Məhkəmə qərarları › İş №2(062)-567/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-567/2023

02.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-567/2023 02.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «əmlak, qızıl-zinət əşyaları və pul» tələbinə dair dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «əmlak, qızıl-zinət əşyaları və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 ona məxsus olan qızıl-zinət əşyalarının özlərinin, özləri olmadıqda dəyərinin, cehiz əşyalarının özlərinin, özləri olmadıqda isə dəyərinin, borc olmaqla aldıqları 2250 manatın və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, dəyəri 2000 manat olan583 əyarlı 30 qramlıq boyunbağı (mafyoz rus istehsalı), dəyəri 1000 manat olan 10 qramlıq 583 əyarlı qolbağı (mafyoz rus istehsalı), dəyəri 800 manat olan 750 əyarlı brilyant nişan üzüyü, dəyəri 498 manat olan Samsug Galaxy A12 markalı mobil telefon, dəyəri 556 manat olan Xiaomi Redmi 9c markalı mobil telefon, dəyəri 50 manat olan 1 ədəd tefal tava dəsti, dəyəri 3.50 manat olan 1 ədəd sarımsaq qabı, dəyəri 4 manat olan 1 ədəd qayçı, dəyəri 8 manat olan 1 ədəd şirəli fincan, dəyəri 3 manat olan 1 ədəd qulplu qoz qıran, dəyəri 100 manat olan 1 ədəd xurustal gül qabı, dəyəri 4 manat olan 1 ədəd kənarı nikeldən olan ələk, dəyəri 5 manat olan 1 ədəd şüşədən böyük cəm, dəyəri 4 manat olan 1 ədəd orta ölçülü şüşə cəm, dəyəri 12 manat olan 4 ədəd stəkan dəsmalı, dəyəri 100 manat olan 1 ədəd Çexiya istehsalı giləmeyvə qabı, dəyəri 28 manat olan 1 ədəd orta böyüklükdə şirəli ləyən olan əmlakların özləri, özləri olmadıqda dəyəri və borc olmaqla aldıqları 2250 manatın və dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə el adəti qaydasında evlənib ailə qurmuşdur. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından uşaqları anadan olmamışdır. Aralarında olan narazılıqlara görə ayrılmışlar. Cavabdeh1 ilə evləndiyi vaxt ona hədiyyə olaraq bir sıra qızıl-zinət əşyaları alınmışdır və o, gəlin köçərkən valideyinlərinin ona cehiz olaraq verdiyi əşyaları cavabdehlərin yaşadıqları evə yığmışdır. Toylarından bir müddət sonra cavabdehlər ona bildirmişlər ki, toydan sonra borclu qaldıqları üçün ona məxsus olan qızıl-zinət əşyalarını onlara versin və tez bir zamanda qaytaracaqlar. Onlar həmin əşyaları ondan alaraq "xxxx" ASC-yə girov qoymuş və pul götürmüşlər. Bu barədə dəqiq siyahısını işin məhkəmə baxışında əlavə iddia ərizəsində təqdim edəcəkdir. Bundan əlavə toyun səhəri günü Cavabdeh1 toy günü onun əlinə yığılmış pulu ondan tezliklə qaytarmaq şərti ilə almışdır. Həmin pulun məbləği 750 manat təşkil etmişdir. Bir müddət sonra cavabdehlərə yenə də pul lazım olduğundan onun vasitəsilə atası Rasim Quliyevdən 1500 manat məbləğində borc pul almışdır. Lakin nə qızıl-zinət əşyalarını, nə də aldıqları pulları geri qaytarmırlar. İşin mediyasiya mərhələsində cavabdehlər könüllü olaraq cehiz şəyalarının bir hissəsini ona qaytarsalar da digər əşyaları qaytarmamışlar. İddiaçı və onun nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatlarında göstərmişlər ki, Cavabdeh1 Samsung Galaxy A12 markalı mobil telefona 132 manat borcu qalmışdır. Digər telefonun isə borcunu ödəmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, qızılları birgə nikah dövründə banka girov qoymuşdur. Qızıllar hazırda bankdadır. Bankdan götürdüyü krediti qaytara bilmədiyindən o hazırda qızılları götürüb iddiaçıya qaytara bilmir. Samsung Galaxy A12 markalı mobil telefona 132 manat borcu qalmışdır. Həmin borcu ödəməyə razıdır. Digər telefonun isə borcunu ödəmişdir. Toyda iddiaçıya hədiyyə verilmiş 750 manat pulu isə iddiçıya qaytarmağa razıdır. Ona görə də iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 məhkəməyə ərizə verərək göstərmişdir ki, iddiaçının atasından 3000 manat pul alınsa da, onun 1500 manatı qaytarılmışdır. Hazırda oğlunun iddiaçıya 1500 manat borcu vardır. Cehiz əşyaları isə onun evindədir və verilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayvə Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşin faktiki hallarından göründüyü kimi, ərizədə qeyd edilən cehiz əşyaları iddiaçı tərəfindən gəlin köçərkən cavabdehə məxsus evə aparılmışdır. Həmin əşyalar hazırda cavabdehlərin evindədir. Belə ki, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və s.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Mülki Məcəllənin 157.4-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, dəyəri 50 manat olan 1 ədəd tefal tava dəsti, dəyəri 3.50 manat olan 1 ədəd sarımsaq qabı, dəyəri 4 manat olan 1 ədəd qayçı, dəyəri 8 manat olan 1 ədəd şirəli fincan, dəyəri 3 manat olan 1 ədəd qulplu qoz qıran, dəyəri 100 manat olan 1 ədəd xurustal gül qabı, dəyəri 4 manat olan 1 ədəd kənarı nikeldən olan ələk, dəyəri 5 manat olan 1 ədəd şüşədən böyük cəm, dəyəri 4 manat olan 1 ədəd orta ölçülü şüşə cəm, dəyəri 12 manat olan 4 ədəd stəkan dəsmalı, dəyəri 100 manat olan 1 ədəd Çexiya istehsalı giləmeyvə qabı, dəyəri 28 manat olan 1 ədəd orta böyüklükdə şirəli ləyən olan əmlaklar, həmin əmlaklar naturada mövcud olmadıqda isə onların dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dəyəri 498 manat olan Samsung Galaxy A12 markalı mobil telefon və dəyəri 556 manat olan Xiaomi Redmi 9 c markalı mobil telefonu da tələb etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xiaomi Redmi 9 c markalı mobil telefonla bağlı mübahisə mövcud deyildir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. 132 manat pulla bağlı öhdəliyin icrasını isə Cavabdeh1 öz üzərinə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, 132 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qızıl-zinət əşyalarına dair hissədə də iddianı əsaslı hesab edir. Belə ki, qızılların iddiaçıya hədiyyə edilməsi və onun sahibliyindən çıxaraq Cavabdeh1 verilməsi işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh1 həmin qızılları banka girov qoyduğunu bildirmişdir. Belə olan halda iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını və yaxud onların dəyərini istəməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, dəyəri 2000 manat olan583 əyarlı 30 qramlıq boyunbağı (mafyoz rus istehsalı), dəyəri 1000 manat olan 10 qramlıq 583 əyarlı qolbağı (mafyoz rus istehsalı), dəyəri 800 manat olan 750 əyarlı brilyant nişan üzüyü, həmin qızıl-zinət əşyaları naturada mövcud olmadıqda isə onların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin borc pula dair hissəsini Cavabdeh1 münasibətdə əsaslı hesab edir. Belə ki, işin mübahisəsiz halından görünür ki, iddiaçı atasından 3000 manat pul götürərək əri Razəddinə vermiş, həmin pulun 1500 manatı qaytarılsa da, 1500 manatı qaytarılmamışdır. Bundan başqa da işin hallarından göründüyü kimi 750 manat məbləğində pul da iddiaçıdan qaytarılmaq adı ilə götürülsə də, pul iddiaçıya qaytarılmamışdır. Tərəflər pulun borc şəklində götürüldüyünü iddia etmişlər. Məhkəmə iclasında da tərəflər arasında borc münasibətindən başqa hər hansı digər münasibətin yaranması aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 2250 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 96 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəyəri 50 manat olan 1 ədəd tefal tava dəsti, dəyəri 3.50 manat olan 1 ədəd sarımsaq qabı, dəyəri 4 manat olan 1 ədəd qayçı, dəyəri 8 manat olan 1 ədəd şirəli fincan, dəyəri 3 manat olan 1 ədəd qulplu qoz qıran, dəyəri 100 manat olan 1 ədəd xurustal gül qabı, dəyəri 4 manat olan 1 ədəd kənarı nikeldən olan ələk, dəyəri 5 manat olan 1 ədəd şüşədən böyük cəm, dəyəri 4 manat olan 1 ədəd orta ölçülü şüşə cəm, dəyəri 12 manat olan 4 ədəd stəkan dəsmalı, dəyəri 100 manat olan 1 ədəd Çexiya istehsalı giləmeyvə qabı, dəyəri 28 manat olan 1 ədəd orta böyüklükdə şirəli ləyən olan əmlaklar, həmin əmlaklar naturada mövcud olmadıqda isə onların dəyəri və 96 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Dəyəri 2000 manat olan 583 əyarlı 30 qramlıq boyunbağı (mafyoz rus istehsalı), dəyəri 1000 manat olan 10 qramlıq 583 əyarlı qolbağı (mafyoz rus istehsalı), dəyəri 800 manat olan 750 əyarlı brilyant nişan üzüyü, həmin qızıl-zinət əşyaları naturada mövcud olmadıqda isə onların dəyəri və 2382 manat borc pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar