Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-377/2024 24.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1070 manat borc, həmçinin 31 manat dövlət rüsumunun, cəmi 1101 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 1019 manat olan məişət avadanlığı almışdır. Həmin məhsulun dəyərindən qismən ödənişlər cavabdeh tərəfindən ödənilsə də, 870 manat dəyərində borcu ödənilməmiş qalmışdır. Cavabdeh borcunu ödəməmişdir. Ona görə də, müqaviləyə əsasən, dəbbə pulu ödəməlidir. Həmin müqaviləyə əsasən, cavabdehin təşkilata 1070 manat borcu olması müəyyən edilmişdir. Cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, heç bir nəticə əldə olunmamışdır. İş materiallarına əlavə olunmuş müqaviləyə əsasən, cavabdehdən 870 manat əsas borcu, 200 manat faiz borcu, həmçinin 31 manat dövlət rüsumunun, cəmi 1101 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. İddiaçının tələbinə dair cavabdehə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçının tələbinə dair məhkəməyə etiraz verməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilənin surətindən, həmin müqaviləyə əlavədən və fakturalardan görünür ki, Cavabdeh müqaviləyə əsasən ümumi dəyəri 1019 manat olan məişət avadanlığı almış, qismən ödəniş etmiş, ümumi 1070 manat borcu qalmışdır. Alqı-satqı müqaviləsinin şərtlərini pozaraq qalan borcunu ödəməmişdir. Müqavilənin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, Cavabdeh borcu ödəməsinin son tarixi müəyyən olunsa da, borclu müqavilənin qeyd olunan şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdir. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı əsassız olaraq 200 manat faiz ödənilməsi barədə tələb irəli sürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, faizin ödənilməsi barədə hər hansı bir müddəa yoxdur. Həmin müqavilədə yalnız cərimənin ödənilməsi nəzərdə tutulur. Hazırki iddia üzrə cərimənin ödənilməsi qanuna müvafiq olsa da, iddiaçı tərəfindən belə bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxıla bilməz. Odur ki, 200 manat faizə aid hissə təmin edilməməlidir. Ödəniş tapşırığından görünür ki, ərizənin məhkəməyə təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284- 5, 355-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 355-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş 870 manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 870 manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-377/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-377/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver