Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2978/2023 25.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 7800 maanat borcun və 98 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 28 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 7800 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı pulu 26 noyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin bügünədək qaytarmamışdır. Ona görə də, Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 7800 maanat borcunun və 98 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o cavabdehin qeyri-yaşayış sahəsini almaq qərarına gəlmişdir. O həmin qeyri-yaşayış sahəsini amaq üçün cavabdehə 3000 manat beh vermişdir. Buna baxmayaraq Rauf ona demişdir ki, hələ sənədlər yerində olmadığından alqı-satqı etmək mümkün olmayacaqdır. Rauf həmin qeyri-yaşayış sahəsinin sənədlərinin hazırlanması üçün 5000 manat pul istəmiş, o da həmin pulu ona vermişdir. 7800 manat pulun alınmasına dair iddia qaldırsa da heç olmazsa 3000 manat pulun da olsa Raufdan alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o iddiaçı Zahidəni tanımır, o onun kürəkəni ilə iş görmüşdür. O obyektini satmaq istəyirdi. Lakin sənədləri yerində olmadığı üçün obyektin satışı baş tutmamışdır. Ona görə də o özünə məxsus maşını iddiaçının kürəkəninə vermişdi. Avtomobili öz aralarında 15000 manata qiymətləndirdilər. Kürəkəni həmin maşını öz xalası oğlunun adına keçirdi. İddiaçıdan aldığı pula görə borcdan 5000 manat pul avtomobillə əvəzləşdirildi. Bir dəfə 2000 manat, daha sonra isə 1500 manat da evində pul qaytarmışdır. Ona görə də, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, İddiaçı onun qaynanasıdır. Cavabdeh obyekt satırdı. Cavabdehə beh şəklində 3000 min beh verilib, sonra isə sənədlərin hazırlanması üçün 5000 manat pul verilib. Onun da iştirakı ilə cavabdehə 7800 manat pul verilmişdir. Sənədlər düzəlmədiyindən, qeyri-yaşayış sahəsinin alqı-satqısı baş tutmadı. Cavabdeh pulun əvəzinə 15000 manatlıq maşın verdi. Həmin maşının pulundan 5000 manat qaynanasının pulu çıxıldı. Daha sonra qaynanasına olan borcdan 1500 manat pul verildi. Qaynanası demişdi ki, Rauf 1500 manat da versə 2000 manat borcdan silinəcəkdi. Hazırda cavabdehin 3500 manat borcu qalıb. Məhkəmə tərəflərin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı mülki hüquq münasibətləri yaranmış, onlar bu hüquq münasibətlərini reallaşdırmaq məqsədi ilə notariat orqanına gedərək, 7800 manat məıbləğində borc müqaviləsi bağlamışlar. Məhkəmə araçdırılması zamanı müəyyən edilmişdir ki, notariusun depozit hesabına kpçürülmüş 7800 manat məbləğində pul sonradan iddiaçıya qaytarılmışdır. Məhkəmə hesab edir ki, əslində tərəflərin bağladıqları kredit müqaviləsi yalan əqddir. Belə ki, onların həqiqi niyyəti cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin alınması ilə bağlıdır. Yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə hesab edir ki, tərəflər kredit müqaviləsini bağlayarkən əslində nəzərdə tutduqları əqd gələcək əmlak barədə müqavilənin imzalanmasından ibarətdir. Belə ki, tərəflərin məqsədi cavabdehə məxsus qeyri-yaşayış sahəsinin alınmasından ibarətdir. Həmin qeyri-yaşayış sahəsinin sənədləri ntamam olduğundan tərəflər alqısatqımüqaviləsi bağlamaq imkanından məhrum olmuşlar. Ona görə də həmin əqdi bağlamaq imkanının təmin edilməsi üçün tərəflər arasında kredit müqaviləsi bağlanılmışdır. Məhkəmə hesab edir ki, həmin kredit müqaviləsi tərəflərin həqiqi niyyətini əks etdirmədiyindən etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinin tələbləri şamil edilməlidir. Belə ki, həmin maddəyə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Mülki Məcəllənin 393-cü maddəsinəəsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh özünə məxsus əmlakı digər tərəfə verməyi öhdəsinə götürsə də, həmin müqavilə notariat qaydasında təsdiq edilməli olduğundan tərəflər arasındakı münasibətin hər hansı hüquqi qüvvəsi yoxdur. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 7800 manat pulu hər hansı hüquqi əsas olmadan özündə saxlamış və bununla da əsassız olaraq varlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazirki işə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 7800 manat pulun cavabdeh tərəfindən qəbul edilməsi işin mübahisəsiz halı olsa da, o həmin məbləği iddiaçıya qaytarmaqla öhdəliyə xitam verilmişdir. Belə ki, əvvəla iddiaçı cavabdehdən 7800 manat pul istəməsinə baxmayaraq məhkəmə iclasında özü izahatında heç olmazsa 3000 manat da olsa pulun verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasında səmimi deyildir. Belə ki, cavabdehin 7800 manat ödənilməmiş öhdəliyi olduğu halda ödəyəcəyindən də çox, 4800 manat pulu hər hansı səbəb olmadan bağışlaması məntiqli görünmür. Bundan başqa da cavabdeh tərəfindən öhdəliyə xitam verilməsi iddiaçının özünün vəsatəti əsasında dindirilmiş şahidin ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı razılığı ilə 7800 manat pulun əvəzinə cavabdehdən 15000 manatlıq maşın alınmış. Həmin maşının pulunun bir hissəsi Raufa qaytarılmışdır. Yəni, həmin maşının pulundan 5000 manat qaynanasına olan borcun pulu çıxılmışdır. Daha sonra qaynanasına olan borcdan Rauf tərəfindən 1500 manat pul verilmişdir. Qaynanası demişdir ki, Rauf 1500 manat də verərsə 2000 manat borcdan silinəcəkdi. Əvvəla məhkəmə tərəfindən işdə olan kredit müqaviləsinin etibarsızlığı qənaətinə gəlindiyindən və həmin kredit müqaviləsi yalan əqd olduğundan həmin müqavilə üzrə götürülmüş məbləğ sonradan iddiaçıya qaytarıldığından məhkəmə hesab edir ki,iddiaçı özü sübut etməlidir ki, 7800 manat pul iddiaçıya verilmişdir. İşdə olan 08 dekabr 2021-ci ildə iddiaçının kürəkəni X4, X1 və Cavabdeh tərəfindən imzalanmış aktdan görünür ki, 7000 manat məbləğində pul vəsaiti X2 verilmişdir. Məhkəmə iclasında iştirak edən X4 aktdakı imzanın ona məxsus olduğunu bildirmiş və həmin aktın hazırki iş üzrə iddiaçının işi ilə bağlı olduğunu bildirmişdir. Həmin aktdan görünür ki, Raufun 3000 manat öhdəliyi qalmışdır ki, onun tərəfindən qeyd edilən öhdəliyin icrası yuxarıda göstərilmiş qaydada sübut edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən icra edilmiş öhdəliyin icra edilməli öhdəlik olmayaraq başqa öhdəlik olmasına dair sübutlar iddiaçı tərəfindən təqdim edilməmiş, iddiaçının özü tərəfindən dindirilmiş şahidin ifadələrinə qarşı hər hansı etirazlar verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2978/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2978/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver