verilmiş «Hyundai Elantra» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir sığorta haqqı ödənilməmişdir. Ümumiyyətlə həmin avtomobilin “Kasko sığortası” yoxdur. Göründüyü kimi cavabdehin bu dəlili əsassızdır. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini işin faktik halları baxımından hüquqi qiymətləndirərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi qanunamüvafiq olar. Çünki, iş materialları ilə cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Həmçinin onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avotmobilə dəymiş ziyan ekspert rəyi ilə 18900 manat müəyyən edilmişdir. Belə olan halda iddiaçıya verilməli olan maddi ziyanın məbləği onun özünün tələb etdiyi həddə deyil də, rəyə uyğun olmalıdır. İddia tələbinin əldən çıxmış fayda kimi 6000 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə iddia ərizəsi formal olaraq əsaslandırılmış, hər hansı fakta istinad edilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, bu hissədə iddia əsassızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 18900 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq büdcəyə ödənilmiş 198 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib 146,7 manat hissəsinin əvəzinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 50 manat pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 18900 (on səkkiz min doqquz yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 198 (bir yüz doxsan səkkiz) manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib 146,70 (bir yüz qırx altı manat yetmiş qəpik) manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 50 (əlli) manat məbləğdə pul Cavabdeh tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar