Məhkəmə qərarları › İş №2(062)-491/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-491/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-491/2023 08.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 Zaman oğluna və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 Zaman oğluna və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Zaman oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 202100001ET-008628-2 saylı İstelak Kredit Müqaviləsinə əsasən 3402.12 manat məbləğində qalıq, ona hesablanmış 926,49 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 269,50 manat məbləğində dəbbə pulu, cəmi 4598,11 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 75,06 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Həsənov Mirəli Cahangir oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 202100001ET-008628-2 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 5500 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli MAPS arayışından güründüyü kimi borcalan Həsənov Mirəli Cahangir oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 Zaman oğlu arasında xx.xx.2021-ci il tarixli, 2021/00001ET-Z008628-2/1 nömrəli zaminlik müqaviləsi və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 2021/00001ET-Z008628-2/2 nömrəli zaminlik müqaviləsi bağalanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən də İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılması barədə qaimələrdən də göründüyü kimi cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi üçün dəfələrlə şifahi və yazılı xəbardarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. xx.xx.2022-ci il tarixinə kreditin əsas borcu üzrə 3402.12 manat məbləğində qalıq, ona hesablanmış 926,49 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 269,50 manat məbləğində dəbbə pulu, cəmi 4598,11 manat məbləğində borc yaranmışdır. İddiaçının nümayəndəsi Rəşad Bağırov məhkəməyə ərizə göndərərək, onların iştirakları olmadan işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Zaman oğluna və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, olar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 2021/00001ET- Z008628-2/1 nömrəli kredit müqavilədən görünür ki, Həsənov Mirəli Cahangir oğluna İddiaçı BOKT ASC -dən 30 ay müddətinə illik 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 5500 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 2021/00001ET-Z008628-2/1 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 202100001ET-008628-2 kredit müqaviləsinin təminatı olaraq zamin Cavabdeh1 Zaman oğlu bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 2021/00001ET-Z008628-2/2 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 202100001ET-008628-2 nömrəli kredit müqaviləsinin təminatı olaraq zamin Cavabdeh2 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 3402.12 manat məbləğində qalıq, ona hesablanmış 926,49 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 269,50 manat məbləğində dəbbə pulu, cəmi 4598,11 manat borcu mövcud olması qeyd edilmişdir. Həsənov Mirəli Cahangir oğlu kredit müqavilələrin şərtlərinə əsasən müvafiq qaydada ödəniş etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdehlər İddiaçı BOKT ASC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən kredit götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müvafiq olaraq 3402,12 manat məbləğində qalıq, 926.49 manat məbləğində ona hesablanmış faiz borcu yaranmış, iddiaçı tərəfindən həmin məbləğlərə müvafiq olaraq 269,50 manat dəbbə pulu hesablanmışdır. Xəbərdarlıqdan görünür ki, İddiaçı BOKT ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 75,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3402,12 manat məbləğində qalıq, ona hesablanmış 926,49 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 20 manat məbləğində dəbbə pulu, cəmi 4348,61 manat borc, 63 manat 49 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 Zaman oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı BOKT ASC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müvafiq olaraq 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq 20 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3402,12 manat məbləğində qalıq, ona hesablanmış 926,49 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 20 manat məbləğində dəbbə pulu, cəmi 4348,61 manat borc və 63 manat 49 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 Zaman oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar