Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-418/2023 02.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 10500 manat məbləğdə pulun, dövlət rüsumu kimi ödədiyi 122 manat pulun və vəkili xərci olaraq 115 manat pulun, ümumilikdə 10737 manat məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Murad adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra köçüb birlikdə Bakı şəhərində yaşamışlar. Bakı şəhərində yaşadıqları müddətdə yəni birgə nikahda olduqları vaxt öz qazanclarını toplayıb ümumilikdə 21000 manat pul yığmışlar. Həmin pulu saxlaması üçün arvadı X2 vermişdir. Bir müddət sonra 2021-ci ilin sentyabr ayında Tovuz rayonuna gəlmişlər və geri Bakı şəhərinə qayıdanda pulu cavabdeh X1 istədikdə o, pulu hara qoyduğunu xatırlamadığını bildirmişdir. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Müraciəti əsasında Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən müvafiq araşdırılma aparılmış və araşdırma zamanı oğurluq faktının baş verməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Elə bu səbəbdən də cavabdeh X4 ilə münasibətləri pisləşmiş və biz ayrılmışlar. Hesab edir ki, mübahisə olunan 21000 manat məbləğində pul cavabdeh X4 ilə onun birgə nikah dövründə əldə edildiyindən həmin vəsait onların ümumi birgə qazancıdır və həmin pulun 1/2 hissəsi ona məxsusdur. Nəzərə alınsa ki, 21000 manat məbləğində pulu mən saxlaması üçün cavabdeh X2 vermişdir, ona görə də pulun aqibətinin necə olmasının günahkarı cavabdehdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, iddia ərizəsində texniki səhvə yol vermiş tarixlərdə yanlışlıq etmişdir. Belə ki, evlərində ümumi 21000 manat pul olmuşdur. Həmin pul vəsaiti onların birgə nikah dövründə ümumi əldə etdikləri əmlak olmuşdur. Pulu yığmaqda məqsədləri ev almaqdan ibarət olmuşdur. Pul vəsaiti daimi saxlamaq üçün arvadında olmuşdur. Çünki özü gün ərzində ailənin dolanmasını təmin etmək üçün səhər saat 09:00-dan axşam saat 18:00-a kimi marketdə, daha sonra isə topazda işləmişdir. 2022-ci ilin iyun ayının 01-də Bakı şəhərindən rayona gəlmişlər. Bu zaman arvadına bildirmişdir ki, pulu götürsün. Arvadı Şölə isə cavabında bildirmişdir ki, narahat olma pulu saxlamaq üçün xalam qızına vermişəm və rayondan qayıdanda götürəcəm. Arvadı ilə razılaşmışdır. Rayonda olan zaman elanlar saytından torpaq sahəsi tapmış və almaq üçün sahibi ilə danışmağa görə xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Alqı-satqı üzrə danışıqlar baş tutmuş və pulu arvadından tələb etmişdir. Həmin vaxt arvadı ona bildirmişdir ki, pul yoxdur. Səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirmişdir. Gah bildirmişdir ki, pulu poz-qazanda uduzmuş, gah bildirmişdir ki, qardaşına vermiş, gah da demişdir ki, onu şantaj etdikləri üçün pulu tanımadığı saqqallı bir oğlana vermişdir. Bu barədə polisə müraicət etmiş, orada isə arvadı izahatında pulun oğurlandığını bildirmişdir. Araşdırma nəticəsində oğurluq faktı təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onların ayrılmalarına səbəb olmuşdur. Hazırda faktik ayrı yaşayırlar. Onun qənaətinə görə pul arvadı tərəfindən götürülmüş və xərclənmiş və ya kiməsə verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, həqiqətən də onların evdə birgə nikah dövründə əldə etdikləri 21000 manat məbləğdə pul vəsaiti olmuşdur. Pulu yığmaqda məqsədləri özləri üçün ev almaqdan ibarət olmuşdur. Pul saxlanılması üçün əri İsmayıl tərəfindən ona verilmiş, daimi olaraq da onun sahiblik və istifadəsində olmuşdur. Özlərinin həmin puldan başqa da pul vəsaitləri olmuşdur. Lakin həmin pullar hazırda mübahisəsi gedən pul vəsaitindən başqa pullardır və bu gün mübahisə predmeti deyildir. 2022-ci ilin iyun ayının 01-də Bakı şəhərindən rayona gəlmişlər. Bu zaman əri İsmayıl ondan pulu götürüb-götürmədiyini soruşmuşdur. Qarşılığında ərinə bildirmişdir ki, pulu saxlaması üçün xalası qızına vermişdir. Əri İsmayıl onunla razılaşmış və hər hansı irad bildirməmişdir. Halbuki, həmin vaxt ərinə yalan söyləmişdir. Çünki artıq 2022-ci ilin may ayının 10-dan pulun evdə olmadığını bilirdi. Belə ki, həmin tarixdə evə gələn zaman evin qapılarının açıq olmasını görmüş, düşünmüşdür ki, əri İsmayıl qapını açıq qoymuşdur. İsmayılı yığmış o, isə qapını açıq qoymadığını bildirmişdir. Ümumilikdə evin 3 açarı olmuş və biri itmiş, sonradan isə tapılmışdır. Şübhələndiyi üçün pulu qoyduqları yerə baxmış və görmüşdür ki, pul yoxdur. Lakin bu barədə əri İsmayıla heç nə deməmişdir. Çünki qorxmuşdur. Əri 2022-ci ilin iyunun ayının 05-də elanlar saytından tapdığı torpaq sahəsini almaq üçün rayondan Bakı şəhərinə qayıtmışdır. Razılaşma baş tutduqdan sonra əri ondan pulu tələb etdikdə pulun olmadığını bildirmişdir. Bu barədə əri polisə müraciət etmiş və cinayət işinin başlanması rədd edilmişdir. Polisə izahatında da hadisəni olduğu kimi deməmiş və pulu hara qoyduğunu xatırlamadığını bildirmişdir. Həqiqətən də pul evdən itmişdir. Onun təqsiri isə bunu vaxtında ərinə deməməsi olmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək ünvan 1 ünvanından oğurluq olması barədə məlumat vermişdir. Araşdırma zamanı evdən 21000 manat məbləğdə pulun oğurlanması faktı təsdiqin tapmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nikah haqqında AZ İİ 310497 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 nikahlarını xx.xx.2018-ci il tarixdə 687 nömrə ilə Tovuz rayon Qeydiyyat şöbəsində rəsmiləşdimişlər. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri birgə nikah dövründə əldə olunmuş pul vəsaitinin yarısının alınması üzrə üzrə yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsində ər-arvadın əmlakının qanuni rejiminin anlayışı verilir: ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Başqa sözlə, Mülki Məcəllədə, Ailə Məcəlləsində və uyğun qanunvercilik aktlarında ər və arvadın əmlakının hüquqi vəziyyəti, onların əmlakla bağlı hüquq və vəzifələri əmlakın qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir və mülkiyyət sahiblik, istifadə, sərəncam və bu əmlakın bölgüsü Ailə Məcəlləsinin 7-ci fəslində nəzərdə tutulan qaydada həyata keçirilir. Həmin Məcəllənin 32.1, 32.2.2 və 32.3-cü maddələrinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, 5 kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir Ailə Məcəlləsinin 37.1-ci maddəsində göstərilmişdir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər birgə nikah münasibətləri dövründə 21000 manat məbləğdə pul vəsaiti əldə etmişlər. Onların həmin pul vəsaitini yığmaqda məqsədi özləri üçün Bakı şəhərindən mənzil almaqdan ibarət olmuşdur. Pul vəsaiti iddiaçı tərəfindən saxlanılması üçün cavabdehə verilmiş və daimi olaraq cavabdehin sahibliyində olmuşdur. Onlar xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən rayona gəlmişlər. Həmin vaxt cavabdeh iddiaçıya pulu saxlamaq üçün xalası qızına verdiyini bildirmişdir. Halbuki, həmin vaxt cavabdeh iddiaçıya yalan söyləmişdir. Belə ki, pulun mövcud olmadığını cavabdeh 2022-ci ilin may ayının 10-dan bilmiş, lakin bunu iddiaçıya bildirməmişdir. İzahını isə belə vermişdir ki, iddiaçıdan qorxduğu üçün bu addımı atmışdır. Nəticədə iddiaçı pulun mövcud olmadığını bildiyin andan daxili işlər orqanlarına müraciət etmiş, lakin oğurluq faktı təsdiqin tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşin göstərilən halları tərəflərin izahatları və iş materialları ilə təsdiqin tapır. Məhkəmə diqqətə çatdırır ki, hazırda pulun yarısının cavabdehdən tələb edilməsi üçün məhz onun tərəfindən pulun bütövlükdə sahiblənilməsi təsdiqin tapmalıdır. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. “Həqiqət” anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlərin əsası kimi bütün hallar sübuta yetirilmişdir. İlk növbədə diqqətə çatdırılır ki, tərəflərin birgə nikah dövründə 21000 manat pul vəsaiti toplamaları, həmin pul vəsaitinin saxlanılmasının iddiaçı tərəfindən cavabdehə həvalə edilməsi, daimi olaraq cavabdehin sahiblik və istifadəsində olması işin mübahisəsiz halıdır. Çünki bu barədə tərəflər arasında mübahisə yoxdur. Hər iki tərəf bunu qəbul edir və inkar etmir. Araşdırılmalı məsələ pul vəsaitinin hansı şəraitdə yoxa çıxmasıdır. Məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl edilməklə həmin hal tərəflərin birgə iştirakı ilə araşdırılmışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Mülki Prosessual Məcəllənin 9.1, 9.2 və 9.3-cü maddələri). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh artıq 2022-ci ilin may ayının 10dan pulun evdə olmamasını bilmiş, lakin bu barədə İddiaçı məlumat verməmiş, əksinə onlar həmin ilin iyun ayının 01-də rayona gələn zaman iddiaçıya yalan söyləyərək pulu saxlamaq üçün xalası qızına verməsini qeyd etmişdir. Daha sonra torpaq sahəsi almaq üçün iddiaçı ondan pulu tələb etdikdə cavabdeh pulun müxtəlif bəhanələrlə onda olmamasını ifadə etmişdir. İddiaçının müraciəti əsasında polisdə araşdırılma aparılan zaman cavabdeh pulu hara qoyduğunu xatırlamadığını bildirmişdir. Doğrudur ki, onun izahatı məhkəmə sorğu versə belə polis orqanı tərəfindən təqdim edilməmişdir, lakin cavabdeh polisdə qeyd olunan formada izahat verməsini özü məhkəmə iclasında etiraf etmişdir. İddiaçı da bunu təsdiq etmişdir. Göründüyü kimi cavabdehin pulun yoxa çıxması ilə bağlı izahatları müxtəlif olmuşdur. Hansı ki, pulun daimi onun sahiblik və istifadəsində olması, habelə 2022-ci ilin may ayının 10-dan pulun evdə olmamasından xəbərinin olması və bunu iddiaçıya bildirməməsi özünün izahatı ilə təsdiqin tapır. Məhkəmə hesab edir ki, cavabdehin pulun evdə olmamasını 2022-ci ilin may ayının 10-dan bilməsi, bunu iddiaçıya bildirməməsi, habelə susqunluq göstərərək pul məbləğinin kifayət qədər yüksək olmasına baxmayaraq hər hansı hüquq mühafizə orqanına müraciət etməməklə bir rahatlıq nümayiş etdirməsi, eləcə də iddiaçıya pulu saxlanılması üçün xalası qızına verməsi ilə bağlı aşkar yalan söyləməsi, eyni zamanda evdən pulun oğurlanması iddiaçının müraciəti əsasında polisdə araşdırılma zamanı təsdiqin tapmaması, həmin araşdırma zamanı belə cavabdehin başqa izahat verməsi məhz pulun cavabdehin özü tərəfindən mənimsənilməsi nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi səs yazısında belə cavabdeh iddiaçıya pul ilə bağlı müxtəlif bəhanələr gətirmişdir. Bütün bunlar cavabdehin iddianın rədd edilməsinə yönələn əsassız müxtəlif hərəkətlər etməsinə bariz nümunədir. Nəzərə almaq lazımdır ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bütün sadalananan xüsusatları sistemli təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikah münasibətləri dövründə əldə etdikləri 21000 manat pul vəsaitinin ½ hissəsi kimi 10500 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 122 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Ödənilmiş vəkil xərci kimi 115 manat pulun cavabdehdən alınmasını sübutlar təqdim edilmədiyi üçün məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10500 (on min beş yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 122 (bir yüz iyirmi iki) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-418/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-418/2023
02.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver