Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-564/2023 29.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçının Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 200 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacanağıdır. Onunla qohumluq münasibətləri normal olmuşdur. Cavabdeh onun inək satdığını və evdə pulunun olduğunu bildiyi üçün evə gedərək onun arvadına guya onunla razılaşdığını bildirərək evdə olan 200 ABŞ dolları pulu götürmüşdür. Sonradan bu hadisədən xəbəri olmuş və cavabdehə iradını bildirmişdir. Cavabdeh isə pulu qaytarcağına söz vermişdir. Lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, pulun verilən tarixi dəqiq yadında qalmamışdır. Təxmini olaraq deyə bilər ki, 2017-ci ya da 2018-ci illər olmuşdur. Ayını isə dəqiq xatırlamır. Cavabdeh ona zəng vuraraq borca pul lazım olduğunu bildirmişdir. Həmin vaxt cavabdehin onun inək satdığını və evdə pulunun olduğunu bildiyi üçün borc vermək məcburiyyətində qalmışdır. Özü evdə olmadığı üçün arvadına zəng vuraraq cavabdehı borca 200 ABŞ dolları verməsini bildirmişdir. Arvadı da onun istəyi üzrə cavabdehə həmin pul vəsaitini vermişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmaq istəmir. Hər dəfə müxtəlif bəhanələr gətirir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində də göstərilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-cu maddəsində müqavilənin anlayışı müəyyən edilərək göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddia olunan borc münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsində deyilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Bu baxımdan tərəflərin yuxarıda göstərilən razılaşması şifahi borc müqaviləsidir və tərəflərin hüquq və vəzifələrin yaranması üçün əsasdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 742.1-ci maddəsində deyilir ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia tələbinin dəlillərindən görünür ki, iddiaçı cavabdehin ondan 200 ABŞ dolları məbləğdə borc almasını, lakin cavabdehin verdiyi vədə əməl etməyərək pulu qaytarmamasını iddia edərək cavabdehdən həmin məbləğdə borc tələb edir. Yuxarıda sadalanan maddi hüquq normaları iddia tələbində göstərilənlər iddiaçı tərəfindən sübuta yetiriləcəyi halda iddianın təmin edilməsini şərtləndirir. Məhkəmə işin bu anında diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. “Həqiqət” anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun verilməsi yalnız özünün mülahizələrinə söykənmişdir. Bu zaman isə onun iddia ərizəsində qeyd etdikləri ilə məhkəmə iclasında verdiyi izahatlar ziddiyyət təşkil etmişdir. İddiaçı iddia ərizəsində özünün məlumatı olmadan pulun arvadı tərəfindən cavabdehə verildiyini, hadisədən sonradan xəbər tutdugunu, məhkəmə iclasında isə pul vəsaitinin onun istəyi üzrə arvadı tərəfindən borc verildiyini bildirmişdir. Bundan başqa pulun hansı tarixdə hansı ilin, hansı ayında verilməsini belə dəqiq təsvir edə bilməmişdir. Yalnız pulun ya 2017ci, ya da 2018-ci ildə verilməsini, ayını isə dəqiq xatırlamadığını ifadə etmişdir. Məhkəmə qeyd edir ki, hətta iddiaçının özünün deməsinə görə pulun həmin illərin birində verilməsi nəticəsinə gəlinsə belə, iddiaçının cavabdehin aldığı borcu qaytarmadığı halda hüquqlarının pozulduğunu bilə-bilə uzun müddət səssiz qalması həqiqətən də tərəflər arasında borc münasibətlərinin real olaraq mövcud olmasını şübhə altına almış olur. Məhz bu kimi amillər məhkəməyə iddiaçının borc verməsi barədə izahatına tənqidi yanaşmağa əsas vermişdir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçının Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-564/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-564/2023
29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver