Məhkəmə qərarları › İş №2(062)-275/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-275/2024

26.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-275/2024 26.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və cavabdeh X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X1 iştirakları ilə İddiaçı cavabdeh X5 qarşı «aliment məbləğinin dəyişdirilməsi tələbinə» dair mülki işə Tovuz şəhərində 26 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdeh X5 qarşı iddia qaldıraraq Tovuz rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh X2 tutulan aliment məbləğinin dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdeh X6 ilə el adəti qaydasında evlənmişlər. Birgə nikahlarından 04 yanvar 2020-ci ildə Amin adlı uşaqları olmuşdur. Tovuz rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay cavabdehin hər növ qazancının və gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda cavabdeh özəl sektorda işlədiyi üçün maaşından 86 manat tutulur, bu isə uşağın ehtiyaclarını ödəmir. Ona görə də aliment alınması qaydasını dəyişdirmək istəyir. Odur ki, birgə nikahlarından 04 yanvar 2020-ci ildə anadan olmuş Amin adlı uşağın saxlanılması üçün cavabdehdən hər ay 220 manat aliment tutulmasını xahiş edir. Cavabdeh X6 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X3 təmsil etmişdir. Məhkəmə işə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Cavabdeh X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, tərəflərin birgə nikahlarından 04 yanvar 2020-ci ildə Amin adlı uşaqları olmuşdur. Tovuz rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay oğlunun hər növ qazancının və gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Həmin aliment hər ay ödənilir. Oğlu hər dəfə uşaqla görüşəndə uşağa paltar və digər ehtiyaclarını alır. Tələb olunan alimenti ödəyə bilməz. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş doğum haqqında arayışdan məlum olur ki, tərəflərin birgə nikahlarından 04 yanvar 2020-ci ildə Amin adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş qətnamənin surətindən görünür ki, 10 yanvar 2023-cü il tarixindən başlayaraq 04 yanvar 2020-ci ildə anadan olmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X4 qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 04 yanvar 2020-ci ildə Amin adlı uşaqları olmuşdur. Tovuz rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay cavabdehin hər növ qazancının və gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı uşağın böyüyüb saxlanması üçün 01 mart 2023-cü il tarixli qətnamənin dəyişdirilərək cavabdehdən hər ay sabit pul məbləğində 220 manat aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq X2 hər ay 160 manat aliment alınıb 04 yanvar 2020-ci ildə anadan olmuş Amin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşağın mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(062)-469/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilmə qaydası dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 04 yanvar 2020-ci ildə anadan olmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 160 manat aliment alınaraq İddiaçı verilsin. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. X2 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar