Məhkəmə qərarları › İş №2(062)-3699/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3699/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3699/2025 09.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1684,52 manat, faiz borcu üzrə 555,95 manat olmaqla cəmi 2240,47 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 42,40 manat dövlət rüsumunun alınıb Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, daha sonra hazırlıq iclası keçirilməklə məhkəmə baxış iclasına təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarıını dinləyib, iddia ərizəsinin dəlillərini işin faktik halları ilə birlikdə araşdırıb və iş materiallarını öyrənib aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət emək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X1 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. Məhkəməyə müraciət etmək hüququ mütləq olmamaqla qanun daxilində müəyyən məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Bunlardan biri də iddianın düzgün məhkəməyə verilməsidir. Məhkəmə qeyd edir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Qeyd olunmalıdır ki, hazırki iddia tələbinə Tovuz Rayon Məhkəməsində baxılması məhkəmə aidiyyəti qaydalarının pozulması ilə nəticələnər. Belə ki, iddia tələbinin dəlillərindən, habelə iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC ********** VÖEN nömrəsi vergi ödəyicisi kimi qeydə alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən onun fəaliyyəti qanunvericiliklə qadağan edilməyən bütün fəaliyyət növlərini əhatə edir. Həmçinin Cavabdeh1 da ********** nömrə ilə vergi ödəyicisi kimi qeydə alınmışdır. İşin faktik halları isə ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı olmuşdur. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafıq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsində qeyd olunmuşdur ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPMin 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsi). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə hesab edir ki, münasibətlər kommersiya hüquqi şəxsi "xxxx" MMC ilə vergi ödəyicisi olaraq qeydə alınmış Cavabdeh1 arasında yarandığından, habelə tələb edilən kredit məbləği sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üzrə kənd təsərrüfatı məhsullarının istehsalı üçün alındığından mübahisə kommersiya xarakterlidir. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsində göstərilmişdir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsində qeyd olunmuşdur ki, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsi). Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir (Mülki Prosessual Məcəllənin 32.5 və 32.6-cı maddələri). Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 44.2.2, 45.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar