Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-295/2024 23.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən tutulan alimentin məbləğinin artırılması, xx.xx.2019-cu il təvəllüdlü Elman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə birgə nikahlarından xx.xx.2019cu il təvəllüdlü Elman adlı uşaqları doğulmuşdur. Həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentlə bağlı aralarında mediasiya sazişi bağlanmış və cavabdeh hər ay 80 manat məbləğdə aliment ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sazişi icra etmədiyi üçün məhkəmə qətnaməsi əsasında saziş təsdiq edilmişdir. Hazırda uşağın saxlanılması üçün maddi çətinlik çəkir. Cavabdeh isə hər hansı əlavə yardım etmir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, uşaq onun himayəsində saxlanıldığı vaxtdan bu yana cavabdeh tərəfindən hər hansı alimentdən başqa könüllü maddi yardım edilməmişdir. Uşaq böyüdükcə onun xərcləri da artır, həmin xərcləri isə tək qarşılaya bilmir. Ona görə alimentin artırılması şərtdir. Bununla yanaşı cavabdehin maddi durumunu nəzərə almaqla alimentin 150 manat məbləğdə müəyyən edilməsinə razıdır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı qeyd etdi ki, müəyyən edilmiş aliment məbləğini güclə ödəyir. Heç bir yerdə rəsmi işləmir və fəhləliklə məşğuldur. Aliment iddiaçının istədiyi məbləğdə artırılacağı halda ödəmək imkanı olmayacaqdır. Çünki maddi durumu çox pis haldadır. Alimentin hər ay artırılaraq 100 manat həddində müəyyən edilməsinə razıdır. Odur ki, iddianın qismən təmin olunmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-722 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin alimentin tutulmasına dair hissədə təsdiq edilməsi qət edilmişdir. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Elman adlı uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarnın izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, uşağa 80 manat aliment müəyyən olunduğu 2023-ci ildən sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin uşaq üçün hər ay 150 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Həmçinin məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə təsdiq edilmiş barışıq sazişinə əsasən Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Elman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği hər ay 150 manat həddində müəyyən edilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumundan azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 30 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə təsdiq edilmiş barışıq sazişinə əsasında Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Elman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-295/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-295/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver