Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-425/2023 20.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən Bakı şəhərində aldığı mənzilə görə verdiyi 25000 manat, Tovuz rayonunda aldığı mənzilə görə verdiyi 40000 manat, evindən apardığı 175 qram qızıla görə 12250 manat, evindən apardığı televizora görə 1500 manat, dövlət rüsumu hesabına ödədiyi 305 manat və vəkil xərci kimi ödədiyi 100 manat olmaqla ümumilikdə 79155 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bacısı Cavabdeh ilə əvvəllər münasibələri çox yaxşı olmuşdur, Azərbaycanda yaşamadığı üçün ona ən etibarlı doğması məhz bacısı Cavabdeh olmuşdur. Onun bütün xərclərini qarşılamışdır. Bu səbəbdən də, pul qazandıqca Azərbaycanda mənzil və obyekt almaq istəyərkən, düşünmədən bacısı Cavabdeh adına əmlak almaq qərarına gəlmişdir. Ona bu fikri barədə bildirəndə o məmnuniyətlə razılaşmış və 2012-ci ildən bu yana ona əmlak alması üçün Rusiya Federasiyasından bank vasitəsi ilə pullar göndərmişdir. Bundan əlavə, Azərbaycana gələndə də nəğd şəkildə pul gətirmiş, əmlakı birlikdə gedib tapıb alaraq bacısının adına rəsmiləşdirmişdir ki, Azərbaycana gəldikdən sonra onun adına keçirsin. Bundan əlavə, Rusiyaya tez qayıtmalı olduğu üçün daşınmaz əmlakda qeydiyyatla bağlı qalmaq imkanı olmamışdır. Artıq Azərbaycana gəlmək istədiyini bildirəndə isə, görmüşdür ki, bacısı söhbətdən yayınır. Avtomaşını əlindən almış, anasının evinə qoymuşlar və hazırda onlardadır. Odur ki, həmin əmlakların pulunu cavabdeh ona qaytarmalıdır və ya əmlakın özünü mənə qaytarmalıdır. Hazırda tələbi pul tələbidir. Ayrıca təminat tədbiri barədə həmin əmlakın üzərinə həbs qoyulması ilə əlaqədar ərizə də vermişdir. Verdiyi pullar alınan əmlaklar ayrı-ayrı vaxtlarda baş tutmuşdur. Beləliklə, Cavabdeh Gəncə şəhərində aldığı mənzilə görə 45000 ABŞ dolları, avtomaşına görə ödənilən 14000 ABŞ dolları, Tovuz rayonu Quşçu kəndində yerləşən qeyri-yaşayış binasının alınması üçün 61000 ABŞ dolları, həmin obyektin tikintisi və təmir bərpa işlərinə çəkilən xərc kimi 80000 ABŞ dolları, obyektin icarəsi ilə əlaqədar əldən çıxmış faydaya görə 42000 manat, dövlət rüsumu hesabına ödədiyi 670 pulun və vəkil xərci kimi ödədiyi 300 manat pulun, cəmi 200000 ABŞ dollarının və 42970 manatın alınaraq ona ödənilməsinə dair Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə də iddiasını təmin edərək, qətnamə qəbul etmişdir. Lakin bacısı Cavabdeh tələb etdiyi haqqı olan pulları qaytarmaq əvəzinə, Gəncə Apellyasiya Məhkəməsinə şikayət edərək, guya sözügedən əmlakları ona pay verdiyini iddia etmişdir, Hazırda iş icraatdadır, əslində isə bir qardaş kimi, bacısına hər cür köməkdarlıq etmiş, lakin qeyd etdiyi əmlakları vətənə qayıdarkən öz adına çevirmək şərtilə almışdır. Hazırda tələbi Bakıda və Tovuzda olmaqla, iki mənzil, ümumi çəkisi 175 qram, dəyəri 12 250 manat olan ona məxsus qızıl və dəyəri 1500 manat olan televizor və ya onların dəyərində pulun ona ödənilməsidir. 2012-ci il tarixində anası Rusiyaya gəlmişdir. Anası ilə bir yerdə Azərbaycana qayıdanda ona 1500 manatlıq LG markalı iri plazma televizoru hədiyyə almışdır. Sonralar bacısı İlahə həmin televizoru götürüb mənimsəmişdir. 2015-2019-cu illərdə Rusiyada olarkən müxtəlif vaxtlarda ona həm Rusiyadan gələn tanışlarıyla, həm də özü gəldikdə nağd şəkildə pul göndərmişdir ki, Bakıda bir yaşayış evi alsın. O da paytaxtın "Beynəlxalq Avtovağzal” ərazisi yaxınlığında dəyəri 25000 manat olan bir ev almışdır. 2019-cu ildə balaca oğlu Seymurun yanında 40000 manat pulu bacısı Cavabdeh verərək, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yaşayış evi almasını xahiş etmiş, o da almışdır. Hətta çox vaxt ona pul verəndə bacısı ona bildirmişdir ki “anam bilməsin”. Belə deyəndə də onun niyyətini anlamamışdır. Doğma bacısıdır, ağlına da gəlməzdi ki, bacısı onun başına belə oyun açacaq. Bundan əlavə, mənə məxsus çəkisi 125 qram olan qızıl boyunbağı və 50 qramdan çox çəkisi olan qolbağı - ümumilikdə, 175 qram, ümumi dəyəri 12.250 manat olan qızılı cavabdehdədir. Alıb evə anasıgilə qoymuşdur ki, Azərbaycana təməlli qayıdanda götürər. Lakin bacısı onu da evdən aparıb, geri qaytarmır. Hazırda həmin pulları geri tələb edir. Ona görə ki, bu tələb etdiyi məbləğ 25000 manat Bakı şəhərində İlahə tərəfindən alınan mənzilin dəyəri, 40000 manat Tovuz rayonu ərazisində alınan mənzilin dəyəri, 12250 manat qızıl əşyasının dəyəri və 1500 manat isə televizorun dəyəridir. Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən qeyri-yaşayış obyektini və Gəncə şəhərində yerəşən iki otaqlı mənzili bacısının adına almaqda məqsədi Azərbaycana qayıtdıqdan sonra bacısının onun adına həmin əmlakları qaytarması idi. Hazırki tələbləri onun müqabilində ona bu pulları verməsidir ki, bacısının evi olsun, təminatı olsun. Bu günkü gün isə o, üzərinə götürdüyü öhdəliyi icra etmir və həmin özünəməxsus əmlakları onun adına rəsmiləşdirilməsindən imtina edir. Ona görə də bu tələbi edir. Özünəməxsus əmlakların qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Həmin müraciəti hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında baxılır. Qeyd olunanlara əsasən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı onun qardaşıdır. Onların bundan əvvəl də məhkəmədə mübahisələri olmuşdur. Hazırda həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə razı deyildir və aidiyyəti üzrə Azərbaycan Respublikasına həmin qətnamədən kasssasiya şikayəti verəcəkdir. Hazırki tələbi əsassız hesab edir. Çünki iddia ərizəsində göstərilənlərin hamısı yalandır və həqiqəti əks etdirmir. İlk növbədə onu qeyd edir ki, əgər iddiaçı 2012-ci ildə anası ilə LG markalı televizor göndərmişdirsə, bu barədə sərhəddən keçən zaman hər hansı rəsmiləşmə olmalı idi ki, bunu da sübut kimi məhkəməyə təqdim etməli idi. Lakin belə bir sənəd yoxdur. Çünki ümumiyyətlə həmin markalı televizor göndərilməmişdir. Tələbin 2019-cu ildə oğlu Seymurun yanında ona Tovuz rayonunda fərdi yaşayış evi alması üçün 40000 manat verilməsi hissəsi ilə bağlı göstərir ki, həmin il pandemiya olduğu üçün ölkə ərazisinə giriş-çıxış olmayıb. Bu zaman iddiaçının ölkə ərazisində olması mümkünsüzdür. Bu barədə müvafiq orqanlara sorğu verilsə dedikləri təsdiqin tapar. Bu isə iddiaçının yalan danışmasına bariz nümunədir. Tələbin Bakı şəhərində 25000 manat dəyərində mənzil alması ilə qeyd edir ki, iddiaçı pulun hansı tarixlərdə, kimlərin vasitəsi ilə göndərilməsini iddia ərizəsində göstərmiyib. Çünki iddiaçı ona şər atır, bu halda yalandan kimlərinsə adını yaza bilməzdi. Ona görə də ümumi olaraq müxtəlif adamlarla pul göndərməsini qeyd etmişdir. Tələbin 175 qram çəkidə olan qızıl əşyalarının onun tərəfindən aparılması ilə bağlı qeyd edir ki, həmin qızılı nə görmüş, nə də istifadə etmişdir. Qızıl olsa belə anasında olmuşdur. Həmin qızılı iddiaçı heç vaxt ona verməmişdir. Bütün göstərdiklərinə əsasən hesab edir ki, iddia tələbi başdanayağa uydurmadır. İddiaçının məqsədi onu çətin vəziyyətə salmaqdır ki, əvvəlki məhkəmə mübahisəsi üzrə onunla razılaşsın. Bu isə mümkün olmayan haldır. Bundan başqa evdən çıxan günə kimi anası ilə birgə yaşamış, birgə təsərrüfat- mal-qara saxlamış və xeyli gəlir əldə etmişlər. Həmçinin onun özünün keçmiş əri ilə aralarında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi üzrə məhkəmə qətnaməsi əsasında pul əldə etmişdir ki, həmin pulu da özünə əmlak alınmasına istifadə etmişdir. Dindirilmiş şahidlərin ifadələri ilə bağlı göstərir ki, anası qoca yaşlı adamdır, ümumiyyətlə nə danışdığını anlamır. Əgər indi oğlunu tərifləyirsə, qısa müddət sonra onun xeyrinə danışacaqdır. Digər şahidin isə onunla münasibəti pisdir və qərəzli olaraq iddiaçının xeyrinə danışacaqdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun oğlu, cavabdeh isə qızıdır. Qızı evdən çıxan bir günə kimi onunla birgə qalmışdır. Bütün əmlaklar oğlu tərəfindən qızına alınmışdır. Qızı ilə yaşadığı müddət ərzində təsərrüfatı birgə idarə etmiş, mal-qara saxlamışlar. Həmçinin qızının da keçmiş ərindən birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi ilə məhkəmə qətnaməsi əsasında əldə etdiyi pul da onun tərəfindən saxlanmışdır. Hazırda qızı ilə münasibətləri normal deyildir. Oğlu haqlı olaraq ondan əmlaklarını tələb edir. Çünki hamısı oğluna məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır və onlarla yaxın qonşuluq münasibətləri olmuşdur. Tələb olunan qızıl əşyasını cavabdehin üzərində görmüşdür. Həmçinin iddiaçı bacısı olan cavabdehə həm Bakı, həm Gəncə, həmdə Tovuz rayonundə evlər almışdır. Bütün əmlakların pulunu iddiaçı vermişdir. Televizoru da onların evində görmüşdür. İddiaçı həmin televizoru anasına hədiyyə etmişdir. Cavabdeh evdən çıxan zaman həmin televizoru və qızılları aparmışdır. Tarixi dəqiq xatırlamır. Habelə, iddiaçının nə qədər əmlak alması üçün pul verməsindən xəbəri yoxdur. Ümumi olaraq eşitmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 310 saylı qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ödəniş anında ödəniş yerinin manata məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, 47.510 (qırx yeddi min beş yüz on) ABŞ dolları, 144.030 (yüz qırx dörd min otuz) manat, ödənilmiş 670 (altı yüz yetmiş) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi qismən, yəni əldən çıxmış faydaya görə 12000 manat faiz məbləğinin Cavabdeh alınaraq İddiaçı verilməsinin təmin edildiyi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri tələbin iki hissəsi - yəni evlərə görə verilmiş pullar üzrə hədiyyə olaraq alınmış əmlaklara görə verilmiş pul məbləğlərinin qaytarılmaması, habelə tələbin digər iki hissəsi - yəni aparılmış televizorun və qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi üzrə isə əmlak xarakterli olmaqla iddiaçıya məxsus əşyaların qaytarılmaması üzrə yaranmış mübahisədir. Yaranmış mübahisə Mülki Məcəllənin aşağıdakı hüquq normaları tətbiqi ilə öz həllini tapmalıdır. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İddia tələbindən görünür ki, iddiaçının tələbi dörd hissədən ibarətdir: Bakı şəhərində aldığı mənzilə görə verdiyi 25000 manat pulun qaytarılması; Tovuz rayonunda aldığı fərdi yaşayış evinə görə verdiyi 40000 manat pulun qaytarılması; Evindən apardığı 175 qram qızıla görə 12250 manat qaytarılması; Evindən apardığı LG markalı televizora görə 1500 manat pulun qaytarılması; Məhkəmə birinci növbədə tələbin Bakı şəhərində və Tovuz rayonunda alınmış mənzilə və fərdi yaşayış evinə görə ödənilmiş pul məbləğlərinin qaytarılmasına hüquqi qiymət verilməsini zəruri hesab edir. İddia tələbi həmin pul vəsaitlərinin qaytarılması üzrə təhlil edildikdə görünür ki, iddiaçı həmin pulları cavabdeh aralarında olan əvvəlki məhkəmə mübahisəsi üzrə predmet olan əmlakları onun adına keçirməkdən imtina etdiyi üçün tələb edir. Əslində isə bu əmlakları iddiaçı bacısının təminatının və evinin olması üçün ona almışdır. Məhz bu əsasa görə də ona tələb etdiyi məbləğlərini vermişdir. Mülki Məcəllənin 135.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Bağışlama müqaviləsindən bəhs edən Mülki Məcəllənin 666.1-ci maddəsində göstərilmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsində təsbit edilmişdir ki, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə görə daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Mülki Məcəllənin 673.1-ci maddəsinə görə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə (MM 673.1.1); Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda (MM 673.1.2); O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə (MM 673.1.3). İddia tələbinin televizor və qızıl əşyalarının dəyərlərinin qaytarılması hissəsinin hüquqi dəyərləndirməsi üzrə məhkəmə göstərir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Tələbin həmin hissəsinin mərkəz hüquqi norması Mülki Məcəllənin 157.2-ci maddəsidir, həmin normada təsbit edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddia tələblərinin hüquqi əsasları müəyyən edilmişdir. Hansı ki, bunlar yuxarıda göstərilən maddi hüquq normalarıdır. Həqiqətən də iddiaçı tərəfindən iddianın əsası kimi istinad ediləcək faktik hallar sübuta yetiriləcəyi halda yuxarıda sadalanan maddi hüquq normaları üzrə hüquqi təhlil aparılmaqla iddia tələblərinin uğurluluğundan söhbət gedə bilər. Məhkəmə işin bu anında diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. “Həqiqət” anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, Bakı şəhərində alınmış mənzilə görə 25000 manat pulun, Tovuz rayonunda alınmış fərdi yaşayış evinə görə 40000 manat pulun hansı şəraitdə, nə vaxt, şəxsən və ya başqa şəxsin vasitəsi ilə verilməsi sübuta yetirilməmişdir. İddiaçı 25000 manat pula münasibətdə ümumi olaraq qeyd etmişdir ki, cavabdehə müxtəlif vaxtlarda özü şəxsən və ya Rusiyadan gələn şəxslərlə hissə-hissə pul göndərmişdir. Lakin bu məbləğlərin hansı miqdarda olması, kimlər vasitəsi ilə, habelə dəqiq olaraq hansı tarixlərdə verilməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Tələb olunan pulun 40000 manatını isə oğlunun yanında şəxsən verməsini qeyd etmişdir ki, bu da cavabdeh tərəfindən inkar edilmiş və mötəbər sübutla təsdiqin tapmamışdır. Eyni zamanda iddiaçı alınmış evlərin həqiqətən də dəyərlərinin nə qədər olmasını belə sübuta yetirə bilməmişdir. Tələb olunan qızıl-zinət əşyasının dəyəri kimi 12500 manat pul ilə bağlı məhkəmə qeyd edir ki, qızıl-zinət əşyasının real çəkisinin nə qədər olması, həmçinin dəyərinin göstərilən həddə olması müvafiq sənədlərlə təsdiqin tapmır. Ümumiyyətlə cavabdeh tərəfindən qızıl əşyasının aparılması sübuta yetirilmir. Cavabdeh isə qəti şəkildə inkar edir. Tələb olunan LG markalı televizorun da cavabdeh tərəfindən aparılması sübuta yetirilməmişdir. Bununla belə məhkəmə onu da qeyd edir ki, həmin televizorun pulunu iddiaçının tələb etmək hüququ belə yoxdur. Çünki iddia ərizəsində iddiaçı özü göstərmişdir ki, televizor onun tərəfindən anasına hədiyyə edilmişdir. Bu isə artıq televizorun özünün və ya dəyərinin tələb edilməsi hüququnun iddiaçının anasına məxsus olması deməkdir. İddiaçının təqdim etdiyi şahidlərin ifadələri ilə bağlı məhkəmə diqqətə çatdırır ki, şahidlərin ifadələri sübut kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, şahidlərin hər ikisi hadisəni ümumi olaraq qeyd etmiş, sanki iddia tələbini oxumaqla ona uyğun ifadə verməyə çalışmışlar. Bir növ onların məqsədi həqiqətin aşkar edilməsi deyil də, iddia tələbinin iddiaçının xeyrinə həll edilməsinə yönəlmişdir. Bundan başqa mübahisə ilə bağlı hər hansı bir məqamı müfəssəl şəkildə təsvir edə bilməmişlər. Onlar pul məbləğlərinin verilməsinin şahidi olmamış, cavabdeh tərəfindən mübahisəli əmlakların aparılmasını görməmişlər. Cavabdehin hansı tarixdə belə evdən çıxmasını dəqiq xatırlamamışlar. Bir sözlə şahidlər ümumi sözlərlə tərəflər arasında yaranmış mübahisəni ifadə etmişlər. Odur ki, şahid ifadələri mötəbər sübut hesab oluna bilməz. Nəzərə almaq lazımdır ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-425/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-425/2023
20.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver