Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-390/2023 07.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yazılmış 600 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində fərdi yaşayış evləri var. O və ailə üzvlərinin iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-cı ildə akt tərtib edilmişdir. Aktın surətini dəfələrlə tələb etsə də, ona verilməmişdir. Şifahi olaraq mənə bildirilmişdir ki, guya sayğaca müdaxilə olub. Sayğacı dəyişsələr də elektrik xəttini sayğacdan ayırmışlar. Cavabdehin əməkdaşları ona bildirmişlər ki, guya 600 manat ziyan vurulub. Sayğacın xarab olmasında təqsirli deyildir. İsraf olunan enerjini vaxtlı-vaxtında ödəmişdir. Elektrik xəttinin qanunla kəsilməsi nəticəsində o və ailə üzvləri soyuducudan, işıqlanmadan istfadə edə bilmirlər. Qaranlıqda qalmışlar. Əgər borclarının olması sübuta yetərsə 600 manat borcu ödəyə bilərlər.Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, sayğac onun yaşadığı evə məxsusdur. Lakin kənar xətt onun tərəfindən çəkilməmişdir. Bu barədə hər hansı məlumatı yoxdur. Ola bilsin ki, onlar evdə olmadıqları zamanı sayğaca müdaxilə edilərək kənar xətt qoşulmuşdur. Kənar xəttin qoşulmasından xəbəri olmadığı üçün ona hər hansı cərimənin yazılması əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, Cəmiyyətin əməkdaşları Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayan və fəaliyyət göstərən istehlakçıların elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edib-etməmələrini araşdırmaq məqsədilə onların yaşayış və sahibləri olduğu obyektlər üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirmişlər. İddiaçıya məxsus fərdi yaşayış evində olan sayğaca baxış keçirilən vaxt müəyyən olmuşdur ki, abonent tərəfindən sayğacın giriş kabelinin izolyasiyası pozulmuş və kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilir. Qeyd olunan hallar cəmiyyətin əməkdaşları tərəfindən video lentə alınmışdır. Kənar xətt üzrə istifadə edilmiş enerjinin dəyəri qanunla müəyyən edilmiş qaydada hesablanmış və abonentə müvafiq cərimə hesablanmışdır. Hesab edir ki, iddia tələbi qanuni əsaslara söykənmir. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, nəzarətçi (mühəndis) vəzifəsində çalışır. Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evlərinin sayğaclarına baxış keçirən zaman iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacının giriş kabelinin izolyasiyasının pozulması və kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsi aşkar edilmişdir. Həmin faktı dəqiqləşdirmək üçün fərdi yaşayış evinin qapısını döyərək orada yaşayan şəxslərin icazəsi ilə evə daxil olmuşlar. Həqiqətən də kondisionerin işləməsi, lakin sərfiyyatın qeydə alınmamasının şahidi olmuşlar. Kənar xəttin olması barədə video çəkiliş aparılmış və akt tərtib edilmişdir. Fərdi yaşayış evində yaşayan şəxs abonentin ailə üzvü olduğunu bildirmiş və akta imza etməkdən imtina etmişdir. Həmçinin onlara məsələnin nizama salınması üçün təkliflər etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 264522 saylı aktdan görünür ki, mərhum abonent X2 (iddiaçının anası) yaşadığı fərdi yaşayış evinin sayğacına baxış keçirilmiş və sayğacın giriş kabelinin izolyasiyasının pozulması, həmçinin kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsi halları aşkar edilmişdir. Bu barədə video disk akta əlavə edilmişdir. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının verdiyi xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, mərhum fərdi abonent X4 məxsus həyətdə yerləşən sayğacda aşkar edilmiş qüsur kənar xəttin olmasıdır. Dəymiş ziyan 666 manat məbləğdə hesablanmışdır. Ölüm haqqında AZ İİ 197697 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında A3 ******* saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. X1, anası isə X5r. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, enerji təchizatı müəssisəsi ilə abonent arasında enerjidən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətlərdir. Bu mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları» və əlaqəli hüquq normaları əsasında həll edilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.1-ci bəndində qeyd olunmuşdur ki, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 4.1-ci bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mərhum anası Svetlana Qasımova cavabdeh "xxxx" ASC-nin **********01405 saylı məişət abonenti olmuşdur. Fərdi abonent Svetlana Qasımova xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evində oğlu İddiaçı yaşayır və bütün kommunal xidmətlərdən istifadə edir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində olan elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, onun tərəfindən sayğaca müdaxilə edilərək kənar xətt çəkilmişdir. İddiaçı bununla bağlı məhkəmə iclasında göstərmişdir ki, kənar xətt çəkilmiş sayğac onun yaşadığı fərdi yaşayış evini elektrik ilə təchiz edir, lakin kənar xəttin kim tərəfindən çəkilməsi barədə məlumatı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.11-ci bəndində qeyd olunmuşdur ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-1 və 8.17-2-ci bəndləri). Sadalanan qanunvericilik normalarını rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən cərimə yazılması əsaslı olmuşdur. Çünki onun tərəfindən sayğacdan əlavə kənar xətt çəkilmişdir. Bu hal özünün etirafı ilə də təsdiqin tapır. Lakin bununla belə bildirir ki, kənar xətt ona məxsus fərdi yaşayış evinin sayğacından çəkilsə də, kim tərəfindən çəkilməsindən məlumatı yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının bu yanaşması subyektiv mülahizə olmaqla ağlabatan deyildir. Çünki sayğac onun evinə məxsusdur, habelə kənar xətt ona məxsus evi elektriklə təmin edir. Digər tərəfdən iddiaçı belə bir halın olmasını qeyd etsə də, bu barədə hüquq mühafizə orqanlarına müraciət edərək həmin şəxsin kimliyinin müəyyən edilməsi üzrə addımlar atmamışdır. Ona görə də onun dəlillərinə məhkəmə tənqidi yanaşır. Əksinə iş materialları ilə təsdiqin tapır ki, aşkar olunan hala görə cavabdeh təşkilatın əməkdaşları tərəfindən müvafiq qərara uyğun olaraq akt tərtib edilmişdir. Həmçinin baş vermiş pozuntu pozuntu texniki vasitələrlə qeydə alınmışdır. Həmin akt məişət abonentinin nümayəndəsi tərəfindən isə imzalanmaqdan imtina edilmiş, bu barədə aktda qeydiyyat aparılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq cərimənin yazılmasının əsaslı olmasını sübuta yetirmiş, iddiaçı isə həmin normanın tələbinə əsasən iddiasının əsası kimi təsdiq edən halları sübuta yetirə bilməmişdir. Həmin normanın tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 81-ci maddəsində qeyd olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıya cərimənin hesablanması qanuni olmuşdur. Odur ki, məhkəmə iddia tələbini əsassız hesab edir və qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-390/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-390/2023
07.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver