Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-377/2023 27.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə əsasında nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun xüsusi mülkiyyətində olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, tikinti materiallarının cavabdeh tərəfindən torpaq sahəsindən kənarlaşdırılması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehdən ona vurulmuş ziyana görə 8000 manat məbləğdə pulun, habelə dövlət rüsumu hesabına ödənilmiş 100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə ona Tovuz rayonu, Alakol kəndi ərazisindən 0,06 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi onun xüsusi mülkiyyətini təşkil etməsinə baxmayaraq, Cavabdeh tərəfindən zəbt edilərək mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh məhkəmədə iddia qaldıraraq ona məxsus olan torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli reyestr çıxarışın ləğv edilməsini xahiş etmiş, o,da qarşılıqlı iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-2/2019 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2169/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh ona məxsus olan Tovuz rayonu Alakol kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 2169/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisə məhkəmənin icraatında olduğu vaxt Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində yarımçıq tikili inşa edilərək ətrafına ağaclar əkilmişdir. Cavabdehin bu qanuna zidd əməlləri nəticəsində torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqları pozulmuşdur. Digər tərəfdən cavabdeh ona məxsus torpaq sahəsini 10 ildir ki, istifadə edir və bununla da ona ziyan vurmuşdur. Halbuki, mülkiyyətində olan torpaq sahəsini hər il payızlıq və yazlıq əkinlə becərsə orta hesabla bir ilə 600 manat gəlir götürərdi. Bu halda cavabdeh 10 ildən artıqdır ki, torpaq sahəsini istifadə etdiyindən ona 6000 manat ziyan dəymişdir. Bundan başqa cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumilikdə nəqliyyata, vəkilə və iddiaların verilməsinə görə 2000 manat da ziyan görmüşdür. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, verilmiş mütəxəssis rəyi ilə razı deyildir. Çünki mütəxəssis tərəfindən məhkəmənin qoyduğu suallar aydın cavablandırılmamışdır. Belə ki, mütəxəssis ümumi sahə qeyd etmiş, tikilinin eni və uzunluğu barədə ölçü göstərməmişdir. Bundan başqa qanunsuz tikili onun küçəyə yola çıxışını kəsir, lakin bu cizgilər göstərilməyib. Ümumiyyətlə verilmiş rəy işin uzadılmasına xidmət edir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi (atası) X3 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, 0,08 ha həyatyanı torpaq sahəsi xx.xx.2004-cü il tarixli, 12 saylı Alakol bələdiyyəsi tərəfindən oğlu Zabitə alqı-satqı yolu ilə satılmışdır. İddiaçının göstərdiyi xx.xx.2012-ci il tarixli Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarı yoxdur. Mübahisəli torpaq sahəsi daim onların sahiblik və istifadəsində olmuşdur. Oğlu mübahisəli torpaq sahəsində 2013-cü ildən iki otaqlı, 10 metr uzunu, 8 metr eni olan tikili və uzunluğu 25 metr, hündürlüyü isə 2 metr olan dəmir hasar inşa etdirmişdir. Ona çəkilmiş xərc smeta üzrə zəhmət haqqı ilə birlikdə 15754,92 manatdır. Əgər iddiaçı tikintinin sökülməsini istəyirsə çəkilən xərci ödəməlidir. Bundan başqa iddiaçının həmin ərazidə heç bir torpaq sahəsi haqqında 2011-ci ilə kimi qeydiyyatı olmayıb. Tovuz rayon Alakol kənd İcra Nümayəndəliyindən Aqrar İslahat Komissiyasının 1999-cu il 08 fevral tarixli 30 saylı qərarı ilə vətəndaşların həyatyanı və zəbt torpaqlarının qeydiyyata alınması haqqında tərtib olunmuş nümayəndəlikdə saxlanılan siyahısından İddiaçı sağ və sol qonşuları qeyd olunmaqla nə qədər həyatyanı torpaq sahəsi və ona bitişik nə qədər zəbt torpaq sahəsi olması barədə arayış məhkəməyə tələb edilərək təqdim olunsa dedikləri təsdiqin tapar. Verilmiş mütəxəssis rəyi ilə də razı deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onu məhkəmə iclasında nümayəndəsi təmsil etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Alakol kəndində 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1881 saylı qərarından görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Alakol kəndindı yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-268 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli ərazidə Cavabdeh istifadəsi kimi təqdim edilən ümumi sahəsi 68 kv.m. olan tikili mövcuddur. Həmin tikilinin 16 kv.m. hissəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış əsasında Tovuz rayonu, Alakol kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin daxilində yerləşir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi, habelə maddi ziyanın ödənilməsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. İddia tələbinin tikilinin sökülməsi barədə hissəsi ilə bağlı məhkəmə göstərir ki, Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı Tovuz rayonu, Alakol kəndində yerləşən mübahisəli 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. Onun torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququ vardır və sərəncam hüququndan çıxış etməklə cavabdehin onun torpaq sahəsində qanunsuz inşa etdiyi tikilini sökülməsini tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Həmçinin cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsindən çıxarılmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi də mövcuddur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsidir. Həmin maddədə göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisəyə Mülki Məcəllənin 180.4-cü maddəsi tətbiq edilərkən, işin halları əvvəlcə həmin Məcəllənin özbaşına tikintinin anlayışını verən 180.1-ci maddəsinə əsasən araşdırılmalıdır. Mülki Məcəllənin 180.1-ci maddəsində özbaşına tikintiyə verilən tərifə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.. Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbləri baxımından işin faktik halları təhlil edildikdə müəyyən olunur ki, cavabdehin inşa etdiyi tikilinin 16 kv.m. hissəsi düşən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bu halda həmin hissə özbaşına tikili hesab edilir və iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Ona görə də mütəxəssis rəyinə uyğun olaraq yuxarıda göstərilən sahəyə malik tikili cavabdehin şəxsi vəsaiti hesabına sökülməli və söküntü nəticəsində aşkara çıxan tikinti materialları cavabdeh tərəfindən torpaq sahəsindən kənarlaşdırılmalıdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin qanuni əsaslara söykənməməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Odur ki, bu dəlil qəbuledilən deyildir. Beləliklə, məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, iddia tələbi tikilinin sökülməsinə dair hissədə əsaslıdır və cavabdehin rəydə göstərilən iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilisi sökülməlidir. İddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan maddi hüquq normaları iddia tələbinin maddi ziyanla bağlı hissəsinin qanuni əsasını təşkil edən normalardır. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı maddi ziyanla bağlı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə iddia ərizəsi formal olaraq əsaslandırılmış, hər hansı fakta istinad edilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, iddia tələbi maddi ziyanla bağlı hissədə təmin edilməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh istifadəsindəki ümumi sahəsi 68 kv.m. olan tikilinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış əsasında Tovuz rayonu, Alakol kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətindəki 0,06 ha torpaq sahəsinə düşən 16 kv.m. hissəsi Cavabdeh vəsaiti hesabına sökülsün və sökülmə sonrası ortaya çıxan tikinti materialları onun tərəfindən torpaq sahəsindən kənarlaşdırılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-377/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-377/2023
27.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver