Məhkəmə qərarları › İş №2(062)-3183/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3183/2025

29.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3183/2025 29.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçının cavabdehlər Cavabdeh qarşı «qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair mülki işə Tovuz şəhərində 29 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Tovuz rayon Abulbəyli kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,1150 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinə qarşı qanunsuz edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, mərhum anası X1 adına xx.xx.2023-cü il tarixində verilən çıxarışdan da göründüyü kimi, onun mülkiyyətində olan evin həyətyanı torpaq sahəsi 0,4548 hektardır. xx.xx.2023-cü il tarixində qanun üzrə adına verilən vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2024-cü il tarixində anasının adına olan ev və torpaq sahəsi onun adına verilmişdir. Vərəsəliklə adına keçən 0,4548 ha torpaq sahəsinin 0,1150 ha hissəsi 1980-ci ildən istifadəsində olmuşdur. O, istifadə etdiyi 0,1150 ha torpaq sahəsinin adına qeydə alınması ilə bağlı çıxarış üçün müraciət etsə də, çıxarış verilməmişdir. Ona görə də evinin və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinin ölçmə işləri aparması vacibdir. Lakin cavabdeh bu hərəkətlərin aparılmasına icazə vermir. Ona görə də Tovuz rayon Əlibəyli kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,1150 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinə qarşı qanunsuz maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə qohumdurlar. O, öz torpaq sahəsindədir, heç kimin torpağını istifadə etmir. Sərhədlərin müəyyən olunmasını o da istəyir. Torpaq mütəxəssislərinin gəlməsinə etiraz etmir. Ona görə də iddianın ədalətli şəkildə həll edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş **********81-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Əlibəyli kəndində yerləşən 0,4548 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixində X1 adına qeydə alınmışdır. İşə əlavə olunmuş 14 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur. İşə əlavə olunmuş **********81-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Əlibəyli kəndində yerləşən 0,4548 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixində İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Tovuz rayonu Əlibəyli kəndində yerləşən fərdi yaşayış evi üzərində mübahisə olduğundan həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, **********81-10301 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu Əlibəyli kəndində yerləşən 0,4548 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixində X1 adına qeydə alınmışdır. 14 iyul 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur. **********81-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Əlibəyli kəndində yerləşən 0,4548 ha torpaq sahəsi xx.xx.2024cü il tarixində İddiaçı adına qeydə alınmışdır. Eyni zamanda İddiaçı vərəsələr sırasındadır. İddia tələbindən və tərəflərin izahatından məlum olur ki, iddiaçı mübahisə olunan fərdi yaşayış evinə və 0,1150 ha torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinin sərhədlərinin ölçülməsi işlərinin aparılmasına cavabdehlər maneə törədirlər və tərəflər arasında mübahisə vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinin ölçmə işlərini aparmasının məhdudlaşdırılması iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir. Odur ki, məhkəmə cavabdehin müdaxilələrini qanunsuz hesab etməklə iddia tələbini qanuni hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə maneə törətməsi iddiaçının mülkiyyət hüquqlarını pozur və mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Ona görə də cavabdehlər tərəfindən DƏDRXnin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə yaradılan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh tərəfindən Tovuz rayon Əlibəyli kəndində yerləşən, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,1150 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinə edilən maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Tovuz rayon Əlibəyli kəndində yerləşən, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,1150 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə edilən maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar