Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2872/2025 07.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında alimentin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh tərəfindən 300 manat aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə el adəti ilə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Aylin adlı uşaqları olmuşdur. Birgə yaşamaqları mümkün olmadığına görə faktiki olaraq ayrılmışlar. xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən bir uşağın saxlanması üçün Cavabdeh hər ay 120 manat aliment ödənilməsi barədə razılaşmışlar. Hazırda aylıq ödənilən 120 manat aliment qızının tələbatlarını ödəməsi üçün kifayət etmir. Cavabdeh isə könüllü olaraq yardım etmir. Cavabdeh hər ay 300 manat aliment ödəmək imkanındadır. O, Tovuz şəhərində sahibkarlıqla məşğuldur, kifayət qədər qazancı vardır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsi ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 2018-ci il tarixdə evlənmişlər, nikahlarını rəsmiləşdirməmişlər. Həmin evlilikdən xx.xx.2019-cu il tarixdə Aylin adlı bir uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən hər ay 120 manat aliment ödəyir. Hazırda iddiaçı ondan yüksək məbləğdə aliment tələb edir. İddiaçının özü müəllim işləyir, əmək haqqı alır. O isə, heç bir yerdə işləmir, başqa bir yerdən gəliri, maddi qazancı yoxdur. Onurğa yırtığı xəstəliyindən əziyyət çəkir, əməliyyat olunmaq üçün maddi imkanı yoxdur. Həmçinin yenidən evlənmiş, həmin evlilikdən bir uşağı vardır. Birgə yaşadıqları dövrdə iddiaçı evdən qaçmış, ailələri dağılmışdır. O, uşağı ilə iki ildən artıqdır ünsiyyət qura bilmir. 120 manat aliment ödəmək imkanındadır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, aralarında bağlanmış barışıq sazişi ilə alimentin məbləği 120 manat müəyyən edilmişdir. Hazırda uşağı məktəbə gedir, buna görə də tələbatları artmışdır. Həmin məbləğ uşağın tələbatını ödəmək üçün kifayət etmir. O, qızı ilə birlikdə Bakı şəhərində yaşayır. Müəllim işləyir, 500 manat aylıq əmək haqqı alır. Cavabdeh rəsmi olaraq işləmir, ancaq Tovuz rayonunda mağazaları var, sahibkarlıqla məşğuldur. Tələb etdiyi alimenti ödəmək üçün kifayət qədər qazancı var. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bazarda mağazası var, lakin malları çox az olduğu üçün qazancı azdır. Yenidən evlənib, həmin evlilikdən bir uşağı var. Hazırda 170 manat aliment ödəmək iqtidarındadır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar AZ-İV 236554 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin birgə evliliklərindən xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ayın 1-dən gec olmayaraq 120 manat alimenti İddiaçı verməyi öhdəsinə götürmüşdür. “E-sosial” elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir. AZ-İİ 568539 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2023-cü il tarixdə nikahları qeydə alınmışdır. AZ-İV 840697 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X2r. X8 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞT/MT024/2025-0646 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İlkin mediasiya xərcləri (50 manat) İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin birgə evliliklərindən xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ayın 1-dən gec olmayaraq 120 manat alimenti İddiaçı verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı uşağın tələbatının artması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanması üçün Cavabdeh sabit məbləğdə hər ay bir uşaq üçün 300 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk əvvəl qeyd edir ki, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatları da artmışdır. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan barışıq sazişi ilə müəyyən edilmiş miqdarda alimentin uşaqların maddi tələbatlarını təmin etmədiyi açıq– aşkardır. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının tələb etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırki şəraitdə ayda 120 manat məbləğində təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Digər tərəfdən məhkəmə aliment məbləğini müəyyən edərkən cavabdehin yenidən evlənməsini və həmin evlilikdən bir uşağının olmasını da nəzərə alır. Bundan başqa məhkəmə uşağın maraqlarını rəhbər tutaraq, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının xx.xx.2025-ci il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin 9.4-cü maddədə qeyd olunur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (200x12=2400 manat) mütənasib olan 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli barışıq sazişi əsasında tutulan alimentin miqdarı dəyişdirilməli, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ödənilməmiş 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilməmiş 44 manat (qırx dörd) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-2872/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2872/2025
07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver