Məhkəmə qərarları › İş №2(062)-3077/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3077/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3077/2023 25.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(062)-932/2021 saylı qətnaməsinin dəyişdirilərək Cavabdeh ilə birgə yaşayışlarından anadan olmuş 03 mart 2018-ci il təvəllüdlü Əsma adlı uşağının saxlanılması üçün hər ay Cavabdeh bir uşaq üçün 220 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə quraraq nikahlarını 29 noyabr 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 03 mart 2018-ci il tarixdə Əsma adlı uşaqları anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(062)-932/2021 saylı qətnaməsinə əasən birgə nikahdan anadan olmuş 03 mart 2018-ci il təvəllüdlü Əsma adlı uşağa görə 130 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Lakin həmin aliment hazırki dövrdə uşağın tələbatını ödəmək üçün ona qismən də olsa kömək etmir. Hesab edir ki, alimentin artırılmasına zərurət vardır. Ona görə də, Tovuz Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(062)-932/2021 saylı qətnaməsinin dəyişdirilərək Cavabdeh ilə birgə yaşayışlarından anadan olmuş 03 mart 2018-ci il təvəllüdlü Əsma adlı uşağının saxlanılması üçün hər ay Cavabdeh bir uşaq üçün 220 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(062)-932/2021 saylı qətnaməsinin sürətindən görünür ki, 19 aprel 2021ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(062)-932/2021 saylı qətnaməsinə əsasən 19 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-932/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər bir uşaq üçün 200 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 70 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 840 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatadək 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-932/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 ( iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar