Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-439/2023 14.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı Məhər oğlunun iştirakı ilə, İddiaçı Məhər oğlunun Cavabdeh qarşı «suyun axıdılmasının qarşısının alınması və başqa istiqamətə dəyişdirilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Məhər oğlunun Cavabdeh qarşı «suyun axıdılmasının qarşısının alınması və başqa istiqamətə dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehin onun evinə və həyətindəki tikililərə yönəldilmiş yağış suyunun kəsilməsi və ya başqa istiqamətə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində Tovuz rayonu Ağbaşlar kəndində ümumi sahəsi 83,50 kv metr olan fərdi yaşayış evi vardır. Yaşayış evi 3 otaq aynəbənd və zirzəmidən ibarət olmaqla digər köməkçi sahələrdən ibarətdir. Cavabdeh onunla qonşudur. Onun özünün fərdi yaşayış evi və köməkçi hissələri vardır. Əvvəllər Cavabdeh ilə aralarında narazılıq olmasa da son vaxtlar cavabdehin ona və əmlakına qarşı qərəzli münasibətindən aralarında narazılıq yaranmışdır və mübahisə davam etməkdədir. Aralarında narazılığın yaranmasına səbəb cavabdehin öz evinin və evinə bitişik olan təsərrüfat tikililərinin üzərinə düşən yağış suyu ötürücü xətlərini cəmləyərək bir istiqamətə yönəltməsi, həmin nov vasitəsi ilə axıdılan suyun birbaşa dəmir boru vasitəsi ilə onun evinə, habelə həyətindəki tikililərə istiqamətlənməklə əmlakını məhv etməyə və ziyan vurmağa yönələn hərəkətlər etməsidir. Bununla əlaqədar polis şöbəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı Məhər oğlu iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu Ağbaşlar kəndində yerləşən ümumi sahəsi 83.50 kv.m. olan fərdi yaşayış evi tam, həmin evin yerləşdiyi 0.2846 ha torpaq sahəsi isə ümum birgə mülkiyyət hüququ əsasında İddiaçı Məhər oğluna adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/5207 saylı rəydən görünür ki, cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən yağış sularının axıdılması üçün boruların iddiaçıya məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı Məhər oğlunun adına dövlət qeydiyyatına alınmış Tovuz rayonu Ağbaşlar kəndində 0,2846 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 83,5 kv.m. olan fərdi yaşayış evi istiqamətinə quraşdırıldığı nəzərə alınaraq, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin (hasarların tikintisinə dair tələblər) 73.4-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətdə olan torpaq sahəsinə edilən qanunsuz müdaxilənin qarşısının alınması üzrə yaranmış mübahisədir və Azərbaycan Respublikası qanunvericiliyinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin mərkəz hüquq norması Mülki Məcəllənin 157.4-cü maddəsidir. Həmin normada təsbit edilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, Tovuz rayonu Ağbaşlar kəndində yerləşən ümumi sahəsi 83.50 kv.m. olan fərdi yaşayış evi tam, həmin evin yerləşdiyi 0.2846 ha torpaq sahəsi isə ümum birgə mülkiyyət hüququ əsasında İddiaçı Məhər oğlunun xüsusi mülkiyyətindədir. Cavabdeh məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qonşu torpaq sahələridir. Hazırda cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən yağış sularının axıdılması üçün borular iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi istiqamətində quraşdırılmışdır. İşin qeyd olunan halı ekspert rəyi ilə təsdiqin tapır. Mülki Məcəllənin 170.1 və 170.2-ci maddələrində qeyd olunmuşdur ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Şəhərsalma və Tikinti Məcəlləsinin 73.4-cü maddəsində qeyd olunmuşdur ki, qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə hesab edir ki, mövcud durumda cavabdehin etdiyi qanunsuz hərəkətlər qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçının hüquqlarını pozur və onun mülkiyyətinə edilən qəsddir. Ona görə də cavabdehin bu qanunsuz hərəkətlərinin qarşısı alınmalıdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən yağış sularının axıdılması üçün istifadə edilən borular İddiaçı Məhər oğluna məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun adına dövlət qeydiyyatına alınmış Tovuz rayonu Ağbaşlar kəndində 0,2846 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 83,5 kv.m. olan fərdi yaşayış evi istiqamətindən başqa istiqamətə yönəldilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul vəsaiti Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən yağış sularının axıdılması üçün istifadə edilən borular cavabdehin hesabına İddiaçı Məhər oğluna məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun adına dövlət qeydiyyatına alınmış Tovuz rayonu Ağbaşlar kəndində 0,2846 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 83,5 kv.m. olan fərdi yaşayış evi istiqamətindən başqa istiqamətə yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı Məhər oğluna aid edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-439/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-439/2023
14.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver