Məhkəmə qərarları › İş №2(062)-3128/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3128/2025

28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3128/2025 28.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X3 və cavabdeh X4 iştirakları ilə İddiаçı X3 cavabdeh X5 qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı X7 cavabdeh X5 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin dəyişdirilməsinə, cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınamaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə evlənmiş, birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Raul adlı uşaqları anadan olmuşdur. Cavabdeh X8 ilə aralarında olan ailə münasibətləri pozulduğundan məhkəmə qaydasında ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1104/2025 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə anadan olmuş Raul adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlaması üçün X1 artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit məbləğdə aliment verilməsi qət edilmişdir. Raulun nitqində qüsur olduğu üçün mütəmadi olaraq həkim-loqoped nəzarətindədir. Eyni zamanda Raul məktəbəqədər hazırlığa gedəcəkdir. Onun üçün də əlavə xərc tələb olunur. Lakin o, Raulun sosial xərclərini ödəyə bilmir, onun saxlanması üçün ona maddi köməklik lazımdır. Ona görə də, hesab edir ki, ondan tutulan alimentin məbləği dəyişdirilməli, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixli Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə 200 manat aliment qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Aliment məbləğinin dəyişdirilməsinə əsas kimi qeyd olunan hallardan biri də cavabdehin gəlir yerinin artmasıdır, adına əmlak qeydə alınmasıdır. Uşaqları hazırda məktəbəqədərə gedir. Xərcləri artmışdır. O, özü praktikadadır, hazırda işləmir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia ərizəsinə etiraz edərək bildirdi ki, o, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 200 manat aliment məbləğini vaxtında ödəyir. Özü diş texniki işləyir, aylıq 400 manat əmək haqqı alır. Adına hər hansı əmlakı yoxdur, iddiaçının qeyd elədiyi əmlak atasına məxsusdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar AZ-İV 493889 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2020-ci ildə anadan olmuş, atası X8, anası X6r. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1104/2025 saylı qətnaməsindən görünür ki, X7 ilə X8 arasında xx.xx.2019-cu il tarixdə 495 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü Raul adlı uşağın anası X3 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdə anadan olmuş Raul adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlaması üçün X1 artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit məbləğdə aliment verilməsi qət edilmişdir. X13 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025 il tarixdə verilmiş MŞT/MT024/2025-0684 nömrəli arayışdan müəyyən olunur ki, X7 ilkin mediasiya sessiyasında iştirak etsə də, X8 mediasiya prosesində iştirak etməmişdir. İlkin mediasiya xərcləri (50 manat) X7 tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı. “8.4-3. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı X7 ilə cavabdeh X8 xx.xx.2019-cu ildə rəsmi şəkildə evlənmişlər. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Raul adlı adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1104/2025 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə anadan olmuş Raul adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlaması üçün X1 artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit məbləğdə aliment verilməsi qət edilmişdir. İddiaçı uşağın tələbatının artması əsası ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü Raul adlı uşaqlarının saxlaması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə aliment müəyyən edilmiş, iddiaçı həmin aliment məbləğinin qət edildiyi tarixdən təxminən 4 ay sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində uşağın tələbatının artdığını bildirsə də, bununla bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında alimentin artırılması əsaslarından biri kimi cavabdehin adına əmlak qeydə alındığını bildirsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş cavabdehə aid əmlak və gəlir məlumatlarından görünür ki, onun adına hər hansı daşınmaz əmlak qeydə alınmamışdır. Cavabdehin rəsmi gəliri isə 400 manat təşkil edir. Cavabdeh nikah pozularkən də həmin işdə işlədiyi və eyni məbləğdə əmək haqqı aldığı üçün bu məbləğ əvvəlki məhkəmə qətnaməsi ilə aliment məbləği müəyyən edilərkən nəzərə alınmışdır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını və işin faktiki hallarını rəhbər tutumaqla hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması sübut edilə bilmədiyindən iddiaçı alimentin məbləğinin Ailə Məcəlləsinin 112-ci maddəsinə əsaslanmaqla artırılmasını tələb etməkdə haqlı deyildir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin 9.4-cü maddədə qeyd olunur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddiaçı X3 cavabdeh X5 qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dаir iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdeh X5 qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar