Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2715/2023 23.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC BOKT-un cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Kreditor "xxxx" MMC BOKT-un nümayəndəsi məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5li oğlu və Cavabdeh6 müştərək qaydada 1404,21 manat əsas, 31,87 manat faiz və 132,45 manat cərimə borcu olmaqla cəmi 1588,54 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun alınaraq iddiaçı təşkilata verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin borclu Cavabdeh1 məhkəmə əmrinə etiraz etdiyi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5li oğlu və Cavabdeh6 ilə təşkilat arasında bağlanmış xx.xx.2013-il tarixli GƏN-601/1 saylı kredit müqaviləsinə əsasən borclulara 4200 manat məbləğində qısa müddətli kredit verilmişdir. Borclularla bağlanmış kredit müqaviləsinin 4.2.3-cü maddəsinə əsasən borclular birgə borclular kimi cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasını birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə həyata keçirməlidirlər. Həmin müqavilənin 4.1.5-ci maddəsinə əsasən birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı qalan digər birgə borclulardan həmin öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Borclularla bağlanmış kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyırlar. Onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən borclular tərəfindən xx.xx.2016 il tarixə 1404,21 manat əsas borc, 31,87 manat faiz və 132,45 manat cərimə borcu yaranmışdır. Bu rəqəmlər təqdim olunmuş hesabatda aydın şəkildə öz əksini tapmışdır. Bununla da onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduqları zərər nəticəsində “İcraçı Kredit Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə borclulara dəfələrlə müraciət olunmasına, tərəfilərindən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onlar tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbus göstərilmir. Borclulara göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə bağlı göstərdi ki, onun tərəfindən kreditordan götürdüyü pulun böyük bir hissəsi ödənilmişdir. Hazırda yaranmış borc məbləği ümumi olan borcdur. Digər cavabdehlərin harada olmasından məlumatı yoxdur. Odur ki, qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmişlər. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə iştirak etməmələrinin üzrlü hesab edilməsi üçün məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor "xxxx" MMC BOKT ilə birgə borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5li oğlu və Cavabdeh6 arasında bağlanılmış xx.xx.2013-il tarixli GƏN-601/1 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən birgə borclulara illik 26 faiz olmaqla 12 ay müddətinə 4200 (hər birinə 700 manat olmaqla) manat məbləğdə kredit verilmişdir. Kreditor "xxxx" MMC BOKT tərəfindən təqdim edilmiş borc üzrə çıxarışdan görünür ki, Cavabdeh1 0,97 manat əsas, 0,09 manat cərimə borcu olmaqla cəmi 1,06 manat, Cavabdeh4 Məhəmməd oğlunun isə 350,81 manat əsas, 7,88 manat faiz və 33,58 manat cərimə borcu olmaqla cəmi 392,22 manat borcu vardır. Ümumilikdə qrup üzrə 351,78 manat əsas, 7,88 manat faiz və 33,62 manat cərimə borcu olmaqla cəmi 393,28 manat borc vardır. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2013-il tarixli GƏN-601/1 saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı təşkilat həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalanlar kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Mülki Məcəllənin 500.1-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. İş materiallarından görünür ki, borclular qrup kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onların kreditora borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borcluların üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Nəticədə kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Borcluların hansı həddə olması barədə iddiaçı tərəfindən kredit müqaviləsinin icrası barədə arayış təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə 351,78 manat əsas, 7,88 manat faiz və 33,62 manat cərimə borcu olmaqla cəmi 393,28 manat borc vardır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləğinin 2 manat həddində müəyyən edilməsi tərəflərin əmlak vəziyyətinə və müqavilənin şərtlərinə uyğun olar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5li oğlu və Cavabdeh6 müştərək qaydada qrup kredit müqaviləsi üzrə 351,78 manat əsas, 7,88 manat faiz, 2 manat cərimə borcu olmaqla cəmi 361,66 manat kredit borcunun alınaraq iddiaçı "xxxx" MMC BOKT-a ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5li oğlu və Cavabdeh6 müştərək qaydada qrup kredit müqaviləsi üzrə 351,78 manat əsas, 7,88 manat faiz, 2 manat cərimə borcu olmaqla cəmi 361,66 (üç yüz altmış bir manat altmış altı qəpik) manat kredit borcu alınaraq iddiaçı "xxxx" MMC BOKT-a verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pulun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5li oğlu və Cavabdeh6 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC BOKT -a verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2715/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2715/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver