Məhkəmə qərarları › İş №2(062)-438/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-438/2025

13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-438/2025 13.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məmmədov Samir Zöhrab oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin üsul və vasitəsinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi Ərizəçi İddiaçı Cavabdeh qarşı alimentin üsul və vasitəsinin dəyişdirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından anadan olmuş xx.xx.2024-ci il təvəlüdlü Yağmur Məmmədova adlı uşağının saxlanması üçün tutulmuş sabit məbləğdə, yəni 180 manat alimentin üsul və vasitəsinin dəyişdirilərək cavabdehin əmək haqqından və bütün gəlirlərindən hər ay 4/1 hissəsinin tutularaq ona verilməsi, 3 yaşınadək əlavə olaraq tutulmuş 20 manat müalicə xərcinin də artırılaraq hər ay 100 manat müəyyən edilməsi və eyni zamanda 55 manat mediasiya xərcinin, 300 manat vəkil xərcinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia belə əsaslandırılmışdır ki, Cavabdeh ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)2720/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bir uşağı xx.xx.2024-cü il təvəlüdlü Yağmur Məmmədovanın saxlanılması üçün cavabdehdən sabit məbləğdə 180 manat aliment tutulması qət edilmişdir. Cavabdeh Tovuzda yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu vəzifəsində işləyir, 1500 manatdan artıq əməkhaqqı alır, sanitar avtomaşın sürücüsüdür. Tələbi tutulmuş alimentin üsul və vasitəsinin dəyişdirilərək ailə qanunvericiliyinin tələbinə görə qazancının əməkhaqqının 4/1 hissəsindən tutulmasıdır. Hər ay uşağın müalicəsinə kifayət qədər vəsait sərf olunur, özü işləmir, maddi imkanı çox zəifdir, valideyinlərinin köməyi ilə yaşayır. Tərəflərin izahatı İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Məhkəmənin mövqeyi İddianın mahiyyəti artıq qüvvədə olan və icra edilən qətnamənin icra üsul və qaydasının dəyişdirilməsi xarakteri daşıyır və bu məsələ iddia icraatı qaydasında, yəni bu barədə yeni iddianın qaldırılması ilə deyil, icra icraatı qaydasında, yəni Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Məhkəmənin gəldiyi nəticə Qeyd edilən prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin üsul və vasitəsinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra üsul və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin üsul və vasitəsinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra üsul və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar