Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-34/2024 01.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehlər X3 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “çəkilən xərclərin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə olunan torpaqda inşa etdirdiyi tikiliyə çəkdiyi xərclərə görə 20.000 manat pulun və 156 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz rayon AİK-nin qərarı ilə cavabdehə və ailə üzvlərinə torpaq islahatı zamanı 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına qeydiyyata alınmışdır. Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən 2005-ci ildə həmin torpaq sahəsini almış, dəyərini nəğd olaraq cavabdehlərə ödəmişdir. Cavabdehlər anası X1 adına etibarnamə vermişlər. Aralarında olan şifahi razılaşmaya əsəsən o, cavabdehlərə 2005-ci idə torpağın dəyəri üçün 1000 ABŞ dolları vermişdir. 2005-ci ildən həmin torpaq sahəsi naturada ölçülüb, sənədlərin əsli ilə birgə cavabdehlər ona təhvil vermişlər. O, həmin torpaq sahəsini cavabdehdən aldıqda cavabdehlərin ailə üzvləri onunla razılaşmışlar. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və ailə üzvləri ilə birgə həmin evdə yaşayır. 15 ildən artıqdır ki, tikdirdiyi evdə yaşayırlar və evin tikintisinə 20000 manat xərc çəkmişdir. Son vaxtlar cavadehlərlə aralarında torpağın sənədləməsi ilə bağlı narazılıq yaranmışdır. O, həmin torpaq sahəsini 2005-ci ildə şifahi alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Tikili inşa olunan vaxt heç kim etiraz etməmiş və fasiləsiz olaraq onun sahibliyində və istifadəsində olmuşdur. Cavabdehlər torpaq sahəsini ondan tələb etdiklərinə görə çəkdiyi xərcləri də cavabdehlər ona qaytarmalıdır. Mübahisəni öz aralarında həll edə bilmədikləri üçün o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, cavabdehlər onun anasına etibarnamə vermişlər. Anası vəfat etdiyindən o həmin torpaq sahəsini rəsmiləşdirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun X4 verdiyi etibarnamədən xəbəri yoxdur. Onu aldadaraq imza etdiriblər. Hazırda iddiaçının yaşadığı torpaq sahəsi onların adınadır.Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Tovuz rayon Dövlət Notariat kontorunun xx.xx.2008-ci il tarixli etibarnaməsindən görünür ki, X6, Cavabdeh2 və Cavabdeh3 Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən JN-946A saylı kod 50300118 olan, 0.10 ha torpaq sahəsini 40 il müddətinə üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi X4 etibar etmişlər. 13 noyabr 2048-ci il tarixədək qüvvədədir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6080 nömrəli rəyindən görünür ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində inşa edilmiş mübahisəli fərdi yaşayış evinin tikintisinə sərf olunmuş əməyin və həmin evin tikilməsində istifadə olunmuş materialların, dəyəri bazar qiymətlərinə uyğun olaraq 36790,4 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinin tələbləri şamil edilməlidir. Belə ki, həmin maddəyə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Mülki Məcəllənin 393-cü maddəsinəəsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh özünə məxsus əmlakı digər tərəfə verməyi öhdəsinə götürsə də, həmin müqavilə notariat qaydasında təsdiq edilməli olduğundan tərəflər arasındakı münasibətin hər hansı hüquqi qüvvəsi yoxdur. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 7800 manat pulu hər hansı hüquqi əsas olmadan özündə saxlamış və bununla da əsassız olaraq varlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazirki işə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Hazırkı iş üzrə iddiaçı Tovuz rayonu Dönük qırıqlı kəndində yerləşən torpaq sahəsini 1000 ABŞ dollarının və üzərində fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş 20.000 manat xərcin alınıb ona verilməsini xahiş etmiş, iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehdən 20.000 manat pulun alınmasını xahiş etmişdir. Tərəflər arasında barəsində alqı-satqısı razılaşdırılmış torpaq sahəsi Sürəyya Ələkbərovanın adına rəsmiləşdirilməmiş və ya bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həyata keçirilməmiş alqı-satqıya görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehlərdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs olan cavabdehlərin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni torpaq sahəsinin alqı-satqısı baş tutmadığından o ona dəymiş ziyanı tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, göründüyü kimi tərəflər eyni kənddə yaşamaqla iddiaçının cavabdehlərə məxsus torpaq sahəsi üzərində tikinti işləri inşa etməsini görməməkləri inandırıcı deyildir. İddiaçı ötən 18 il ərzində torpaq sahəsini öz torpaq sahəsi zənn edərək və bu il ərzində cavabdehlərdən də hər hansı etiraz daxil olmadığını görərək torpaq sahəsi üzərində işlər görmüşdür. Hazırda həmin torpaq sahəsi üzərində tikili inşa edilmiş və həmin tikili iddiaçıdan irədəsindən asılı olmayaraq cavabdehlərin sahibliyində qalmışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 150 manatı cavabdehlərdən alınaraq iddiaçıya verilməli, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 (yüz əlli altı) manat pul tutularaq İddiaçı verilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-34/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-34/2024
01.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver