Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-451/2023 11.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 na qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 na qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 71 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2019-cu ildə Tovuz şəhərində tanış olmuşdur. Həmin vaxt cavabdeh vəkilliklə məşğul olurmuş. Aralarında olan razılaşmaya əsasən cavabdeh ondan xidmət haqqı olaraq ayrı-ayrı vaxtlarda ümumi 5000 manat pul almışdır. Sonradan bilmişdir ki, cavabdeh vəkil deyildir. Dəfələrlə cavabdehdən pulunu istəmişdir. Lakin cavabdeh onun pulunu qaytarmamışdır. Cavabdehdən polisə şikayət edən zaman cavabdeh ona 2500 manat qaytarmaq istəmişdir. Halbuki, cavabdehin ona olan borcu 5000 manatdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə cavabdehə nə qədər pul verdiyi təsdiq olunur. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdehə tələb etdiyi pul vəsaitlərini müxtəlif vaxtlarda onun və bacısı oğlunun məhkəmə, habelə icra işlərinin həll edilməsi üçün vermişdir. Məbləğlər hissə-hissə olaraq verilmiş, öz işləri üçün 2500 manat, bacısı oğlunun aliment məsələsi üçün isə 1840 manat pul vermişdir. Geri qalan vəsaitlər isə cavabdehə verdiyi qonaqlıqların, habelə onunla görüşmək üçün çəkdiyi nəqliyyat xərcləridir. Cavabdehdən polisə şikayət edən zaman cavabdeh ona 2500 manat təklif edərək şikayətini geri götürməsini xahiş etsə də, həmin pulu almamış və pulunu tam tələb etmişdir. Çünki cavabdehə verdiyi ümumi məbləğ 5000 manatdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbi ilə bağlı göstərdi ki, həqiqətən də iddiaçı ilə iş əsasında tanış olmuş və onunla hüquqi xidmətlərin göstərilməsi üzrə şifahi olaraq razılaşmışlar. Lakin iddiaçının hazırda ondan tələb etdiyi məbləğ həqiqəti əks etdirmir. Belə ki, iddiaçıdan müxtəlif vaxtlarda ona hüquqi xidmətlərin göstərilməsi üçün ümumilikdə 2400 manat məbləğdə pul almışdır. Lakin aldığı pulun müqabilində iddiaçıya lazımi səviyyətə hüquqi yardım göstərməmişdir. Ona görə həmin məbləği isə qısa zamanda iddiaçıya qaytaracaqdır. İddiaçının ondan 5000 manat tələb etməsi, aralarında yaranmış mübahisəyə görə qisas almaqdan ibarətdir. Pul vəsaitlərini iddiaçı ona şəxsən vermişdir. İddiaçı ondan hazırki iddianı verməzdən əvvəl polisə şikayət etmiş və ödədiyi pullar kimi 4340 manat, habelə təzminat pulu kimi 10000 manat tələb etmişdir. Həmin vaxt iddiaçıya təklif etmişdir ki, ona 2500 manat versin və o, şikayətini geri götürsün. Lakin iddiaçı onunla razılaşmamış və ondan verdiklərindən də artıq pul alacağını bildirmişdir. Polisdə araşdırma zamanı iddiaçıya 2500 manat pul təklif etməsi, onun şikayətini geri götürməsi üçün olmuşdur. Halbuki, iddiaçıdan qeyd etdiyi kimi hüquqi xidmətlərin göstərilməsi üzrə cəmi 2400 manat pul almışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə X4 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Elektron notariat avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən Tovuz rayon İcra və Probasiya şöbəsində onu təmsil etmək üçün X3 etibarlılıq müddəti xx.xx.2021-ci ilə kimi olan etibarnamə verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsi üzrə yaranmış hüquq münasibətləridir və Mülki Məcəllənin aşağıdakı hüquq normaları tətbiqi ilə öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (Mülki Məcəllənin 778.1-ci maddəsi). Mülki Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında tapşırıq münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh Ramin İmamverdiyev İddiaçı müxtəlif vaxtlarda və ayrıayrılıqda ona hüquqi xidmətlərin göstərilməsi üçün ümumilikdə 2400 manat məbləğdə pul almışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya aralarında mövcud olmuş tapşırıq müqaviləsinin şərtlərinə əsasən keyfiyyətli hüquqi yardım göstərilməmişdir. Bunu cavabdehin özü də etiraf etmişdir ki, həqiqətən iddiaçıya keyfiyyətli hüquqi yardım etməmişdir. Ona görə də həmin pul vəsaitini iddiaçıya qaytarmağa hazır olduğunu bildirmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə hüquqi xidmətlərin göstərilməsi üçün cəmi 5000 manat pul verilməsi öz təsdiqin tapmır. İlk növbədə məhkəmə göstərir ki, iddiaçı polisə şikayət edən zaman cavabdehin ondan özünün işləri üçün 2500 və bacısı oğlunun işlərinin üçün isə 1840 manat olmaqla cəmi 4340 manat almasını bildirmişdir. İddia ərizəsində isə cavabdehin ondan 5000 manat almasını bildirmişdir. Bunu isə onunla izah etmişdir ki, geri qalan məbləğ cavabdehə verdiyi qonaqlıqların və nəqliyyatın xərcləridir. Bir sözlə polisə edilən şikayət ərizəsi ilə iddia ərizəsi ziddiyyətlidir. Digər tərəfdən iddiaçı cavabdehə verdiyi pul məbləğləri ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən 5000 manat pulun cavabdehə hüquqi xidmətlər göstərilməsi üçün verilməsi sübuta yetirilə bilmədiyindən, cavabdeh tərəfindən isə özünün etirafına uyğun olaraq iddiaçıdan hüquqi xidmətlərin göstərilməsi üçün 2400 manat pulun alınması məhkəmə iclasında təsdiqin tapdığından, iddiaçı tərəfindən cavabdehə hüquqi xidmətlər göstərilməsi üçün 2400 manat pulun verilməsi, habelə həmin pulun müqabilində cavabdeh tərəfindən iddiaçıya lazımi (iddiaçının istəyinə uyğun olaraq), həmçini keyfiyyətli hüquqi yardımın göstərilməməsi nəticəsinə gəlinməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X4 ndan 2400 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 71 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 2400 (iki min dörd yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 71 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 44 (qırx dörd manat) manatının əvəzi cavabdeh X1 alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-451/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-451/2023
11.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver